Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:28
-
«İnternat evinin keçmiş direktorundan şikayət etdik, ora-bura yazdıq, işdən çıxartdılar. Yerinə Çingiz Mehrəliyevi qoydular. O da 3-4 ay yaxşı işlədi. Sonra başladı xəstələrin ərzağını kəsməyə».

Əhməd Hümbətov 3 il əvvəl uzunmüddətli həbsdən çıxanda, getməyə yeri olmadığına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şamaxıdakı 1 saylı ixtisaslaşdırılmış ruhi-əsəb əlilləri üçün internat evinə göndərilir. Həmin internat evinin bir sakini ilə ailə qurur. Bu izdivacdan bir qız doğulur. Ancaq deməsinə görə, internat evində xəstələrə göstərilən münasibət onu şikayətlər yazmağa məcbur edib. Buna görə də ailəsi ilə birlikdə internat evdən qovulub.

«GEDİB BAXSALAR XƏSTƏLƏR NƏ YEYİR, DAŞ ÜRƏKLƏRİ DƏ ƏRİYƏR»

Əhməd Hümbətov:

«Xəstələrə həftələrlə, aylarla kərə yağı, ət yeməkləri verilmir. Aşpazlar da etiraf edirlər ki, anbardar onlara nə verirsə, onu da bişirmək məcburiyyətindədirlər. Dövlət tərəfindən həmin internat-evdəki xəstələr üçün hər ay təkcə ərzağa 12 min manat ayrılır. Bu pul bankdan Çingiz Mehrəliyevə verilir, o da bazarlıq edir. Anbarda illərlə saxlanılan ət var. Bu əti ona görə saxlayırlar ki, yoxlama gələndə göstərib desinlər, ətimiz var. Əslində isə gündəlik aldıqları əti satırlar. Menyu gizlədilir, çünki orda olan ət, kərə yağı, meyvə, süd xəstələrə verilmir. Çörək keyfiyyətsizdir. Dövlət hər xəstənin sutkalıq qidalanması üçün 3 manat 95 qəpik pul ayırır. Ancaq gedib baxsalar xəstələr nə yeyir, daş ürək də əriyər. Səhərlər bıçağın ucunda şor və kərə yağı. O da bir az anlaqlı xəstəyə verilir. Anlaqsıza heç onu da vermirlər. Günorta elə bir şorba verilir ki, heyvan da imtina edər, yeməz. Hələ mətbəxdəki qazanların, qab-qacaqların çirkablığından danışmıram. Mən internat evinin keçmiş və indiki direktorları ilə dəfələrlə çörəyə görə mübahisə etmişəm. Demişəm, onsuz da bu yetimlərin ərzaqlarını kəsirsiniz, heç olmasa Allahın çörəyini düz-əməlli verin. Xəstələrə dövlət tərəfindən xüsusi geyimlər verilməlidir. Gedin baxın, Şamaxıda ölüsü ölən yığıb paltarlarını internat evə gətirir, xəstələrə verir».

Əhməd Hümbətov deyir ki, bunları prezidentə də, Milli Məclisə də yazıb. Amma...:

«Mən yazıram ki, tədbir görün, xəstələr əldən gedir. İnternat rəhbərliyi xəstələrin ərzaqlarını çapıb talayır. Yazdığımı qaytarıb göndərirlər internatın direktorunun özünə. Mən təzədən həmin qurumlara yazıram ki, a kişilər, elə şikayətim bu adamın hərəkətlərindəndir, niyə şikayətimi ona göndərirsiniz? Cavab gəlmir».

«XƏSTƏ BİLMİR NƏ YEMƏLİDİR VƏ ƏSLİNDƏ NƏ YEYİR»

Əhməd Hümbətovun dediyinə görə, yazdığı şikayətlərdən sonra əvvəlcə internat evində ona münasibət dəyişib:

«240 təzyiqim ola-ola tibb bacısı gəlib ölçüb deyirdi ki, səndə heç nə yoxdur. Sonra başladılar xəstələri mənə qarşı qoymağa. Bu il mayın 1-də isə ailəmlə birlikdə məni internat evindən qovdular. Adını da belə qoydular ki, guya mən orda daxili qaydaları pozuram, xəstələri narahat edirəm. Üzümə də anlaqsız xəstələri qoydular. Hansı ki, anlaqsız xəstələr üçün yazsaydılar Kennedy-ni Əhməd öldürüb, hamısı altından qol çəkəcəkdi. Anlaqsız xəstə nə bilir axı, ona ayrılmış əraq pulları haradan gəlib hara gedir? Nə yeməlidir və əslində nə yeyir? Əhmədin davası da buna görədir. Bunu anlaqsız xəstə bilmir axı...».

«SOSİAL ADAPTASİYA MÜDDƏTİ BİTDİ, ÇIXARTDIQ»

İnternat-evin direktoru Çingiz Mehrəliyev oranın keçmiş sakininin dedikləri ilə razılaşmır:

- O adam Prezident Administrasiyasına yazmışdı. Yazdığını da bu ilin aprel ayında rayon icra hakimiyyətinə göndərmişdilər. Çağırdılar icra hakimiyyətinə, orda izahat yazdı ki, mənim nə Çingiz Mehrəliyevdən, nə də ümumiyyətlə, Şamaxı torpağından heç bir şikayətim yoxdur. Onun şikayəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən idi.

- İnternat-evdən niyə çıxarılıb?

- Sosial adaptasiya müddəti bitdiyinə görə Nazirliyin sərəncamı ilə çıxartdıq.

- Ancaq o, həm də 2-ci qrup əlildir...

- Əlilliyi ona burda yaşamağa əsas vermir. Həm də spirtli içki içirdi, ailəsi ilə savaşırdı, damarlarını kəsirdi. Xəstələri narahat edirdi. İndi yoxdur, xəstələrin də beyni-başı dincəlib.

- Deyir, xəstələrə çatası ərzaqların mənimsənilməsinə, menyu tələbinə görə çıxarmısınız onu...

- Axı o nə bilir ki, ərzaq haradan gəlir, hara gəlir. Ümumi sözlərdir, boş-boş danışır. Mən səbəbini dedim sizə. Bizim internat evində xəstələrə, əlillərə necə lazımdırsa diqqət var. Ərzaqları da, geyimləri də yerindədir.

İndi Əhməd Hümbətov Şamaxıda kirayə ev tutub. Ancaq deyir ki, aldığı təqaüd nəinki kirayə pulunu ödəməyə, heç 1 yaş 3 aylıq qızı Fatimənin qidasına da çatmır. Əhməd Hümbətov internat evinə qaytarılmasını tələb edir.

Şamaxıdakı 1 saylı İxtisaslaşdırılmış ruhi-əsəb əlilləri üçün internat evi xüsusi qayğıya ehtiyac duyan ruhi-əsəb əlillərinin dövlət himayəsində yaşadığı bir müəssisədir. Burada əlillər daimi olaraq yaşayış şəraiti, həmçinin qida, geyim və tibbi xidmətlə təmin olunurlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında belə yazılıb.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG