Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:16

Jurnalın üz qabığı Amerikada qalmaqal yaratdı


"Rolling Stone"
"Rolling Stone"
-

Boston partlayışlarından cəmi üç ay keçib və amerikalılar bu travmadan hələ tam xilas ola bilməyiblər.

Belə bir məqamda Amerikanın pop mədəniyyət dərgisi "Rolling Stone" üz qabığında çap olunan şəkillə böyük qalmaqal yaradıb.

Üz qabığında Boston bombaçısı Dzhokar Tsarnaev-in şəkli yer alıb.

Ağ üzlü, qıvrım saçlı, bığ-saqqalı yenicə çıxmağa başlayan bir gənc…

Bombaçı olduğunu bilməyənlər onu hansısa seks simvola oxşadarlar.

Adətən üz qabığına rok musiqiçilərinin, ya da Hollivud aktyorlarının şəklini verən jurnal niyə Boston marafonunda qardaşı ilə birlikdə terror aktı törədib 3 nəfəri öldürməkdə, 260-dan çox insanı yaralamaqda təqsirləndirilən gəncin şəklini seçib?

Şəklin altında yazılıb:

“Populyar, perspektivli gənc necə oldu ki, ailəsinin nəzarətindən çıxdı və radikal İslama yuvarlanıb qorxunc varlığa çevrildi?”

Jurnalın üz qabığı İnternetə qoyulan kimi sosial şəbəkələrdə sürətlə yayılmağa, paylaşılmağa başlandı, minlərlə insan öz nifrətini ifadə etdi və jurnalı terrorçunu məsum varlıq kimi təqdim etməkdə günahlandırdılar.

"Rolling Stone" dərgisinin Facebook səhifəsində hətta söyüş dolu mesajlar qoyulmağa başlanıb. Bəzi abunəçilər bildiriblər ki, abunəni ləğv edirlər.
Bir oxucu isə 1982-ci ildən bəri jurnalın abunəçisi imiş. Jurnalı buraxanlara daha sözü olmadığını yazır və abunədən imtina edir:

“Bu… (söyüşü çıxarmışıq – red.) niyə üz qabığına vurmusuz? Bu zarafatdır? Musiqi-əyləncə jurnalının üz qabığına bu sifəti yapışdırmaq iyrənc hərəkətdir”.

Başqa bir oxucu qeyd edir ki, bu, Bostondakı partlayışda həlak olanların ruhuna hörmətsizlikdir.

Bundan sonra söyüş və abunənin ləğvi haqda qeyd gəlir.

Eyni cür nifrət dolu fikirlər Twitter-də də yer alıb

Bombaçı haqda məqaləni Janet Reitman yazıb. İki ay Tsarnaev-in dostlarını, sinif yoldaşlarını, müəllimlərini, polis əməkdaşlarını danışdırıb. Məqalənin mahiyyəti budur ki, yaraşıqlı, suyuşirin uşağın dünyagörüşünü dəyişən, onu terrorçu edən nə oldu?

İctimai rəy artıq jurnalın satışına da təsir edir. Amerikadakı bir neçə supermarket şəbəkəsi jurnalın bu sayını satmaqdan imtina edib.

Qalmaqaldan bir neçə saat sonra jurnalın redaktorları Facebook-da belə bir açılama yayıblar:

Açıqlamada qeyd edilir ki, jurnal əməkdaşları Boston terrorunun qurbanlarını hörmətlə anırlar. Amma eyni zamanda hesab edirlər ki, üz qabığı və məqalə jurnalın sadiq qaldığı ciddi jurnalistika ənənələrinə uyğundur. Dərgi qeyd edir ki, Tsarnaev kimi onların oxucularının da bir çoxu gəncdir və belə bir faciənin necə baş verdiyini onlar üçün aydınlaşdırmaq mühümdür.
XS
SM
MD
LG