Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:32

Siyavuş Novruzov: «Bizim üçün ən yaxşı variant Rüstəm İbrahimbəyovdur»


Siyavuş Novruzov

Siyavuş Novruzov

-

YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov «Qafqazinfo»ya müsahibə verib. Müsahibəni ixtisarla təqdim edirik.

Siyavuş Novruzov ölkənin birinci xanımı Mehriban Əliyevanın prezidentliyə namizədliyinin verilməsi haqda söylənənlərə aydınlıq gətirib. O, «Seçki yaxınlaşdıqca partiyanın digər namizədləri də ortaya çıxa bilər. Bu sırada birinci xanım Mehriban Əliyevanın da adı hallanmaqdadır…» sualına belə cavab verib:

«MƏHKƏMƏLƏRDƏ OLAN, DAĞILMIŞ PARTİYALAR, MEHRİBAN XANIMA AİDİYYATI OLMAYAN YAD QURUMLAR ONUN NAMİZƏDLİYİNİ VERİB»

- Təbii ki, bunlar hamısı bir qrup müxalifət partiyalarının və onların mətbuat orqanlarının cəmiyyəti çaşdırmaqdan ötrü ortaya atdığı addımdır... Yeni Azərbaycan Partiyası öz sədrinin namizədliyini özünün ən ali orqan olan qurultayında irəli sürüb. Təbii ki, YAP-ın sədr müavini, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva da bu toplantıda iştirak edərək, bilavasitə bizim irəli sürdüyümüz namizədə dəstək verib. Sonradan isə bəzi partiyalar hansı ki, məhkəmələrdə olan, dağılmış, Mehriban xanıma aidiyyatı olmayan, tamamilə yad qurumlar ortaya çıxıb və onun namizədliyini irəli sürüb. Respublikaçılar partiyasının 3 məhkəmə prosesi var. Bunlar 3 yerə bölünüb. Hələ bilinmir ki, sədri kimdir. DADP də elə bir vəziyyətdədir. Sonra bir partiya da var, onun sədri axtarışdadır. Yəni bunlar hamısı şəxsi məqsəd və ara qatmaqdan ötrü olan bir şeydir. İqtidarın belə bir planı nəzərdə tutulmayıb. Təbii ki, nəzərdə tutulsaydı, o qədər nüfuzlu, hörmətli partiyalar var ki, onlar tərəfindən irəli sürülərdi.

- Belə məqbul olmazmı ki, birinci xanım özü bu söz-söhbətlərə nöqtə qoysun?

- Onlar bilirsiniz, birinci xanımın diqqətinə layiq partiyalar deyillər ki, onlara münasibət bildirilsin. Bununla bağlı biz öz fikirlərimizi çatdırırıq.

«RÜSTƏM İBRAHİMBƏYOVUN RUSİYA DÖVLƏTİ QARŞISINDA ÖHDƏLİYİ VAR»

- Demokratik düşərgədə Milli Şura yaranıb və onun da prezident seçkilərində vahid namizədi Rüstəm İbrahimbəyov olduğu elan olunub. R. İbrahimbəyovun ölkəyə ayın sonlarında dönəcəyi bildirilir. Düşərgədən qeyd edirlər ki, hakimiyyət onun gəlişinə maneə yaradacaq. Bu mümkündürmü?

