Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:28

Cəfər Cabbarlının çap olunmayan şeiri tapıldı


Cəfər Cabbarlı
Cəfər Cabbarlı
-

Modern.az saytı Cəfər Cabbarlının nadir bir şeirini oxuculara təqdim edib.

“Açan-solan çiçəklər” adlı həmin şeirin sonunda ərəb qrafikası ilə “F.K. 19” yazılıb. Çox ehtimal ki, bu, Fövqəladə Komissiya (rus dilində “Çerezvıçaynaya Komissiya” - red.) adının baş hərflərinə, həmin idarənin 19 saylı kamerasına işarədir. Bu şeri Sovet dövrünün həbsxana poeziyasınının ilk dəyərli nümunələrindən biri hesab etmək olar.

Modern.az saytı indiyədək Cəfər Cabbarlının heç yerdə işıq üzü görməyən həmin şeirini təqdim edir. İstintaq materiallarının arasından tapılan bu şeir Cəfər Cabbarlının artıq həyatda heç nəyə inamı qalmamasından xəbər verir.

Şeiri saytda C.Cabbarlı irsinin tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Asif Rüstəmli təqdim edib.

Açan-solan çiçəklər

Bən bir güldüm, açılmadan budağımdan dərdilər,
Yaşıl ikən yarpaqlarım əldən-ələ verdilər,
Çox çəkmədən yazıq soldum, topraqlara sərdilər,
İştə budur təbiətin sarsılmıyan dövranı...

Tək çarpışdım, taleyimlə düşdüm, yardım sormadım,
Çox çalışdım, istəgimlə gülər həyat sürmədim,
Az yaşadım, çox ağladım, yazıq bir gün görmədim,
İştə, varlıq Tanrısının ədalətsiz divanı...

İnsanlığı pək sevirkən, ondan uzaq qovuldum,
Hər əyləncəm bir yas oldu, göz yaşımda boğuldum,
Bu talelə ulu Tanrım bilməm neyçün doğuldum?!
Kimlər bilməm yazdı, verdi bu gərəksiz fərmanı...

Bən istərdim bülbül kimi dolaşaydım çəməndə,
Bir gül kimi şənlənəydim səbah yeli əsəndə,
Zalım fələk cəvan ömrüm saldı ağır kəməndə,
Qara məhbəs oldu azad bir bülbülün məskanı...

Xəfif ruzgar səmum kimi ruhum əzdi, uyutdu,
Parlaq günəş ümidlərim şimal kimi soyutdu,
Bütün dostlar, həp insanlar varlığımı unutdu,
Doğru sözdür hər aşiqin olur beş gün dövranı...

Bakı, F.K. 19. 17 iyul 1923

1920-ci il aprelin 27-də Milli hökumətin suqutu C.Cabbarlının taleyində mühüm rol oynayır. Milli hokumətin təhvil verildiyi axşamı milli hərəkatın fəalları, Mirzə Bala Məmmədzadə və C.Cabbarlı başda olmaqla, M.Ə.Rəsulzadənin evində oldular və "Gənc musavatçılar" hərəkatını yaratdılar.

Təşkilatın sədri M.B.Məmməd zadə, katibi isə C.Cabbarlı seçildi. Qeyri-leqal olaraq "İstiqlal" qəzetini nəşr etdirirlər. 1923-cü ildə təşkilatın bir sıra üzvləri ilə yanaşı, C.Cabbarlı da həbs edilir, müəyyən şərtlə azadlığa buraxılır.
XS
SM
MD
LG