Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:10
-

«Ali Məhkəmənin binasının 1-ci mərtəbəsində vəkilə dedim ki, utanın, xəstə adamam, evimi yıxdınız. Elə bunu demişdim ki, üstümə cumdu, əlinin arxasıyla məni vurdu, möhkəm itələdi, yıxıldım. Ayağımda hələ də qançır izləri var».

«VƏKİLİN TƏZYİQLƏRİ MÜŞAHİDƏ KAMERASINA DÜŞÜB»

«Qaynar xətt»ə şikayət edən Elen Süleymanova Vəkillər Kollegiyasının üzvü, vəkil Ağalar Ağaşirinov tərəfindən döyüldüyünü iddia edir. Onun sözlərinə görə, ailə üzvləri miras bölgüsü ilə bağlı məhkəməyə müraciət edib. Qarşı tərəfin maraqlarını 13 saylı Vəkil Məsləhətxanasından Ağalar Ağaşirinov müdafiə edib. Yerli və apellyasiya məhkəmələri Elen Süleymanovanın iddiasını təmin etsə də, iyulun 11-də Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib. İşin hallarının ətraflı araşdırılması üçün təkrar Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. Prosesdən sonra elə Ali Məhkəmənin binasındaca tərəflər qarşı-qarşıya gəliblər. Elen Süleymanova deyir ki, məhkəmə binasının 1-ci mərtəbəsində qarşı tərəfin vəkili tərəfindən təzyiqlərə məruz qalıb. O, 37 saylı polis bölməsinə şikayət edib:

«Vəkilin mənə qarşı təzyiqləri müşahidə kameralarına da düşüb. Müstəntiqdən tələb etmişəm ki, kameranın yaddaşı yoxlanılsın».

VƏKİL DƏ ARAŞDIRMANIN SONUNU GÖZLƏYİR

Arxiv foto

Arxiv foto

Vəkil Ağalar Ağaşirinov isə deyilənləri təkzib edir:

«O qadın elə əvvəldən qarşı tərəfin vəkili olduğum üçün mənə şər-böhtan atırdı. Binada müşahidə kameraları var, buyurub yoxlasınlar. Əgər o qadına 5 addım yaxın durmuşamsa, məni cəzalandırsınlar. Mən vəkiləm, kim müraciət edirsə, müqavilə bağlayıb, maraqlarını müdafiə edirəm. Bu, o demək deyil ki, qarşı tərəf də mənim barəmdə istədiyi ittihamı irəli sürə bilər. Mən də araşdırmanın sonunu gözləyirəm».

Vəkillər Kollegiyasından bildirilib ki, Elen Süleymanova Kollegiyaya vəkilin hərəkətlərindən şikayət edib. Ona polisə müraciət etməsi tövsiyə olunub. Kollegiyanın vəkillə bağlı qərarı polisin araşdırmasının nəticəsindən sonra bilinəcək.

37-ci polis bölməsi isə toplanmış materialları Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərib.

Xətai rayon Polis İdarəsindən «Qaynar xətt»ə bildirildi ki, istintaq şöbəsi Elen Süleymanovanın xəsarətlərinin ekspertizası ilə bağlı rəyi gözləyir. Cinayət işinin başlanıb-başlanmayacağı və vəkilin cinayət məsuliyyətinə cəlb olunub-olunmayacağı da rəydən sonra bilinəcək.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG