Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:04

Balaca futbolçu üçün böyük yolun başlanğıcı... [Video]


-

- Futbola marağın necə yarandı?

- Oynadım, oynadım, gördüm ki, futbol yaxşıdır.

9 yaşlı Xəyal Əliyev Xaçmazın Ağyazı kəndində yaşayır. Bir neçə il əvvəl futbola marağını görən əmisi Ədalət Əliyev fürsəti əldən vermir. Uşağı «İnter» futbol klubunun rayondakı filialına üzv yazdırır. Filialın məşqçisi Zöhrab Əliyev uşaqda topa marağı görəndə bu işə daha həvəslə baş qoşur. Xəyalı futbola daha da yaxınlaşdırır, futbolun sirlərini öyrədir. Xəyal da məşqlərə həvəslə qatılır. Xəyal Əliyev

Xəyal Əliyev

Tezliklə həmyaşıdları arasında ən yaxşı futbol oynayanlardan birinə çevrilir.

Bu yaxınlarda İngiltərənin «Mançester Yunayted» futbol klubunun Azərbaycana gələn nümayəndələri azyaşlılar və yeniyetmələr arasında seçimlər edəndə Xəyal da bu seçimlərə qatılır. Öz həmyaşıdları arasında seçilən yeganə namizəd olur.

Məşqçi Zöhrab Əliyev:

«Xəyal 8-12 yaşlılar arasından seçilən 5 uşaqdan biridir və ən kiçikləridir. Onu da deyim ki, bu seçim ən azı 1000 uşaq arasında aparılmışdı. Məndən uşaq istəyəndə düşündüm ki, «İnter»də oynayan uşaqlar arasında ən şanslısı elə Xəyaldır. Belə də oldu. Yüzlərlə uşağın arasından birinci mərhələdə 32-lik, ikinci mərhələdə 5-lik siyahıya düşdü. İkinci mərhələdə «Mançester Yunayted»in İngiltərədən gələn məşqçiləri də bəyəndilər və valideynləri ilə aralarında razılıq oldu ki, Xəyalı yaxın vaxtlarda İngiltərəyə aparsınlar. Ona fərqlənmə nişanları da bağışladılar».

QABAĞA ÇIXARMAĞA DAHA ÇOX UŞAĞIMIZ OLARDI...

Zöhrab Əliyev

Zöhrab Əliyev

Xaçmazdakı futbol meydançasında Xəyalın topla manevrlərini izləyirik. Balaca futbolçuların məşqləri maraqlı keçir. Sonra da arxalarıyca düşüb duş, geyim otaqlarına yollanırıq. Divarları pas tutmuş, sınıq-salxaq, içərisi zibilliyi xatırladan otaq. Adı duş otağı olsa da duşdan əsər-əlamət yoxdur. Balaca oyunçular gileylənirlər:

- Hamamımıza baxın...

- Buranı da çəkin...

Məşqçi də şəraitdən şikayətlənir:

«Hamar stadionumuz, yaxşı şəraitimiz olsaydı, uşaqlar daha həvəslə futbol oynayardılar. «Mançester Yunayted» kimi məşhur futbol klubları bizə belə şanslar verəndə qabağa çıxarmağa daha çox uşağımız olardı».

Acınacaqlı vəziyyəti kameranın yaddaşına köçürüb balaca futbolçularla sağollaşırıq. Stadiondan uzaqlaşdıqca düşünürük: Yaxşı ki nə çirkab, şəraitsiz, darısqal otaq, nə də narahat məşq meydançası bu azyaşlılarda iri, peşəkar futbol meydançalarına çıxmaq həvəsini boğa bilmir.

İndi Xəyal və ailə üzvləri, ən çox isə onu peşəkar oyunlara hazırlayan məşqçisi onun «Mançester Yunayted»in stadionunda öz həmyaşıdları ilə peşəkar futbol oyunlarına qatılacağı günü səbirsizliklə gözləyir.

Şərhləri göstər

XS
SM
MD
LG