Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:21

İ. Əliyev: «Rüşvətxorluq üçün mövcud meydanı daraltmalıyıq»


İlham Əliyev
İlham Əliyev
-

«Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə gözəl səmərəsini verir. Bunu həm ölkə əhalisi hiss edir, eyni zamanda, bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar da bunu qeyd edirlər».

Bu sözləri prezident İlham Əliyev iyulun 18-də Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında deyib. Prezident bildirib ki, bu yaxınlarda beynəlxalq təşkilatlar tərəfindən aparılan sorğu da onu göstərir ki, Azərbaycan əhalisi korrupsiyaya qarşı mübarizənin aparılması ilə bağlı atılan addımları alqışlayır:

«Əhalinin təxminən 70 faizi hesab edir ki, Azərbaycanda bu istiqamətdə çox ciddi və səmərəli mübarizə aparılır. Deyə bilərəm ki, dünya miqyasında bu göstərici təxminən 20 faiz səviyyəsindədir. Azərbaycanda isə 70 faiz səviyyəsindədir».

Prezident həmçinin qeyd edib ki, «korrupsiya, rüşvətxorluq üçün mövcud olan meydanı maksimum dərəcədə daraltmalıyıq»:

«Cəza tədbirləri tətbiq olunur və tətbiq olunacaq. Eyni zamanda inzibati tədbirlər və sistem xarakterli addımlar atılır və atılacaq. Onların içində əlbəttə ki, elektron hökumət, elektron xidmətlər xüsusi yer tutur».

Dövlət başçısı «Asan xidmət»in fəaliyyətinə də toxunub. Bildirib ki, qısa müddət ərzində əhali arasında böyük rəğbət qazanan bu xidmət öz fəaliyyətini genişləndirir:

«Mənim göstərişimlə orada göstərilən xidmətlərin sayı da artır. Gələcəkdə biz baxmalıyıq ki, orada qısa müddət ərzində toplanan təcrübəni biz başqa sahələrdə də necə tətbiq edə bilək. Biz bunu edəcəyik, bu bizim seçdiyimiz yoldur. Eyni zamanda, əlbəttə ki, dövlət məmurlarının məsuliyyəti də bu məsələdə öz rolunu oynayır, oynamalıdır. Hər bir dövlət məmuru korrupsiyaya qarşı çox ciddi mübarizə aparmalıdır. Hər idarə rəhbəri bu prinsipləri əsas tutmalıdır. Çünki Azərbaycanın sürətli inkişafı reallıqdır.

Gələcəyimiz çox parlaqdır. Azərbaycan bir daha demək istəyirəm ki, inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir, mütləq bu, olacaqdır. Ona görə də biz bütün xoşagəlməz halları aradan götürməliyik və elə etməliyik ki, bu göstəriciyə görə də Azərbaycan dünyada qabaqcıl yerlərdə olsun».
PREZİDENT İLİN 6 AYINA QİYMƏT VERDİ

«Son parad Azərbaycan Ordusunun qüdrətini bir daha göstərdi».

Prezident İlham Əliyev ümumiyyətlə ilin 6 ayının göstəricilərinin müsbət olduğunu, qarşıya qoyulan bütün vəzifələrin uğurla icra edildiyini deyib.

O, ilin birinci yarısında ümumi daxili məhsulun 5, qeyri-neft sektorunun 11 faiz artdığını bildirib.

Prezident deyib ki, xarici investorların Azərbaycana inamı ölkənin ümumi inkişafını əks etdirir.

«12.6 milyard dollar səviyyəsində qoyulan sərmayə çox gözəl göstəricidir. Əgər bu temp saxlanıla bilsə, ilin sonuna kimi bu sərmayələrin səviyyəsi 25 milyard dollara çatacaq».

Valyuta ehtiyatlarının 48 milyard dollardan çox olduğunu deyən prezident maaşların da xeyli artdığını, bölgələrin inkişaf etdiyini bildirib:

«Altı ayda əhalinin pul gəlirləri 7 faizdən çox artıb, inflyasiya isə cəmi 2 faiz olub. Maaşlarda artım qeydə alınıb, orta maaş 520 dollar, orta pensiya 200 dollar səviyyəsindədir. Ölkəmizin bölgələri də sürətli inkişaf dövrünü yaşayır, rayonlar, kəndlər abadlaşır, böyük sənaye müəssisələri yaradılır, işsizliyin səviyyəsi azalır. Bu ilin sonunda başa çatacaq regionların inkişafı üzrə ikinci Dövlət proqramı, eyni zamanda, Bakı və ətraf qəsəbələrin inkişafı proqramı uğurla icra edilir».

Prezident növbəti aylarda regionlarda kənd yollarının tikintisinin davam etdirilməsinə böyük diqqət göstəriləcəyini vurğulayıb.

Dövlət başçısı Bakı-Tbilisi-Qars dəmiryolunun, Xəzərdə ən böyük dəniz limanının tikintisinin də uğurla davam etdirildiyini söyləyib. /President.az/
XS
SM
MD
LG