- Bilirsiniz, bizim üçün kimin namizəd olub-olmamasının fərqi yoxdur... Bizim namizədin nə ölkə, nə xaricdə alternativi yoxdur. Sadəcə olaraq o partiya sədrləri öz partiyaları tərəfindən dəstəklənmirlər. Partiyaları onları namizəd kimi görmür və bilir ki, bunun heç bir potensialı yoxdur. Bunun nəticəsi olaraq da axtarıb hardansa bir namizəd tapıb gətirirlər. Deyirlər ki, guya konsepsiya yazırlar və bunlar ölkənin idarəçiliyi üçün plan tuturlar. Müxtəlif konstitusiya layihəsi hazırlayırlar. Amma onlarda mən doğru-düzgün hüquqşünas görmədim. Hüquqşünaslar namizəd irəli sürəndə heç olmasa baxsınlar ki, kimin namizədliyini irəli sürürlər. Bu gün bu Azərbaycan qanunvericiliyinə uyğun gəlirmi? Gəlmir. Bu onu göstərir ki, ora toplaşanların heç biri dərin savada, düşüncəyə malik olan insanlar deyil. Bu və ya digər formada hüquq-mühafizə orqanlarından qovulub, özlərini vəkil adlandıran şəxslərdir ki, hüquqi cəhətdən namizədlərinin namizədliyini belə əsaslandıra bilmirlər. Birincisi, Rüstəm İbrahimbəyov namizəd kimi irəli sürülməyib. Milli Şuraya sədr seçə bilərlər. Milli Şura qeyri-hökumət təşkilatı kimi dövlət qeydiyyatından keçməlidir. Müvafiq sənədlərini Ədliyyə Nazirliyinə təqdim etməlidir. İkincisi, lap qeydiyyata alınsa belə, Milli Şura namizəd irəli sürə bilməz. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə görə, iki halda namizəd irəli sürülə bilər. Bir, öz təşəbbüsü ilə, təşəbbüs qrupları tərəfindən, biri də siyasi partiyalar və ya onların siyasi blokları tərəfindən. Milli Şurada həm qeyri-hökumət təşkilatları, həm də siyasi partiyalar toplaşıb. Bunların da bir yerdə namizəd irəli sürməyə heç bir hüquqi yoxdur. Rüstəm İbrahimbəyov tələblərə cavab verərsə, ya özü öz namizədliyini irəli sürməlidir, yaxud da siyasi partiyalar özlərinin qurultayını keçirib, Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürüb, sonradan blok yaradıb, qərar qəbul edərək, siyasi partiyaların blokları adından onun namizədliyini verə bilərlər. Yəni Milli Şura adlı qurum Azərbaycan Respublikasında heç bələdiyyə üzvlüyünə də namizəd irəli sürmək hüququna malik deyil. Bu, Seçki Məcəlləsinin tələbidir. Ya bunlar seçkidə iştirak etmək istəmirlər, mən belə başa düşürəm. Ya da dolayısıyla bilirlər ki, seçkidə heç bir səs qazana bilməyəcəklər, heç bir imkanları yoxdur. Seçkinin üzərinə yalandan kölgə salmaq istəyirlər ki, guya onların namizədini qeydə almadılar. Burada qanunvericiliyin tələbi var. Adlarını hüquqşünas qoyublar, vəkillik etmək iddiasındadırlar. Bir doğru-düzgün sənədi hazırlayıb ortaya çıxara bilmirlər.

- Yəni, belə anlamaq olar ki, Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmayacaq...

- Hələ qanuni şəkildə namizədliyi irəli sürülməyib.

- Bəs qanuni şəkildə irəli sürülərsə, onda necə?

- Qanuni şəkildə irəli sürüldükdən sonra Rüstəm İbrahimbəyovun ikinci məsələləri başlayır. Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsində göstərilir ki, kimlər seçkilərdə namizəd ola bilər. Orada açıq şəkildə yazılıb ki, yaşı 35-dən yuxarı olan, ali təhsilli, ikili vətəndaşlığı olmayan, 10 ildən artıq Azərbaycan ərazisində daimi yaşayan, ağır cinayət törətməyən şəxslər Azərbaycan Respublikasının prezidentliyinə namizəd ola bilər. Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı var. Hələ bu məsələ həll olunmayıb.

- Artıq bununla bağlı İbrahimbəyov müvafiq quruma müraciət edib. 1 ay ərzində bu məsələ həll olunmalıdır...

