Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:00

Kaxetiyada şaftalını sata bilmirlər


Şaftalı
Şaftalı
-
Kaxetiyada kəndli yetişdirdiyi şaftalını sata bilmir. Burada bir kiloqram şaftalını təxminən 20 tetriyə alırlar (10 qəpiyə – red.).

Qurdcaani bələdiyyəsinin sədri Johni Osiashvili-nin dediyinə görə, Gürcüstan-Azərbaycan sərhədində gömrük rüsumunun artması meyvənin satış qiymətini ucuzlaşdırıb.

Qurdcaani rayonundakı Çumlaki kəndinin sakinləri bütün günü, başlarına gün döyə-döyə məhsullarını, ən aşağı qiymətə də olsa, satmağa çalışırlar:

- Bir yeşiyə 3 rubl verirlər. Bu, təhqirdir. Bir yeşiyə 22-24 kq şaftalı yerləşir. Beləcə, 1 kq-ı 20 tetridən də ucuza satırsan.

- Bizə baha başa gəlir. 50 tetriyə satıram, ancaq alan tapılmır.

- Gömrük rüsumları artıb. Burda 20 tetriyə olsa da, gömrükdə 1 lari 30 tetriyə (65 qəpiyə - red.) verirlər.

AZƏRBAYCANI GÜNAHLANDIRIRLAR...

Qurdcaani bələdiyyəsinin sədri Johni Osiashvili-nin fikrincə, gömrük rüsumlarının artması qiyməti ucuzlaşdırıb. O deyir ki, gömrük rüsumunun azaldılması üçün Azərbaycan hökumətinə də müraciət ediblər... Amma nəticəsi olmayıb:
Poti-2008
Poti-2008

«Mövsüm başlamazdan Kənd Təsərrüfatı Nazirliyinə məlumat göndərdik. Nazirlik də öz növbəsində rüsumlarla bağlı Azərbaycan tərəfinə üz tutdu. Ötən il 50 tetri olan rüsum bu il 1 lari 12 tetriyə qaldırılıb (25 qəpikdən 56 qəpiyə – red.). Beləcə, yerli bazarda məhsul ucuzlaşıb. Bu da, təbii ki, haqlı narazılıq doğurur».

Kənd təsərrüfatı məsələləri eksperti Avtandil Korakhashvili bildirir ki, şaftalı tez xarab olduğundan çoxsaylı problemlər yaranır. Soyuducu anbarlar yoxdur deyə, kəndlilər şaftalını uzun müddət saxlaya bilmir. Meyvəni qəbul edəcək emal müəssisələrinin olmaması da çətinlik doğurur.

Avtandil Korakhashvili-nin söylədiyinə görə, şaftalı bahalı meyvə olsa da, Gürcüstan hökuməti satışı gerçəkləşdirməyə hazır deyil:

«İşlək marketinq şəbəkəsi yoxdur. Soyuducu anbarlar, ayrı-ayrı sahə birlikləri və ən başlıcası, emal sənayesi yoxdur ki, şaftalını alıb, emal edərək, ondan daha bahalı məhsul – təbii şirə alsın».

Tbilisi - 21 fevral 2013
Tbilisi - 21 fevral 2013
HÖKUMƏT QARIŞMIR

Kənd Təsərrüfatı Nazirliyindəki ərzaq departamentinin nümayəndəsi Marika Gelashvili deyir ki, nazirlik qiymətin formalaşmasına təsir edə bilməz. Bu, bütövlükdə bazardan asılı məsələdir:

«Bir gündə istehsala başlamaq mümkün deyil, ancaq bu yöndə iş gedir. Kəndlilər bunu anlayışla qarşılamalıdır. İndiki məqamda mövcud durumdan tək çıxış yolu fermerlərin özlərinə alıcı tapmasıdır. Başqa yol görmürəm».

Marika Gelashvili-nin fikrincə, meyvənin Rusiya bazarına çıxarılmasından ötrü gərək məhsul o bazarın sanitar normalarına uyğun gəlsin və fitosanitar sertifikatı alsın. Nazirlik rəsmisi bildirir ki, fermerlər bu prosedurla bağlı məlumatı Kənd Təsərrüfatı Nazirliyindən öyrənə bilərlər.
XS
SM
MD
LG