Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:54

Bakıda kitab partiləri – kitab satışında inqilab? (Mətn)


Mehman Abdullayev və Zahir Əzəmət

Mehman Abdullayev və Zahir Əzəmət

-

Zahir Əzəmət:

- Ənənəvi kitab təqdimatları az qala xeyir-şər məclisinə dönüb.

Mehman Abdullayev

- Kitab partilərində kitabla əyləncə qarışır, kitabı ciddi görkəmdən çıxarır.

Xan Rəsuloğlu:

- Məncə, yenə də birinci günah yazıçınındır. Elə məsələlərə toxun ki, oxunsun.

Seymur Baycan:

Yaxşı, biz pis yazırıq, bəs kalssiklər?..


İndi Bakıda yeni dəb yaranır – kitab partiləri. Bəzi kitabların 1000 nüsxəlik tirajının 3 partiyə satıldığı deyilir. Kitab partisi nədir? Kitab satışında alternativ üsul hansı nəticələrə gətirir?

“Pen klub” proqramının qonaqları belə partilərdə kitablarını satan yazıçı Seymur Baycan, "Zero" nəşriyyatının rəhbəri Zahir Əzəmət, səyyar yarmarkalar keçirən "Hədəf" nəşriyyatının rəhbəri Müşfiq Xan, "Başla" hərəkatının üzvü Mehman Abdullayev və kitab mağazası sahibi Xan Rəsuloğlu oldu.


ZAHİR ƏZƏMƏT: “KİTAB TƏQDİMATLARI AZ QALA XEYİR-ŞƏR MƏCLİSİNƏ DÖNÜB”

Şahnaz Bəylərqızı:

- Zahir bəy, belə partilər nə qədər özünü doğruldur?

Zahir Əzəmət:

- Bir neçə il qabaq kitab mağazalarının azlığından, kitabların satılmamasından şikayətlənirdiksə, son bir neçə ildə proses sürətlənib. Tədricən satış məntəqələrinin sayı, kitab istehsalı artıb, amma kitab satışında problemlər yenə də var. Bizim mağazalarda kitab sıxlığı yaranıb. Ərazi balacadır, kitab çoxdur, burda hansısa kitabın dərhal gözə girməsi çətindir. İkincisi, böyük mağazalar kitabları çox az sayda qəbul edirlər. Ən böyük şəbəkəsi olan mağazalardan biri heç mağazalarının sayı qədər də kitab götürmür, məsələn, 5 mağazası varsa, dörd kitab götürür. Bu yerdə kitabın alternativ yayım üsullarını tapmaq məsələsi gündəmə gəlir. Book-partilər də bu yollardan biridir, bu yolla gəncliyə daha tez çıxmaq olur. Book-partilər son ilyarımda, iki ildə keçirilməyə başladı. Bir mağaza tutaq ki, ayda müəllifin dörd kitabını satsa bu ildə uzaqbaşı 50 kitab edir. Amma bir gecədə 100 kitab satmaq imkanı qazanırsan.

Ş.Bəylərqızı:

- Bu partilərə gələnlər kimlərdir? Təsadüfi oxuculardır, yoxsa dar dairənin təmsilçiləridir?

Z.Əzəmət:

- Gələnlər kitabsevərdilər. Yazarın oxucu auditoriyasıdır, gənclər, QHT sektorunda olanlar, fəallardır. Gənclər də oxumaqla yanaşı əylənmək istəyirlər. Kitab təqdimatları az qala xeyir-şər məclislərinə dönüb. O mənim kitab təqdimatıma gəlib, mən də getməliyəm, o mənim kitabımı alıb, mən də almalıyam... Təqdimatlar 40-50 nəfərlik çevrədə qalmışdı, oxucuya çıxa bilmirdin. Həyat yoldaşım Sevinc Çılğının kitabının bir neçə təqdimatı oldu. İlk təqdimatda gələnlər yazarlarıydısa, ikinci təqdimatda taktikanı dəyişdik, bu dəfə gələnlər məhz oxucu idi. Ayın 1-də biz rok-book-parti keçirəcəyik. Həm canlı musiqi olacaq, həm də pulsuz kitab veriləcək. Əslində, kitab pulsuz deyil, partilərə giriş pulludur. Amma o biletə bizim kitablardan birini pulsuz əldə etmək daxildir. Təbii ki, verdiyin kitab da gənclərin maraqlarına uyğun olmalıdır, sən onu bir dəfə aldada bilərsən. Bura gələnlər mütaliə edən, müəllifləri tanıyan gənclərdir.

Seymur Baycan

Seymur Baycan



MEHMAN ABDULLAYEV: “PARTİLƏRƏ GƏLƏNLƏR AVROPAMEYLLİ GƏNCLƏRDİR”

Mehman Abdullayev:

- Mən Zahir bəylə razıyam, amma bir məsələdən başqa. Bizim toplum kitab oxumur. Kitab oxuyanlar da ictimai sahədə iş görən aktiv gənclərdir. Kitablar onlardan kənara çıxmır. Book-partilərə gələnlər də avropameylli gənclərdir. Azərbaycanda təkcə avropameylli gənclər yaşamır axı, başqa meylli gənclərə də müraciət etmək, onları da bura qatmaq lazımdır. Bizim hərəkatın məqsədi təkcə kitab çap etmək deyil, həm də maarifləndirməkdir. Düşünürük ki, partilər deyil, nəsə başqa bir şey keçirmək laızmdır. Yəni çox ciddi olmasın, nəsə əyləncəli bir şeylər də olsun. Açığı, konkret nəsə deyə bilməyəcəm, bu saat bunun üzərində düşünürük. Amma biz də kitab təqdimatları keçirmişik və endirimlər etmişik.

Ş.Bəylərqızı:

- Endirimlər də son zamanlar populyarlaşır. Bu üsulun effekti varmı?

M.Abdullayev:

- Endirimdən istədiyimiz effekti ala bilmədik. Kitab partilərisə yeni üsuldur, kitabla əyləncə qarışır, kitabı ciddi görkəmdən çıxarır. Amma elə kitablar var ki, parti kitabları deyil. Məsələn, fəlsəfi və ya din kitablar var.

Z.Əzəmət:

- Təbii, seçimi düzgün aparmalısan. Biz parti keçirəndə naməlum danışmırıq. Deyirik ki, filan kitabı əldə etmək üçün yolun burdan keçir. Həmin kitabın oxucusunu ora cəlb etməyə çalışırıq. Bu gün Bakıda kitab az-çox satılır. Amma əyalətlərdə satılmır. Biz Sumqayıtda, Mingəçevirdə, elə Bakıda böyük supermarketlərə giriş əldə etmişik. Bu alıcılar fəal gənclər deyil, QHT sektoru deyil, başqalarıdır. Deməli, başqa bazarlara çıxış əldə edəndə nəticə də olur. Məsələn, 15 günə 2 kitab çap etdim, 10 günə onun maya dəyərini az qala əldə etdim. Hələ bu kitab mağazalarına aid deyil. Gürcüstanda bir naşir əl yayımı qurub, ilk ayda rekord əldə edib, hər kitabdan 5 min satıblar. Hazırda bu adam Gürcsütanın ən böyük naşiridir, illik kitab dövriyyəsi milyonları aşır. Yanaşma dəyişməlidir. Lənkəranda 3 kitabxana, onlarla kitab mağazası vardısa, bu gün 200 minlik rayonda bir kitab dükanı yoxdursa, o demək deyil ki, kitab oxuyanlar qırılıb. Sadəcə, kitab oxcusu ilə kitab istehsalçısı arasında əlaqə qırılıb.

Şahnaz Bəylərqızı

Şahnaz Bəylərqızı



MÜŞFİQ XAN: “BU, BİABIRÇI VƏZİYYƏTDİR”

Müşfiq Xan:

- Cəmiyyətdə kitaba münasibət aşağı səviyyədədir. Məncə, yetərincə kitab mağazaları var. Amma oxucu tapılmır, məsələ bundadır. Kitab mağazası səbəb deyil. İstənilən kitabı internet üzərindən də çatdırmaq olur. Mindən çox kitab çeşidi saxlayan on-line satış nöqtələri var. Biz altı-yeddi aydır ki, Bakı kəndlərində səyyar kitab yarmarkaları keçiririk. Plan belədir ki, Bakının 40-dək məntəqəsində olaq. Ancaq Mərdəkanda, Qaradağda gün ərzində 40 kitab satırıq, bu çox aşağı reaksiyadır, biabırçı vəziyyətdir. Kitab işiylə məşğul olanlar hətta oxucuların ayağına qədər gedirlər, ancaq kitaba maraq yoxdur.

“ÖZÜM NAŞİR KİMİ BUNU QƏBUL ETMİRƏM”

Ş.Bəylərqızı:

- Səbəb nədir? Kitablar maraqlı, oxunaqlı deyil, ya oxucunun imkanı yoxdur? Naşir kimi bunu araşdrımısız?