- O sənədi verib. Konkret Rusiya prezidentinin fərmanı lazımdır. Komissiya bu məsələni qaldırmalıdır. İkili vətəndaşlığı aradan qalxmalıdır. İkili vətəndaşlıq olan kimi avtomatik olaraq həmin dövlət qarşısında öhdəliklər olur. Rüstəm İbrahimbəyovun da Rusiya dövləti qarşısında öhdəliyi var. 25 təşkilatdan sənəd almalıdır ki, onların qarşısında öhdəliyi yoxdur. Vergi, iqtisadi, siyasi və. s öhdəlikləri var. Bu, oranın hansısa universitetinin müəllimidir. Ordan əməkhaqqı alır. Burada qarşılıqlı öhdəliklər yaranır. Bunlara aydınlıq gətirilməlidir. Bu bütün dünyanın tələbidir. Bizim tələbimiz deyil. Bizim üçün ən yaxşı variant Rüstəm İbrahimbəyovdur. Çünki 3 adam ölkədə ona səs verməyəcək. Keçirdiyimiz sorğulardan əzbər bilirik ki, Azərbaycanda Rüstəm İbrahimbəyov adlı adam tanımırlar. Ola bilər ki, yaşlı nəslin bir neçə nümayəndəsi vaxtilə bununla bir yerdə işləyən, yaxud da bunun bir neçə filminə baxan insanlar onu tanıyırlar. Yeni nəsil, ümumiyyətlə, cəmiyyət o adda adam tanımır. Ona görə də deyirəm ki, bizim üçün bunun fərqi yoxdur. Bizim bir məqsədimiz var ki, hamı qanunun aliliyinə riayət etsin.

- Yəni konkretləşdirsək, Rüstəm İbrahimbəyov qanuni şəkildə namizədliyini irəli sürsə də, ikinci mərhələdə onun problemlərinin olduğunu qeyd edirsiniz. Yenə də namizədliyi qeyd alınmaya bilər?

- Digər məsələləri də həll etməlidir, ondan sonra qeydiyyatdan keçməlidir. Hər şey qanuni şəkildə olmalıdır. Heç biz bunları deməyə bilərik. Sonradan vaxtı gələndə onsuz bunlar ortaya çıxacaq. Amma qabaqcadan deyirik ki, sonradan başqa-başqa təşkilatlara müraciət etməsinlər. Seçkinin elan olunmasına götürək ki, 1 aydan da az vaxt qalır. Bu günə qədər namizəd kimi bunu müəyyən edə bilməyiblər. Və bunun hüquqi təminatını həll etməyiblər. 8 partiya hər biri özünün qurultayını keçirməlidir. Qurultay keçirməkdən ötrü yerlərdə konfranslar keçirilməli və ordan nümayəndə seçilməlidir. Seçki Məcəlləsində nümayəndələrin neçə nəfər olması şərti var. Səsvermənin nəticəsi nədən ibarətdir? Bunlar hamısı siyasi partiyalar haqqında qanunun tələblərinə cavab verməlidir. Bunlar bu gün bu işlərlə məşğul olmaq əvəzinə biri deyir ki, mən Amerikada görüşlər keçirirəm, biri deyir ki, Avropada görüşlər keçirməyə gedirəm. Siz hələ hüquqi təminatınızı həll edin, ondan sonra görüşlərə başlayarsınız.

- Amerikadan söz düşmüşkən, bir neçə gün öncə həmin ölkədə Azərbaycanla bağlı Helsinki Komissiyasının dinləmələri keçirildi. Həmin dinləmələrdə ABŞ Dövlət Katibinin İnsan haqları üzrə köməkçisinin müavini Thomas Melia qeyd etdi ki, ölkədə namizədlərin qeydə alınması ilə problemlər olmamalıdır...

- Azərbaycanda bununla bağlı heç bir problem yoxdur. Qanunun tələbinə, konstitusiyanın 100-cü maddəsinə uyğun olaraq istənilən Azərbaycan vətəndaşı namizədliyini irəli sürə bilər. Azərbaycandakı qədər asan namizədlik irəli sürmək heç bir yerdə yoxdur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG