Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:58

Asaram-kəsərəm başlıqlı bu yazılarınız kimə lazımdır?!


Ramilə Qardaşxanqızı

Ramilə Qardaşxanqızı

-

Bizim kimi, əsas problemləri bir kənara atıb dedi-qodulara vaxt ayıran yazarlar nə bu cəmiyyətə, nə də ədəbiyyata lazımdı...


Ramilə Qardaşxanqızı


BU DA ÖZÜNÜ...


Bilənlər bilir, bilməyənlərə də deyim ki, 1998-ci ildən “balaca-balaca” şeirlər yazmağa başlamışam.

O zamanlar yeniyetmə idim, həm də müharibədən sağ qurtulmuş “müharibə uşağı”. Vətən üçün həlak olan şəhidlər, itkin düşən doğmalar üçün axan göz yaşları təzəcə qurumağa, yaralar qaysaqlanmağa başlayırdı. Ölənlə ölünməz deyib atalar, bizim adımız qaçqın idi və “biz də yaşayırdıq”.

Nəhayət böyüyürdüm, ağlım kəsməyə başlayırdı, əlimə düşən kitablardan maksimum dərəcədə yararlanmağa çalışrdım.

Yaxşı yadımdadır, o zamanlar ilk dəfə, həm də xüsusi bir həvəslə oxuduğum bədi kitab Əlibala Hacızadənin “İtkin gəlin” əsəri idi. İnsan bədii əsərlər oxuyaraq özünü tanımağa başlayır, mən də tanımaq istəyirdim. Vəziyyətin elə də yaxşı olmamasına baxmayaraq mənim arzularım var idi, gələcək xəyallarım. O zamanın imkanları ancaq əlində olanla razılaşmağa yetirdi, hətta mənim bəxtim gətirmişdi. Bəxtim ona görə gətirmişdi ki, mənim babam köçəri həyat sürənlərdən olmuşdu və İmişli rayonunda böyük bir ferması vardı. O ferma da atalarından qaldığı üçün dayımgilə məxsus idi.

Laçın rayonu işğal olanda min-bir müsibətlə o fermaya gəldik və həyatımız başqa qaçqınlardan fərqli olaraq çox yaxşı davam etməyə başladı.

Xülasə, bu yazını yazmaqla məqsədim 1992-ci ilin müharibəsindən bəhs etmək deyil, bunu hamı bilir. Bu gün məqsədim “Ədəbiyyat və ədəbiyyatçılar” müharibəsindən yazmaqdır.

Keçmişimə bir balaca nəzər salaraq demək istədim ki, bu gün çox danışanlar mənim yaşadıqlarımı yaşasaydılar əlbət susardılar və yazılan hər misraya, hər mətnə hörmət edərdilər. İnsan olaraq bir-birinə hörmət etməyi bacarmayanlar heç olmasa qələmlərinindən utansınlar.

Bəlkə çoxları danışır, amma şöhrət xatirinə. Kitabın, elmin və təhsilin nə qədər yüksəkdə dayandığını mənim qədər anlamır. Ya da məni ancaq mənim kimi, əlinə düşən bir kitabı necə acgözlüklə qamarlayan “Müharibə uşaqları” daha yaxşı anlayar.

Yetim, kimsəsiz birinin necə olduğunu bilirsiz, simasındakı yazıqlığı da görmüsüz yəqin. Oxumaq istəyib kitab tapmayan uşağın bir tikə çörəyə həsrət baxan, ac qarınlı yetimdən heç bir fərqi yoxdur.

Bu gün böyümüşəm, şükürlər olsun ki istədiyim qədər oxuyuram, amma qəflət yuxusunda olan naşükürlər, oyanın.

Əlimizdə olanların dəyərini bilməkdənsə başlamışıq bir-birimizin ayağndan çəkməyə, ətini didib qanını içməyə. Yenicə iməkləyən vaxtımızda bu bizə lazımdır?! Neçə illərdir ağrımız, acımız səngimir, üstəlik özümüz də bir yandan incidirik canımızı. Yetər, bəsdirin deyən də yoxdur.

Şəxsən mən hər gün qəzetlərdən, internet səhifələrindən, sayt və portallardan ədəbiyyatla bağlı qalmaqallı məqalələr, köşə yazıları oxuduqca canım sıxılır. Hörmət etdiyim yazarlar da düşür gözümdən, tanımadığım “yazanlar da”.

Azdan-çoxdan yazmaq həvəsim, öyrənmək, dünyaya açılıb ədəbiyyata nəsə bir töhvə vermək niyyətim də içimdəcə boğulub ölür.

Artıq bir neçə aydır ki, nə yeni şeirlərim, nə hekayələrim, nə köşə nə də başqa, ədəbiyyat adına bir sətir də olsun yazım yoxdur. Səbəb sizsiz, ruhum yaxşı heç nə almır sizdən və sizin əhatə etdiyiniz bu mühitdən. Sığındığım yeganə sakitlik ədəbiyyat və ədəbiyyatçılar idı bu da belə...

Həmişə gileylənirik ki, oxuyan, kitab həvəskarı, poeziya düşkünü oxucular yoxdur. Özümüz yazırıq, özümüz də oxuyuruq. Bu sözlər ədəbiyyat aləmində olan böyüklü-kiçikli bütün əli qələm tutanların dilində əzbərdir. Artıq sevinin! Üç-beş oxucu kütləsi var idisə, onları da yox edirsiz!

Cəmiyyətə açılın, insanları öyrənin, daha sonra qələminizlə deşin bir-birinizin gözünü, qaşınızın altında bir cüt gözünüz var idi deyə soruşan belə olmayacaq.

İndi bir-birinizdən asdı-kəsdi, asaram-kəsərəm və sairə kimi başlıqlar altında yazdığınız qalaq-qalaq yazılar kimə lazımdır?! Bir-birimizi oxumağa da üzümüz yoxdur daha. Kim oxuyacaq bizi, kim sayacaq, kim bu bizim ədəbiyyatçımızdı və ya Azərbaycan ədəbiyyatının gələcəyidir deyə bəhs edəcək?!

Heç kim, çünki bizim kimi, əsas problemləri bir kənara atıb dedi-qodulara vaxt ayıran yazarlar nə bu cəmiyyətə, nə də ədəbiyyata lazımdır!

Məni də bu mövzuda yazmağa vadar etdiniz, indi də deyin ki, bu da özünü qələm əhli hesab edir. Onsuz da sözümün çoxu ürəyimdə qaldı, hamınızın sağlığına...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG