Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:42

İlham Əliyev: «Jurnalistlərin vətənpərvərliyi çox vacibdir»


İlham Əliyev

İlham Əliyev

-


11:30 - İ. ƏLİYEV: «JURNALİST ŞƏHƏRCİYİ SALINACAQ»

«Dünya praktikasında ilk dəfə Azərbaycanda jurnalistlər üçün ev tikilərək istifadəyə verilib. Jurnalistlər maaşları ilə mənzil ala bilməzlər. Mətbuat təmsilçiləri ilə görüşdə ortaya çıxan təşəbbüsə dərhal dəstək verildi». Jurnalistlər üçün tikilən binanın açılışında çıxış edən prezident belə deyib:

Dövlət başçısı dövlətin mətbuata qayğısının davam edəcəyini söyləyib: «Bu gün açılışını etdiyimiz binada yaşayacaq jurnalistlərin sayı 150 nəfərdir. Ancaq dövlətin dəstəyinə ehtiyacı olan, buna layiq olan jurnalistlərin sayı çoxdur. Təşəbbüsü nəzərə alaraq, jurnalistlərə bu sahədə dəstək davam edəcək. İstisna etmirəm ki, bura gələcəkdə jurnalist şəhərciyi olacaq».

İ. Əliyev ətraf ərazilərdə yeni kompleks yaradılacağı, böyük su kompleksi və digər obyektlərin tikiləcəyini söyləyib. Onun sözlərinə görə, bu binada mənzil alanlar arasında müxtəlif mətbu orqanların, müxtəlif siyasi baxışa malik insanlar var: «Bu da göstərir ki, Azərbaycanda heç bir sahədə ayrı-seçkiliyə yol verilmir. Azərbaycanda sağlam ab-hava var, jurnalistlərin fəaliyyəti də bu ab-havanı daha da sağlamlaşdıracaq».

«AZƏRBAYCANDA SÖZ AZADLIĞI TAM TƏMİN EDİLİB»

Dövlət başçısı Heydər Əliyevin senzuranı ləğv etməsi ilə mətbuatın azadlığının genişləndiyini bildirib: «Dünyada olduğu kimi, Azərbaycanda da internet jurnalistikası inkişaf edir. İnternetin yayılması ilə bağlı dövlət tərəfindən proqramlar həyata keçirilir. Belə olan halda biz deyə bilərik ki, Azərbaycanda söz azadlığı tam təmin edilib. Bu, belə də olmalıdır. Azərbaycanda iqtisadi, sosial və ictimai proseslərin gedişi mütərəqqi ideyalar üzərində qurulmalıdır. Ölkəmizdə demokratik cəmiyyətin formalaşmasında jurnalistikanın rolu böyükdür. Gələcəkdə də Azərbaycanda söz azadlığı və digər azadlıqlar tam təmin ediləcək. Bu yaxınlarda icazəli mitinqlərin keçirilməsi üçün də yer nəzərdə tutulub, jurnalistlərə eyvandan baxaraq o aksiyaları işıqlandırması çətin olmaz».

«SON İLLƏR JURNALİSTLƏR MƏSULİYYƏTLƏRİNİ DAHA ÇOX HİSS EDİRLƏR»

İlham Əliyev jurnalistlərin məsuliyyətinin də daim müzakirə mövzusu olduğunu bildirib: «Azad mətbuat olan yerdə jurnalist məsuliyyəti önə çıxır. Son illər jurnalistlər məsuliyyətlərini daha çox hiss edirlər. Mətbuatda təhqiramiz yazılara çox az rast gəlinir. Digər tərəfdən, müasir internet dövründə yalan informasiyanın ömrü uzun ola bilməz. Mətbuat Şurasının da bu məsələləri daim diqqət mərkəzində saxladığını bilirəm. Jurnalistlərin peşəkarlığı barədə heç nə demək istəmirəm, siz özünüz vaxtaşırı bu barədə danışırsınız. Əgər dövlət tərəfindən hər hansı dəstək lazımdırsa, biz bu dəstəyi verəcəyik ki, gənc, peşəkar kadrların hazırlanması prosesi sürətlə getsin. Bütövlükdə jurnalistikamız xalqına, dövlətinə bağlıdır. Bəzən şəxsi, partiya, korporativ maraqlar ortaya çıxır. Buna yol vermək olmaz. Xüsusən gənc dövlətlərdə vətənpərvərlik hissi güclü olmalıdır. Bu, sadəcə şüar deyil. Gənclərimiz vətənpərvər ruhda böyüməli, tərbiyə almalıdır və jurnalistikamızın bu sahədə böyük rolu var. Müstəqillik bizim xoşbəxtliyimiz, böyük dəyərimizdir. Ona görə də jurnalistlərin vətənpərvərliyi çox vacibdir. Dövlət maraqları müdafiə edilməli, dövlətə zərər verən addımlara yol verilməməlidir. Eyni zamanda cəmiyyətdə mövcud olan problemlər ölkə daxilində həllini tapmalıdır».

«VƏTƏNPƏRVƏRLİK ÖNDƏ OLMALIDIR»

Dağlıq Qarabağ məsələsinə toxunan dövlət başçısı bu məsələnin xüsusən xarici mətbuatda işıqlandırılmasını zəruri sayıb: «QHT-lər bu sahədə fəaldır, mətbuat nümayəndələri də xarici mətbuata çıxır. Bu iş daha da genişlənməlidir. Dövlət qrant və digər formalarda bu işə dəstək verməyə hazırdır. Son illər bir neçə ölkə Xocalı soyqırımını tanıyıb. Çünki dövlət və cəmiyyət bu məsələni diqqətdə saxlayır. Dövlət və cəmiyyətin reallıqlarını jurnalistlərdən yaxşı heç kim çatdıra bilməz. Azərbaycan böyük uğurlar qazanıb və bu reallıqları görməməzliyə vurmaq mümkün deyil. Ancaq erməni lobbisi gücləri olan bütün ölkələrdə Azərbaycana qarşı mübarizə aparırlar. İstəyirlər ki, ermənilərin Azərbaycan daxilində yaşaya bilməyəcəkləri barədə təəssürat yaratsınlar. Biz bunu nəzərə almalıyıq. Bu gün internetin resurslarından istifadə edərək tolerantlıq, dini dözümlülük və digər sahələrdəki reallığı dünyaya çatdırılmalıdır».

Prezident çıxışında bir daha vətənpərvərlik məsələsini önə çəkib: «Vətənpərvərlik öndə olmalıdır. Siyasi baxışların toqquşması təbiidir, ancaq biz dövlət maraqlarımızı şəxsi ambisiyalara qurban verməməliyik. Çünki müstəqillik ən böyük dəyərdir və biz müstəqilliyimizi qorumalıyıq. Əfsus ki, hələ də qul psixologiyası ilə yaşayanlar, xaricdə dayaqlar axtaranlar var. Xaric dedikdə onun hansı qütbdə yerləşməsinin mənim üçün fərqi yoxdur. Dünyanın bir çox yerlərində proseslər mənfi istiqamətə gedir, qarşıdurmalar yaşanır. Bizdən çox maraqlarımızı müdafiə edən olacaqmı? Yox».

Tədbirin sonunda Bibiheybət qəsəbəsində jurnalistlər üçün yeni yaşayış binasının təməli qoyulub. Bu mərasimdə də dövlət başçısı iştirak edib.

10:50 - PREZİDENT JURNALİSTLƏR ÜÇÜN TİKİLƏN BİNANIN AÇILIŞINDA İŞTİRAK EDİB

Prezident İlham Əliyev jurnalistlər üçün tikilən binanın açılış mərasimində iştirak edib. Trend-in məlumatına görə, prezident açılış mərasimində çıxış edib.

2010-cu il iyulun 22-də Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb.

09:00 - MİLLİ MƏTBUAT GÜNÜDÜR

İyulun 22-si Azərbaycanda Milli Mətbuat günüdür. Mətbuat bayramının məhz bu gün qeyd olunması Azərbaycan xalqının ilk mətbu orqanı olan «Əkinçi» qəzetinin nəşrə başlaması tarixinə əsaslanır.

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi böyük çətinliklərdən sonra 1875-ci il iyulun 22-də Bakıda ana dilində «Əkinçi» qəzetinin ilk sayını nəşr etdirə bilib.

Bütün Qafqazda əks-səda doğuran «Əkinçi» qəzeti 1875-1877-ci illər ərzində nəşr edilib və cəmi 56 sayı işıq üzü görüb. Ancaq bu qəzetin Azərbaycan mətbuatının formalaşmasında müstəsna əhəmiyyəti olduğu bildirilir.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra prezidentinin sərəncamı ilə «Əkinçi» qəzetinin nəşrə başladığı gün – 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başlayıb.

Hər ilin bu günü ölkədə rəsmi və qeyri rəsmi tədbirlər keçirilir, mətbuat işçiləri müxtəlif mükafatlarla təltif edilir.

Həsən bəy Məlikov (Zərdabi) (1837-1907) - Azərbaycanın görkəmli ziyalısı, Moskva Universitetinin namizədlik diplomu ilə bitirən ilk müsəlman məzun, Azərbaycanın ilk universitet təhsilli alim və müəllimi, islam dünyasının ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi (1869-cu il), təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi («Cəmiyyəti-Xeyriyyə»,1872), 1873-cü ildə öz şagirdləri ilə birlikdə Bakıda Azərbaycan dilində ilk teatr tamaşası göstərən mədəniyyət xadimi (1873-cü il), Rusiyada ilk türkdilli qəzetin – «Əkinçi»-nin naşiri, Azərbaycan mətbuatının banisi (1875-ci il iyul ayının 22-si), Azərbaycanda ilk qızlar gimnaziyası açılmasının təşəbbüskarı, təşkilatçısı, Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri (1906) olub.

Bu arada bu gün Milli Mətbuat günündə Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün inşa olunmuş yaşayış binasındakı mənzillərin açarları sahiblərinə veriləcək. Mətbuatda isə artıq mənzil sahiblərinin adları hallanır. Həmin siyahılarda bir neçə baş redaktorun da adları var, məsələn, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, «525-ci qəzet»inin baş redaktoru Rəşad Məcid və s. İstər mətbuatda, istərsə də sosial şəbəkələrdə xüsusən, baş redaktorlara mənzillərin verilməsi birmənalı qarşılanmır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG