Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:37
-
«İki gün əvvəl işə gecikməyim deyə, avtobusa zibillə minmişdim və bu, müzakirə mövzusu olmuşdu». – Sosial şəbəkə istifadəçisi Günel Aşırova öz səhifəsində belə yazır və daha sonra sözlərinə davam edir:

«Evdən tez çıxsam, zibili vaxtında ata və işə də vaxtında çata bilirəm. Yaxşı ki, zibil yeşikləri yaşadığım binadan elə də uzaqda deyil. Axı elə yaşayış evləri var ki, əlindəki tullantını atmaq üçün xeyli yol getməlisən. Məsələn, 20 binaya 3 zibil yeşiyi düşən ərazilər var. Həm yeşiklərin azlığı, həm də zibil qutu və yeşiklərinin uzaqlığı yan-yörənin, çevrənin çirklənib-zibillənməsinə yol açır».

Günel Aşırova AzadlıqRadiosuna deyir bunları. İstər-istəməz sual çıxır:
Zibiltutarlar – çənlər, yeşiklər, qutular, tullantı qabları harada, hansı məsafədə və necə yerləşdirilməlidir?

ZİBİL YEŞİKLƏRİNİ HARADA AXTARAQ?

Nazirlər Kabinetinin qərarına əsasən, parkların hər 600-800 kv.metrlik sahəsinə bir zibil yeşiyi qoyulmalıdır. Küçə və meydanlarda, park və bağlarda, dayanacaq və metro girişlərində və s. ərazilərdə kommunal-təsərrüfat orqanları görməlidir. Vağzallarda, hava və dəniz limanlarında, bazar və digər yerlərdə yetərli sayda tullantı qabları yerləşdirmək sadalanan yerlərin rəhbərliyinin vəzifəsidir. Əhalisi çox olan yerlərdə, eləcə də xiyabanlarda – gəzərliklərdə tullantı qabları hər 40 metrdən bir qoyulmalı, adam azdırsa, bu məsafə 100 metri aşmamalıdır. Yeməkxana və dükanların, alış-veriş mərkəzlərinin yanında azı 10 litr tutumu olan zibil qabları yerləşdirilməlidir. Bütün bunlar öz yerində. Bəs Bakı sakinləri məsələyə necə baxır, nədən razı və nədən narazıdırlar? Bəzi cavablar:

SAKİNLƏRİN «ZİBİL»Lİ TƏƏSSÜRATLARI

- Qadağalar olsa da, adamların çoxu zibili küçəyə atır. Onların «atmayın!» dediyim də olur, elə özümün onlar kimi davrandığım da. Bir iş var ki, təmizlik qorunmalıdır. Bakıda zibilqabı

Bakıda zibilqabı

Turistlərin olduğu yerlərin təmiz saxlanmasında dövlət maraqlıdır, amma nisbətən gözdənuzaq yerlərə gedən zibil qalaqlarını görəcək.

- Bir neçə il əvvələ görə, indi vəziyyət bir az yaxşıdır. Zibilin küçəyə atılması, hər şeydən əvvəl, tərbiyəsizlikdir. Ailədən də gəlir belə vərdişlər. Əvvəllər mən də zibili küçəyə atdığımı boynuma alıram. Ekologiya təlimlərinə qatılandan sonra bu vərdişimi tərgitdim. İnsanlar üçün maarifləndirici təlimlərin olması vacibdir.

- Hər kəs şəhərin təmizliyinə məsuliyyət daşımalıdır. Abadlaşdırma yaxşı olsa da, ətrafda natəmizliyin olması çox pisdir. Təbii ki, bu durumda iş dövlət qurumlarının üzərinə düşür. İnsanları maarifləndirmək lazımdır.

- Şəhərdə gəzəndə əsəbiləşirəm. Birinin əlində zibil var, amma atmağa qutu tapmır. Yalnız parklarda zibil qutuları var. İndi əlindəki zibillə gəzməlidir? İnsanlarda da günah var. Ancaq əsas günah dövlətindir. BŞİH buna nəzarət etməli, tədbir görməlidir. İnsanlar dözümlüdür, mülayimdir. Onları çilədən çıxarmaq lazım deyil...

- Zibil qutularını vaxtında boşaltmaq icra hakimiyyətinin işdir. İnsanlarda da təşəbbüs olmalıdır. Axı, bu şəhər bizim hamımızındır. Gərək ailədən gəlsin bunlar. Ana-ata kiçik yaşlarından öz uşaqlarına aşılamalıdır bunları.

Səbuhi Axundov

Səbuhi Axundov

QANUNUN İCRASI KİMİN BOYNUNA DÜŞÜR?

İnzibati Xətalar Məcəlləsinə görə, zibili tullantı qablarından qırağa atan şəxslər 20 manatdan 500 manatadək cəzalandırılmalıdır. Bəs qanunun icrası kimin boynuna düşür?

Deputat Məlahət Həsənova bildirir ki, hər qanun müvafiq icra orqanına yönəldilir:

«Bu qanunların həyata keçirilməsinə parlamentin konkret nəzarət funksiyası yoxdur. Konkret kimin bununla məşğul olduğunu deyə bilmərəm. Ancaq Nazirlər Kabinetində kommunal-təsərrüfat məsələləri ilə bağlı bir qurum var. Təbii ki, onlar məşğul olurlar».

Hüquqşünas Səbuhi Axundov bildirir ki, qanunu icra edənlər əraziyə görə dəyişir:

«Dəmiryol ərazisində vaqonların qapı və ya pəncərələrindən zibil atılmasına görə cərimə protokolunu qurumun rəhbəri və ya dəmiryol polisi tərtib etməlidir. Nəqliyyat vasitələrinin təkərlərində və ya banında yolu zibilləyən palçıq varsa, cəza protokolunu yol polisi yazır. Metro qatarlarını zibilləyənlərə metropoliten polisi baxmalıdır. Şəhərin hansısa küçəsində bu hal baş verirsə, qanunu pozan vətəndaş üçün aktı ərazi polisi və ya DİN-in ərazi üzrə xidmətçi əməkdaşı tərtib edə bilər. Ancaq vətəndaş zibili küçəyə atırsa və bunu heç kim görmürsə, o, necə cərimələnə bilər? Bu üzdən belə qanunlara «ölü qanun»lar deyilir».

Məlahət Hüseynova

Məlahət Hüseynova

«CİDDİ CƏRİMƏ SİSTEMİ OLMALIDIR»

Deputat Məlahət Hüseynova hüquqşünasın «ölü qanun» deyimi ilə razılaşmır. Xanım deputat qeyd edir ki, belə qanunların icrası təkcə qurumların deyil, vətəndaşların da üzərinə düşür:

«Xaricdə kimsə zibili yerə atsa, onun yanında olan şəxs dərhal «qaynar xətt»ə zəng edib məlumat verir. Elə qanunlar var ki, qəbul edilməsi yetərli deyil. Hər vətəndaşın yanına bir polis qoyulmalıdır? Ananı sevmək, böyüyə sayqı göstərməklə bağlı qanun qəbul etməmişik ki... Mətbuat ictimaiyyətdə elə fikir formalaşdırır ki, guya hər şey qaunla tənzimlənməlidir. Razıyam ki, inzibati xətalara görə cərimələr olmalıdır. Ancaq əsas rolu ictimai qınaq oynayır. Biri zibili küçəyə atanda yanındakı ona irad tutmur. İrad tutanı da qınayırlar. Avropadakı insanlar bizdən heç də üstün deyil, sadəcə, onların qanunları sərtdir. Cərimələr o qədər yüksəkdir ki, gərək evlərini satıb ödəsinlər».

Yaşıllar Hərəkatının sədri Fəridə Hüseynova çıxış yolunu küçələrdə daha çox videokameranın quraşdırılmasında və cərimələrin artırılmasında görür:

«Xaricdə videokameralarla nəzarət edirlər. Bütün dünyada belədir. Həm də kamera ilə nəzarət daha ucuz başa gəlir. Üstəlik, ekoloji polis də var. Ekoloji polis Azərbaycanda da var, amma nə işlə məşğul olduğunu bilmirəm. Foto: Arxiv

Foto: Arxiv

Necə ki bizdə piyada keçidindən istifadə etməyənləri cərimələyirlər, eləcə də xaricdə hər yerdə polislər durur və onlar zibili qutudan kənara atan adamları yerində cərimə edirlər. Cərimələr də yüksək məbləğdədir. Cərimələnən şəxsin pulu yoxdursa, o, həbs edilir. Hər zibili də çantada gəzdirmək olmur. Ciddi cərimə sistemi olmalıdır. İnsanlar yalnız cərimələrdən qorxurlar. Ekoloji polisin funksiyaları artırılmalıdır».

Hərəkat sədri qeyd edir ki, bəzi yerlərdə zibil qutuları bir-birindən çox uzaqda olduğundan məcburi zibilləməyə şərait yaranır.

ÇIXIŞ YOLLARI

Deputat Məlahət Hüseynovanın fikrincə, müxtəlif aksiya və ya flaşmoblardan yararlanmaqla təmizliyə diqqəti artırmaq olar:

«Mütləq «qaynar xətt» olmalıdır. Bunu da yaxşı reklam etmək lazımdır. Xüsusən, parklarda. Bəlkə də bu «qaynar xətt»dən istifadə edən olmayacaq. Ancaq insanlarda qorxu oyanacaq ki, birdən zəng edib xəbər verərlər. Düzdür, bələdiyyələr təzə qurulub bizdə, ancaq bələdiyyə polisi də lazımdır. Parklarda flaşmob kimi bir şey etmək olar, ağacların yarpaqlarına nə isə yapışdırmaq olar. Məsələn, «zibili qabına tulla» sözlərini yazmaq mümkündür».

Hüquqşünas Səbuhi Axundovun fikrincə, belə qanunların konkret qurumlara yönəldilməməsi qanunun icrasını axsadır.

Şərhləri göstər

XS
SM
MD
LG