M.Xan:

- Səbəb çoxdur. Kitab sahəsində vəziyyəti düzəltmək istəyiriksə, naşirlər kommersiya məqsədli kitabların çapına getməməlidirlər. Açıq-saçıq kitabları çap edib gənclərə oxutdurmaq ucuz gedişdir. Özüm naşir kimi bunu qəbul etmirəm.

“GÖRÜNÜR, HANSISA QÜVVƏ XALQIN DAHA ÇOX OXUMASINDA MARAQLI DEYİL”

Z.Əzəmət:

- Kitabın daha çox satılması üçün daha böyük təbliğat imkanlarından istifadə etmək lazımdır. Bu gün heç bir telekanalımız ayda heç olmasa 15 dəqiqəsini yeni kitabların təbliğatına ayırmır. Görünür, hansısa qüvvə xalqın daha çox oxumasında maraqlı deyil. İkincisi, Müşfiq bəy deyir ki, Mərdəkanda 50 kitab satdıq, bu, aşağı göstəricidir. Əlbəttə, aşağı göstəricidir. Amma nəzərə alaq ki, bu gün 50 satacaqsan, sabah 100. Birdən-birə yüksək göstərici əldə edə bilmərik. Tutaq ki, Seymur Baycan müxtəlif yollarla kitabını 1000-1500 nüsxə sata bilirsə, bu 10 il əvvəllə müqayisədə böyük göstəricidir.

Zahir Əzəmət

Zahir Əzəmət



“XARİCDƏN HANSISA KİTABIN ÇAP HÜQUQUNU ALANDA UTANIRSAN DEMƏYƏ Kİ, 500 TİRAJ ÇAP OLUNACAQ”

M.Xan:

- Oxucu azlığı bizi qane etmir. Xaricdən hansısa kitabın çap hüququnu alanda utanırsan deməyə ki, 500 tiraj çap olunacaq. Deyirik, sınaq üçündür, onlar da cavab verir ki, çap edin, sonrasına baxarıq. Azərbaycanda tanınmış müəllif 500 tirajla satılanda buna normal deyir. Amma bu çox aşağıdır. İkincisi, müəlliflərə yaxşı qonorar verilməldiir, heç olmasa 20 faiz ona çatmalıdır. Və ya nəşriyyatlar müəllifi aldadır, yaxşı satılan kitabı müəllifdən xəbərsiz köhnə tarixlə yenidən cap edir. Bu da müəllifi ruhdan salır. Müəllim yaxşı dedi, niyə televiziyalarda kitabla bağlı proqram yoxdur? Dövlət səviyyəsində buna nəzarət olmalıdır. (ardı aşağıda)

Seymur Baycanın kitablarından birinin partidə təqdimatı


SEYMUR BAYCAN:“QUQARK” 5 MİN SATILMALIYDI”

Seymur Baycan:

- Əvvəlki illərlə müqayisdə xeyli irəliləyiş var. Amma bununla razılaşmaq olmaz. Bununla bütün ölkə məşğul olmalıdır, dövlət səviyyəsində iş görülməlidir, kitab haqda verilişlər olmalıdır. Bəzən bizdə deyirlər ki, intellektual verilişlərə baxan yoxdur, ona pul verən yoxdur, ona görə də bu verilişləri vermirik. Bu, bir az cığallıqdır. Məsuliyyətdən, reallıqdan qaçmaqdır. Heç bir uşaq valideyninə demir ki, mən xəstəyəm, mənə iynə vurdur. Valideyn bilir ki, uşaq iynədən qorxur, ağlayır, amma başa düşür ki, bu vacibdir. İntellektual verilişə baxan azdırsa, o demək deyil ki, bu cür verilişlər olmamalıdır. Bəs dövlətin borcu nədir? Bizim kimi ölkələrdə dövlət mədəniyyəti dəstəkləməlidir. Bu sahəyə dövlət pul ayırmalıdır, kitablar çap olunmalıdır, rayonlarda kitabxanalar yenilənməlidir.

Ş.Bəylərqızı:

- Kitab partiləri haqda nə düşünürsüz?

