Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:17

İmişlinin icra başçısı sabiq deputatı məhkəməyə verib


«Sabiq deputatdan icra başçısına sərt ittihamlar» yazısı

«Sabiq deputatdan icra başçısına sərt ittihamlar» yazısı

-

Bu ilin aprelində «Yeni Müsavat» qəzetində dərc olunan «Sabiq deputatdan icra başçısına sərt ittihamlar» başlıqlı məqalə məhkəmə iddiasına səbəb olub. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev barəsində yazılanlardan narazı qalaraq, rayon məhkəməsinə müraciət edib. O, məqalə müəllifi - sabiq deputat İltizam Əkbərliyə qarşı «şərəf və ləyaqəti alçaldan, işgüzar nüfuza xələl gətirən məlumatların təkzib edilməsi və 100 min manat təzminat ödənilməsi» tələbi irəli sürüb.

ƏRİZƏ 2 AY «HAVADA» QALIB

Bu barədə AzadlıqRadiosuna məlumat verən İltizam Əkbərli bəzi məqamların şübhə doğurduğunu qeyd edir:

«Məqalə əvvəlcə «Yeni Müsavat» qəzetində dərc olunub, sonradan xəbərim olmadan «Vilyam Hacıyevin iş adamlarına böyük məbləğdə borcu var» sərlövhəsi altında «Poliqon» informasiya agentliyi (pia.az saytı) tərəfindən də yayılıb. Maraqlıdır ki, icra başçısı məhz sonuncuya istinad edib. İddia ərizəsi aprelin 15-də tərtib edilsə də, onun surəti mənə məhkəmənin 27 may tarixli müşayiətedici məktubu ilə iyunun 19-da çatdırılıb və iyulun 3-də ilk iclas keçirilib».

İltizam Əkbərli

İltizam Əkbərli

Sabiq deputat məqalədə daha çox faktoloji mülahizələrin yer aldığını bildirir:

«Yazdıqlarımın həqiqət olduğunu sübut etmək üçün keçən iclasda məhkəməyə 61 ədəd fotoşəkil, içərisində 4 videoyazı olan disk və çoxsaylı sənəd təqdim etmişəm. Məqalədə rayon sakinləri, müxtəlif iş adamları, jurnalistlər tərəfindən KİV-də yayılan və təkzib olunmayan məlumatlara da istinad olunub, bunlar mənim üçün məsuliyyət yaratmır».

MƏQALƏDƏ NƏ YAZILIB?

Məhkəmə predmetinə çevrilən məqalədə V. Hacıyevin «Bandotdel»də dindirilməyindən tutmuş rayon ərazisində yaşıllıqların məhv edilməsinədək bir çox məsələlərdən bəhs olunur. Məqalədə oxuyuruq:

«İmişli rayon İH-nin başçısı Vilyam Hacıyevin iş adamlarına böyük məbləğdə borcunun yaranması, hətta bu borc məsələsinin DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırılması barədə mətbuatda yazıların dərci rayonda ciddi müzakirə mövzusuna çevrilib.

…Abadlıq adı altında çox qısa müddətdə rayonun yaşıllığı, parkları məhv edilmiş, insanların istirahət yerləri kütləvi şəkildə alqı-satqı predmetinə çevrilmişdir. İş o yerə çatıb ki, hətta rayon mərkəzində yeganə istirahət parkının ərazisi belə satılıb. Rayonun ən bahalı yeri olan bu parkdakı bütün ağaclar qısa müddətdə kökündən çıxarılıb, ərazi isə otel tikintisi üçün sahibkara satılıb.

Rayonun yaşıllığına qarşı belə münasibət bununla qurtarmır. Rayonun digər bahalı ərazisində olan şahmat məktəbi də sökülərək ərazisi sahibkara satılıb. Yeni şahmat məktəbinin tikintisi isə başqa bir ərazidə fəvvarənin sökülməsi, çoxsaylı ağacların kəsilməsi və beləliklə də, insanların axırıncı istirahət yerinin ləğv edilməsi ilə nəticələnib».

«NƏ KİMƏSƏ BORCUM VAR, NƏ DƏ AĞAC KƏSMİŞƏM»

«Mətbuatda mənim iş adamlarına borcumun olması və bununla bağlı məsələni DİN MCQMİ-nin araşdırması barədə göstərilənlər tamamilə yalandır, bu məsələ rayonda müzakirə mövzusuna çevrilməyib».

Vilyam Hacıyev

Vilyam Hacıyev

Bunu isə İmişli rayon icra başçısı Vilyam Hacıyev məhkəməyə verdiyi iddia ərizəsində yazıb. O qeyd edib ki, İmişlidə kiçik bir ərazidə kosmetik işlər deyil, böyük bir ərazidə əsaslı abadlıq-quruculuq və təmir-tikinti işləri aparılır:

«Həmin görülmüş işlər bu gün göz oxşayır. H. Əliyev prospekti üzrə yarı çiy kərpicdən, yarı mişar daşından, yarı betondan, yarı hündür, yarı qısa, hər biri müxtəlif rəngdə rənglənmiş hasarlar əvəzinə, aqlay daşlarla üzlənmiş eyni hündürlükdə, eyni darvazalı bir mənzərə yaratdıq.

…Bildirirəm ki, rayonda parklar məhv edilməyib, istirahət yerləri alğı-satqı predmetinə çevrilməyib, ağaclar kəsilməyib. Şəhər arasında olan ağaclarda budama işləri aparılıb, boş ərazilərə yeni ağaclar əkilib.

«MƏQALƏ DƏRC OLUNANDAN SONRA MÜALİCƏ QƏBUL ETMƏLİ OLMUŞAM»

Vilyam Hacıyev məqalənin onun şərəf və ləyaqəti, işgüzar nüfuzu ilə yanaşı, səhhətinə də zərər vurduğunu bildirib:

«Bütün bu yalan məlumatlar mənə mənəvi ziyan vurur, normal iş qabiliyyətimə mane olur, səhhətimə mənfi təsir edir və iş əmsalımı müvəqqəti olaraq aşağı salır. Buna görə də həkimlərin məsləhəti ilə ambulator müalicə qəbul etməli olmuşam».

İCRA BAŞÇI ONDAN YAZANLARI MƏHKƏMƏYƏ VERİR

Proses iyulun 24-də davam etdiriləcək.

Qeyd edək ki, buna qədər məhkəmələrdə İmişli Rayon İcra Hakimiyyəti başçısı Vilyam Hacıyevin mia.az, vətəninfo.az xəbər portallarına və İmişli sakini Mürşüd Mirzəyevə qarşı da oxşar iddialarına baxılıb.

Şərhləri göstər

XS
SM
MD
LG