Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:40

"Deyirdilər ki, roman amerikalılara doğma olmayan gerçəkliklərdən bəhs edir, hadisələr amerikalıların dərk edə bilməyəcəyi mühitdə baş verir və orada elə təsvirlər var ki..."

-

Naşirlərin rədd etdiyi şedevrlər


1. Jerzy Kosiński. Boyalı quş

Sosialist Polşasından Amerikaya köçmüş dissident yazar Jerzy Kosińskinin 1965-ci ildə yazdığı və 2-ci Dünya Müharibəsini bir yəhudi yeniyetmənin gördükləri əsasında təsvir edən mübahisəli roman.


Yazıçının "Paris review" jurnalına müsahibəsindən:


"JURNALİST

“Joseph Novak” kimi yazdığınız publisistik kitabların uğurundan sonra ilk romanınız olan "Boyalı quş"un nəşrində çətinliklərlə üzləşmədiniz ki?

KOSINSKI

Bəli, üzləşdim. Əlyazmanı bitirəndən sonra onu dörd dostuma göstərdim. Hamısı New York-da nüfuzlu nəşriyyatların redaktorlarıydı və publisistik kitablarıma görə yazdığım romana da maraq göstərirdilər. Amma dördü də mənə açıq şəkildə dedi ki, onların qənaətinə görə, ilk romanım, sadəcə olaraq, Amerikada çapa münasib deyil.

JURNALİST

Gətirdikləri səbəb nə idi?

KOSINSKI

Deyirdilər ki, roman amerikalılara doğma olmayan gerçəkliklərdən bəhs edir, hadisələr amerikalıların dərk edə bilməyəcəyi mühitdə baş verir və orada elə təsvirlər var ki - xüsusən heyvanlara qarşı zorakılıq - amerikalıların ona dözümü yoxdur. Heç bir nəsr əsəri bu sədləri aşıb uğur qazana bilməz. Xüsusən də "Boyalı quş". Hökmləri beləydi: get, Joseph Novak təxəllüsü ilə yazdığın bestseller publisistik əsərlərə davam et. Soruşdum ki, onların fikrincə, romanımın hansı nəşriyyatda çap olunması ehtimalı lap azdır. Dedilər ki, Vatikanı nəzərə almasaq, Bostondakı nüfuzlu və adlı-sanlı "Houghton Mifflin" nəşriyyatında. Mən əlyazmanı "Houghton Mifflin"ə göndərdim və bir neçə həftədən sonra ordan mənə zəng edib "Boyalı quş"u çap etmək istədiklərini dedilər. Əsər 1965-ci ilin payızında işıq üzü gördü. Sonrakı illərdə mən "Pillələr", "Orada olmaq" və "Xoruz döyüşü meydanı" üçün də nəşriyyat axtaranda belə çətinliklərlə üzləşdim".

(Naşirlərin rədd etdiyi digər şedevrlər haqda qarşıdakı həftələtdə oxuyun)

"Boyalı quş" romanını burda oxu

KOSİNSKİ SÖZÜGEDƏN MÜSAHİBƏDƏ YAZIÇI KİMİ BƏZİ SİRLƏRİNİ DƏ AÇIR


"JURNALİST

Müxtəlif TV və radio tok-şoularında - Carson, Cavett, Long John Nebel və s. - sizin hekayətlərə qulaq asıb sonra da onların bəzilərinə romanlarınızda rast gələn zaman düşünürsən ki, görəsən, doğrudanmı, siz öz hekayətlərinizi dinləyicilər üzərində sınaqdan keçirirsiz. Əgər belədirsə, onları audiotoriyanın reaksiyasına uyğun olaraq nə dərəcədə dəyişirsiz?

KOSINSKI

Romançı kimi, mən ilk öncə, nəql etmək bacarığına malik olmalıyam. Yadımdadır ki, Sovet İttifaqında mən və "Sosial psixologiya"nın bir neçə başqa tələbəsi universitet tərəfindən kolxoza mühazirə deməyə ezam edilmişdik. Kolxoza qatarla gedib gələrdik. Qatarda həmişə, yolumuzun üstündəki bazara gedən kəndlilər olardı, qulaqları da daim tələbələrin söhbətlərindəydi. Bizlərdən biri öz hekayətinə başlar və qatar bazarın yerləşdiyi stansiyaya çataçatda hekayətdəki gərginliyi artırar, dramatik hadisələr bir-birini əvəzlərdi. Kəndlilər ağızlarını açıb dinlər və bircə sözümüzü də buraxmazdılar, gah gülər, gah ağlar, gah da qorxudan gözləri bərələrdi. Qatar bazar olan stansiyada dayanar, amma kəndlilər dinləməyə davam edər, nəyisə qaçıracaqlarından ehtiyat edib çox nadir halda yerlərindən tərpənərdilər. Elə ki qatar platformadan ayrılar və sürət yığmağa başlardı, hekayət qəfildən bitərdi. Kəndlilər yalnız onda ayılardılar ki, stansiyaları artıq keçib. Həftənin axırında hansı tələbənin ki hekayəti daha çox kəndlini beləcə, öz stansiyasında düşməyə qoymazdı, oyunun qalibi olardı. Mən tok-şoulardan hətta stansiyasını buraxsa belə, hekayətlərimə qulaq asmağa hazır olan sərnişinlər kimi istifadə edirəm. Özü də bu asan iş deyil: reklamlar hekayətləri stansiyalardan da tez-tez kəsir. Bir dəfə bir televiziya aparıcısı mənə nəzakətlə xatırlatmışdı ki, bu ölkədə biz söhbətlərə baxırıq. Buna da təəccüblənməyə dəyməz. Amma adətən televiziya tamaşaçılarının ən geniş yayılan reaksiyalarından - ən çox da asan yolla doğrulan gülüşdən mən bir ölçü vahidi kimi istifadə etmirəm. Baxmayaraq ki, romanlarımdan biri - "Orda olmaq" məhz tamaşaçı auditoryası haqqındadır".

Günün bütün mövzuları

XS
SM
MD
LG