S.Baycan:

- Mən rəsmiyyətdən qaçmaq üçün kitab partisi keçirmişəm. Təqdimatlarda kitab qoyulur ortalığa, müəllif haqda fikirlər deyilir, sonra restorana yeyib-içməyə gedirlər. Mən başqa format seçdim. İstədim gənclər tədbirdə darıxmasınıar. Maraqlı oldu. Maddi vəziyyət yaxşı olsa daha yüksək səviyyədə keçirmək olardı. Bu gün yazıçı evdə kitabını yazsa və gözləsə ki, bu kitabı alacaqlar, o bir az romantik görünər. Dövr o dövr deyil. Yazıçı kitabının təbliğatı ilə məşğul olmalıdır. Mən maksimum buna çalışıram. “Quqark” haqda deyirlər ki, son illər ən çox satılan, müzakirə olunan, haqqında yazılan kitabdır. Amma bu məni qane etmir. Bu günə qədər 1500 tiraj satmışam. Məsələn, 5 min olsa məni qane edirdi. Deyərdim ki, zəhmətim hədər getməyib.

Z.Əzəmət:

- Bir əlavəm var. Televizya haqda qanunda deyilir ki, hər kanal maarifləndirici proqramlar hazırlamalıdır. Bu, televiziyaların borcudur. İkincisi, Azərbaycan da 10 il əvvəlki kasıb dövlət deyil. Bir çox sosial proyektlərə pul qoyur. Nəzərə alınmalıdır ki, kitab gələcəyə qoyulan kapitaldır. Azərbaycanda ildə bir neçə milyon manat kitaba ayrılması cüzi rəqəmdir.

XAN RƏSULOĞLU: “BİRİNCİ GÜNAH YAZIÇIDADIR”

Xan Rəsuloğlu:

- Mən həmişə oxucunun yanında olmuşam. Məncə, yenə də birinci günah yazıçınındır. Elə məsələlərə toxun ki, oxunsun. Həmişə deyirəm ki, bir Azərbaycan yazıçısını yapon, rus, türk, başqası nə üçün oxumalıdır? Onsuz da onların güclü yazarları var. Onlardan fərqli nəsə verə biləcəksən, ya yox? Bir yaralı yerimiz də odur ki, tək “Qanun” nəşriyyatı yazarların populyarlaşmasına kömək edir. Amma qonorar məsələsində inanmıram elə bir nəşriyyat var ki, məhz yazıçını düşünsün. Biz mala pul qoyuruq, insana qoymuruq. Dostoyevskidən, Balzakdan tutmuş hamısı ilə müqavilə bağlanırdı ki, nə yazsan mənimdir, səni də varlandırıram. Bizim nəşriyyatlar da istəsələr bunu edə bilərlər.

Z.Əzəmət:

- Bizim artıq Qaraqanla belə müqaviləmiz var. Məbləği açıqlamayacam. Belə bir müqavilə bağlanmasını Seymur Baycana da təklif etmişik. Amma bu elə məbləğ deyil ki, müəllif onunla dolana bilsin. Satış tirajları hələlik azdır. Sən də kitaba fantastik qiymət qoya bilməzsən. İkincisi, satış qiyməti ilə satışa gedən qiymət arasında iki dəfə fərq var. Mağazada 5 manata satılan kitabı biz 2 manat 50 qəpiyə veririk.

“HEÇ BİR YAZIÇI QƏSDƏN PİS YAZMAQ İSTƏMƏZ… BACARDIĞIMIZ BUDUR”

Ş.Bəylərqızı:

- Xan Rəsuloğlu yazarlara üz tutaraq dedi ki, yaxşı yazsalar kitab da oxunar. Seymur bəy, iradı qəbul edirsizmi?

S.Baycan:

- Təbii ki, heç bir yazıçı qəsdən pis yazmaq istəməz. Hər yazıçı istəyər ki, hazırladığı məhsul keyfiyyətli olsun, daha çox rəğbət qazansın. Ağlı başında olan adam işini zay günə qoymaz. Bacardığımız budur. Amma məncə, bu arqument də tutarlı deyil. Ölkədə çoxlu müsabiqələr keçirilməlidir. Yaxşı pul, mükafat verilməlidir. Mən özüm ədəbiyyata müsabiqədən gəlmişəm. O da var ki, bizdə azad biznes olmadığına görə, mesenatlıq edənlər azdır, pul verməyə qorxurlar. Ya da pulu olan özü kitab yazır. Bu nəticələr ölkədəki vəziyyətin reallığından yaranır. Demək olmaz ki, yazıçılar pis yazırlar, oxucu azdır. Yaxşı, biz pis yazırıq, bəs kalssiklər?..

izlə

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG