Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:51

«Abbas Abbasov Söyün Sadıqovla münasibətlərinə aydınlıq gətirməlidir»


Mətbuat icmalı

Mətbuat icmalı

-

MÜBARİZ QURBANLI: «HARDAN İSTƏYİRLƏR SEÇKİ MÜTƏXƏSSİSİ GƏTİRSİNLƏR»

Milli Şuranın liderlərindən olan Eldar Namazov «Yeni Müsavat» qəzetinə açıqlamasında bildirib ki, təmsil etdiyi qurum Azərbaycana xaricdən məşhur seçki mütəxəssisləri gətirəcək. Onun sözlərinə görə, bu bir beynəlxalq qrupdur: «Həmin qrupa həm ABŞ-dan, həm də Rusiyadan təcrübəli seçki mütəxəssisləri, menecerləri daxildir. Onlar bir yerdə MDB məkanında uğurlu seçki kampaniyaları aparıblar».

Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı isə «Bizim Yol»a açıqlamasında Eldar Namazovun bu açıqlamasına ciddi yanaşmadıqlarını və bundan narahat olmadıqlarını deyib:

«Dünyanın harasından istəyirlərsə, seçki mütəxəssisi gətirə bilərlər. Amma bu, nəticəni dəyişməyəcək. Bizim ölkədə seçkilərin nəticəsini hansısa imicmeyker, siyasi texnoloq müəyyən etmir. Seçkinin nəticəsini xalq özü həll edir».

«HAKİMİYYƏT BAŞA DÜŞÜR Kİ...»

«Azadlıq» qəzeti hüquq müdafiəçisi Leyla Yunusla müsahibə dərc edib. O, ABŞ Konqresinin Helsinki Komissiyasında Azərbaycanla bağlı keçirilən dinləmələrin əhəmiyyətindən danışıb:

«Heç bir şübhə yoxdur ki, 2003 və 2008-ci il seçkilərindəki kimi dövlət başçısının «təyinatına» beynəlxalq aləmdən, xüsusilə ABŞ-dan susqun münasibəti bir daha görməyəcəyik. Əgər mövqe dəyişikliyi baş verməsəydi o zaman heç dinləmələr də keçirilməz, Dövlət Departamentinin rəsmiləri Bakıya gəlməzdilər. Ona görə hakimiyyət təmsilçiləri də ehtiyat namizəd kimi Mehriban Əliyevanın namizədliyini gündəmdə saxlayırlar. Hakimiyyət başa düşür ki, rəsmi Vaşinqtonun mövqeyi 2003 və 2008-dən fərqli olaraq dəyişib. Bu, açıq-aydın görünür. Amma ABŞ-dan Azərbaycan hakimiyyətinə münasibətin nə dərəcədə sərt olacağı vətəndaş cəmiyyətinin mövqeyindən asılıdır... Hakimiyyətin qorxusu məhz bundan irəli gəlir ki, Rüstəm İbrahimbəyov asanlıqla daha çox səs qazanacaq. Ona görə hakimiyyət sadəcə olaraq müxalifətin əsas namizədini qeydə almamağa çalışır».

«ABBAS ABBASOV SÖYÜN SADIQOVLA OLAN MÜNASİBƏTLƏRİNƏ AYDINLIQ GƏTİRMƏLİDİR»

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov isə «Yeni Müsavat»a geniş müsahibə verib:

«Həqiqətən də uzun müddətdir Abbas Abbasov Azərbaycan dövlətinə, dövlətçiliyinə yaxın olduğunu göstərir, ümummilli lideri özünə ata kimi, cənab prezidenti özünə qardaş kimi qəbul edir, onun siyasətinə sədaqətli olduğunu deyir. Azərbaycan hakimiyyətinin nümayəndəsi, diaspor siyasətini həyata keçirən qurumun rəhbəri olaraq bir şey söyləyə bilərəm ki, əgər söylənilən fikirlər realdırsa, həqiqətə uyğundursa, bunu yalnız alqışlamaq lazımdır. Abbas Abbasov Azərbaycan prezidentinin siyasi kursunu müdafiə etməkdə davam etməlidir. Paralel olaraq gördüyü işlərdə də, öz fəaliyyətində də bu sevgisini, sədaqətini göstərməlidir. Amma bir təşkilatın bayrağı altında bir nəfər Azərbaycan dövlətinə, iqtidarına düşmənçilik edir, başqa bir nəfər Azərbaycan iqtidarına, dövlətinə sevgisini bildirirsə, bu, bir az anlaşılmazlıq yaradır...».

«MİLLİ ŞURA» SÜRƏTLƏ PARÇALANMAĞA DOĞRU GEDİR

«Azərbaycan» qəzetində dərc olunmuş yazıda qeyd olunur ki, yarandığı gündən vahid mövqe nümayiş etdirə bilməyən «Milli Şura»da «iplər» getdikcə nazilir:

«İsa Qəmbərin prezidentliyə namizədliyini həzm edə bilməyən R. Quliyev bu dəfə Müsavat başqanını dağıdıcılıqda ittiham edib. R. Quliyev Müsavat başqanının prezidentliyə layiq olmadığını bildirib: «Azərbaycanın gələcəyi uğrunda gedəcək mübarizədə «Milli Şura» adı altında birləşməkdən söhbət gedirsə, burada İsa Qəmbər şəxsiyyətini müzakirə etmək düzgün deyil... Onun prezidentin səlahiyyəti və məsuliyyəti barədə anlayışı 1992-ci ilin may ayının səviyyəsində qalıb. Müsavat Partiyası liderinin dağıdıcı siyasətinə yox deyə bilmirsə, məsuliyyəti onunla birlikdə daşıyır, bu, aksiomdur», - deyə eks-spiker İsa Qəmbərə sataşıb. Ancaq onun ittihamlarına Müsavat Partiyasından cavab gecikməyib: «Rəsul Quliyev uzun illərdir Amerika kimi azad cəmiyyətdə yaşamasına baxmayaraq, hələ də demokratik düşüncəyə sahib olmayıb. Onun müxalifət qüvvələri haqda yanlış fikirlər söylədiyi, konsensus qəbul etmək təsəvvürləri olmadığı göz qabağındadır. Bu da Rəsul Quliyevin siyasi savadının dərəcəsini göstərir».

«AZAD SEÇKİ KEÇİRİLƏCƏYİNİ TƏSƏVVÜR ETMƏK ÇƏTİNDİR»

1994-1997-ci illərdə ABŞ-ın Azərbaycanda səfiri olmuş diplomat Richard Kauzlarich
«Amerikanın səsi» radiosuna müsahibəsində oktyabrda keçiriləcək prezident seçkisindən danışıb:

«Bu prezident seçkisi olduqca mühümdür, ələlxüsus ona görə ki, səsvermə təzadlar fonunda baş verir. Bir tərəfdən neft bumu ölkədə qeyri-adi iqtisadi irəliləyişə təkan verib, Bakının siması dəyişib. Bu mənim gördüyüm şəhər deyil. İqtisadi inkişafın izləri açıq şəkildə özünü büruzə verir və bu resurslar hökumətə siyasi düzənə təsir göstərmək üçün imkan yaradıb. O biri tərəfdən siyasi proseslərdə geriləmə o həddə çatıb ki, mənim üçün oktyabrda azad və ədalətli seçki keçiriləcəyini təsəvvür etmək çətindir. Müstəqil mediaya qoyulan məhdudiyyətlər, jurnalistlərin və siyasi xadimlərin həbsləri... Məsələn, İsa Qəmbər bir neçə ay öncə Bakıdan kənara səfər edərkən hücuma məruz qalmışdı. Bütün bunlar göstərir ki, müxalifət seçkidə İlham Əliyevlə azad və ədalətli qaydada rəqabət aparmaq imkanından məhrumdur. Odur ki, mən çox narahatam. Müstəqilliyini qazandıqdan 20 il sonra Azərbaycan gərək daha demokratik istiqamətdə hərəkət etmək mövqeyində olaydı. Amma belə deyil».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG