Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:04

Yarım ildə mediadan 4 milyondan çox təzminat istənib


Xalid Ağalıyev
Xalid Ağalıyev
-
2013-cü ilin ilk yarısında mediaya qarşı qaldırılmış 36 məhkəmə işində onlardan 4 milyon 240 min manat təzminat istənib. Məhkəmə bu məbləğin 125 min manatının ödənməsi barədə qərar çıxarıb.

Bu məlumatlar Media Hüququ İnstitutunun (MHİ) medianın hüquqi durumu ilə bağlı hesabatında yer alıb. 2013-cü ilin yanvar-iyun aylarını əhatə edən hesabatda ictimai bilgilərə çatım, mediaya qarşı məhkəmə çəkişmələri, fiziki və psixoloji basqılar, jurnalistlərin həbsi, cinayət cəzaları, ittihamlar, teleradio yayımına dair bilgilər əksini tapıb.

MHİ-nin koordinatoru Xalid Ağalıyevin dediyinə görə, mediaya qarşı açılan məhkəmə işlərinin 32-də mediadan cərimə, təkzib və üzr tələb olunub. Mediadan istənən 125 min manatlıq təzminatın 50 min manatını ödəmək «Yeni Müsavat»ın üzərinə düşüb. Qəzetə qarşı bu iddianı «Gilan» Qəbələ Konserv Zavodu qaldırıb. 4 məhkəmə işində jurnalistlərin həbsi tələb edilib.

ƏSAS HƏDƏF «AZADLIQ» VƏ «YENİ MÜSAVAT» QƏZETLƏRİ OLUB

«Yarım ildə tendensiyalardan biri də cərimələr olub. Əvvəllər jurnalistləri həbslə qorxutmağa çalışırdılarsa, indi daha yüksək təzminat tələbləri irəli sürülür. Bu da hədəfi vurmaq üçün yaxşı vasitəyə çevrilib. Altı ay ərzində həm «Yeni Müsavat», həm də «Azadlıq» qəzetləri cərimələrlə bağlı ciddi problemlə üzləşib. «Azadlıq» qəzeti son bir neçə ayda fəaliyyətini dayandırmaq məcburiyyətində qalacağını açıqlayıb. Əvvəlki illərdə olduğu kimi, hədəfə alınan, məhkəməyə verilən qəzetlərin içində «Azadlıq» və «Yeni Müsavat» hədəf götürülüb. Onlara qarşı 20 məhkəmə iddiası, o cümlədən 2 xüsusi ittiham qaydasında şikayət irəli sürülüb».

Əvəz Zeynallı
Əvəz Zeynallı
Xalid Ağalıyevin fikrincə, cərimələr çox vaxt qəzetləri sıradan çıxarmağa xidmət edir, çünki onlar iddiaçıların istədiyi məbləğləri ödəmək gücündə deyillər.

Hesabatda dövlət qurumlarının informasiya sorğularını cavablandırması məsələsinə də toxunulub. MHİ-nin monitorinqinə görə, altı ayda dövlət qurumlarına göndərilmiş 50 sorğudan 19-a cavab verilib. Yalnız bir sorğu, qanunda göstərildiyi kimi, 7 iş günü müddətində cavablandırılıb.

7 JURNALİST HƏBSDƏDİR

Media Hüququ İnstitutu 2013-cü ilin yanvar-iyun aylarında böhtan və təhqirlə bağlı cinayət işi irəli sürülmədiyini bildirir və bunu sevindirici hal sayır. Ancaq ümumi mənzərə dəyişməyib:

«2010-2011-ci illərdə 8-10 jurnalist həbs edilirdisə, indi 7 jurnalist həbsdədir. Sadəcə, yenilik odur ki, heç kim diffamasiyaya, yəni qarayaxmaya görə həbs olunmayıb. Amma həbsdəkilər, 2 il əvvəlkilər kimi, tənqidçi jurnalistlərdir. Onların yazılarını hökumət narazılıqla qarşılayıb».

REKLAM BAZARI OLMASA...

ReAL-ın icra katibi Natiq Cəfərli tədbirdə çıxış edərək, bütün problemlərin kökündə iqtisadi müstəqillik probleminin dayandığını söyləyib:
Natiq Cəfərli
Natiq Cəfərli

«Azərbaycanda medianın maliyyə qaynaqları birbaşa və dolayı yolla hökumətin əlindədir. 2011-ci ilin sonunun rəqəmlərinə görə, ölkədə ümumi reklam bazarı 80 milyon dollardır. Bunun 2 milyonu çap mediasına məxsusdur. Əhalisi bizimkindən bir milyon çox olan Macarıstanda çap mediasına düşən reklam payı 130 milyon avrodur. Bu reklam bazarı olmasa, media müstəqil pul qazanmasa, problemlər həmişə olacaq. Hökumət indi media orqanlarına, hətta müxalifət qəzetlərinə pul ayrılmasını reklam edir, halbuki bu, biabırçı faktdır və sivil dünyada qəbul edilən bir şey deyil. Türkiyədə ən az satılan qəzetin köşə yazarı 7 min lirə (təxminən 3 min 500 manat – R.A.) maaş alırsa, amma Azərbaycanda 10 il işləyən jurnalist özünə ev ala bilmirsə və ona hökumət ev verib, minnət də qoyursa, absurd bir işdir».

«SEÇKİ İLİ VƏZİYYƏTİ AĞIRLAŞDIRIR»

MHİ-nin koordinatoru Xalid Ağalıyevin fikrincə, medianın hüquqi durumu ötən illərlə müqayisədə get-gedə ağırlaşır:

«Bu, həm iddiaların sayında, informasiya əldə etməyin çətinliyində, həm də fiziki, psixoloji basqılarda özünü göstərir. Bir məqamı da vurğulayım ki, adətən, seçki illərində medianın durumu daha da çətinləşir. Builki pisləşmədə də seçki ilinin öz rolu var».
XS
SM
MD
LG