Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:58

Jurnalistlərin və itlərin güllələnməsi


Pərviz Cəbrayıl
Pərviz Cəbrayıl
-

"- caaaaan... bu vəhşiliyi törədənin heçmi vicdanı sızlamayıb görəsən?..(("


Pərviz Cəbrayıl


JURNALİSTLƏRİN VƏ İTLƏRİN GÜLLƏLƏNMƏSİ


Mən bu yazını yazmağa başladığım günün dünəni güllələnərək qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun doğum günü idi. Bu qətlin üstünün açılmasına, qatillərin, onların sifarişçilərin yaxalanacağı, qanun qarşısında cavab verəcəyi günə çoxmu qalıb? Güman eləmirəm...

Bu gün isə...

Bu gün “Qanun Nəşrlər Evi”nin direktoru Şahbaz Xuduoğlu Facebook hesabında bir status paylaşıb:

“Nəşriyyatın həyətində ana-bala it yaşayırdı. Soyuqdan qorunmaları üçün yuva qurmuşduq, hər gün yeməyini, suyunu verirdik. Nəşriyyatın bütün işçilərini tanıyırdılar. Uzaqdan gəldiyimi görəndə qabağıma qaçırdılar. Bu gün səhər tezdən gəlib onları güllələyiblər. Bu nə vəhşilikdi? Bu qatilləri saxlayanlar, onlara göstəriş verənlər kimlərdi?! Axı heç yerdə, hətta sahibsiz itləri belə güllələmirlər”.

Ürək ağrıdan mənzərə və hadisə. Statusa şərh yazanların hər biri acısını, hiddətini qəzəbini paylaşıb.

Belə şərhlər var:

- Bizim bir müəllim deyirdi ki, itin iti görməyə gözü yoxdu.

- Ordakı itləri və pişikləri həmişə o tərəfdə işləyən və yaşayanlar yedizdirirlər, baxırlar. Heç kəsə də mane olmur o heyvanlar, sakitdirlər, niyə bu güllələnmə işinə adi yanaşır insanlar, başım çıxmır.

- Hə, statusumuzda şiddətlə qınayaq, bununla da vəssalam-şüdtamam, guya olduq heyvanlara qarşı zorakılığın əleyhdarı.

- caaaaan... bu vəhşiliyi törədənin heçmi vicdanı sızlamayıb görəsən?..((

- Dünyanın heç yerində heyvanları güllələmirlər. Belə hallar heyvan qətliamı kimi qiymətləndirilir. Heyvansevərlər cəmiyyəti və ya istənilən heyvan haqları qoruyucuları olsaydı, bu qanı yerdə qoymazdı. Onları qısırlaşdırmalı və peyvənd etməliydilər.
Elmar Hüseynovun məzarı
Elmar Hüseynovun məzarı

Bəli, Azərbaycan insanı həssasdı. Sahibsiz itə-pişiyə belə ürək ağrısı və ya sevgiylə yanaşa bilir. Bir azərbaycanlı haqda roman yazılsa, təkcə bu heyvan sevgisi detalı onun müsbət obrazının yaranması üçün yetərlidi. Lakin hələ buna qədər bizim nə qədər yolumuz var!..

Biz hələ özümüzü qorumağı və sevməyi bacarmırıq. Özümüzə heç də o itdən-pişikdən yaxşı yanaşmırlar. Bizi hətta it yerinə qoymurlar. Azərbaycan insanının hansısa bir məmurun iti, atı, eşşəyi, pişiyi, ayısı, meymunu qədər dəyəri yoxdu. Heyvanların hüquqlarını müdafiə edəcəyi günə yüz il qalan millətə, xalqa nə yazıq. Özünü, öz hüququnu qoruya bilməyən insan heyvanın hüququnu necə qorusun?

Jurnalistin güllələndiyi, yazıçının bıçaqlandığı ölkədə sahibsiz itlərin güllələnməsi nə qədər təəccüblü ola bilər ki?..

Yox, burda təəccüblü heç nə yoxdu. Necə deyərlər, Əzrayılın işi can almaqdı. Hətta buna görə onu qınamaq da yasaq buyurulub. Çünki heç bir halda fərmanı verən o deyil. Nə itləri güllələyən, bıçaqlayan, qətlə yetirən şəxslərdə günah var, nə yazıçını, jurnalisti. Əsil qatil ölüm hökmünü verəndi. Əlbəttə, sifariş alıb qətli icra edənlər də qanunla günahkar sayılır, lakin heç vaxt onun suçu hökmü verənin suçu qədər ola bilməz.

Azərbaycanda ölüm hökmü ləğv ediləndə (əslində bu, humanist qanundu) anladım ki, bu heç də humanizmdən xəbər vermir. Çünki ölüm hansı şəraitdə həyata keçirilməsindən asılı olmayaraq qüvvədə qalırsa, demək, ölüm hökmünü ləğv edilmiş saymaq olmaz. Azərbaycanın bütün humanist qanunları kimi, bu da imitasiya xarakterlidi və riyakar mahiyyət daşıyır.

Hətta məsələ hökmü verənin, qətli icra edənin kimliyində də deyil. Məsələ cəmiyyətin bu hökmlərə göstərdiyi reaksiyadadı. Bu ölkədə bu ölkənin taleyindən narahat jurnalist qətlə yetirilir, yazıçı bıçaqlanaraq və ya səhiyyə ocağında öldürülür, lakin cəmiyyətdən buna heç bir reaksiya gəlmir. 50-60 yazar-jurnalist astaca səsini qaldırır, bir neçəsi bu qətllərin zəminində alverə gedib vara-dövlətə çatır. Vəssalam. Və biz (özüm də daxil olmaqla öz növbəsinin nə vaxt çatacağını bilməyənlər) güllələnən itlərin dərdini çəkirik. Ancaq dərdi çəkiləsi biri varsa... o da elə susqun cəmiyyətdi. Çünki onlar özlərinin diri gözlü necə öldürüldüklərinin belə fərqində deyillər...

"Azadlıq" qəzeti
XS
SM
MD
LG