Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:33

Bloqqer Navalny şərti azadlığa çıxdı [Video və TimeLine]


-

Kirov Regional Məhkəməsi bloqqer Aleksey Navalny və Peter Ofitserovu şərti azadlığa buraxıb. İyulun 19-da səhər saatlarında keçirilən məhkəmədə hakimin qərarından sonra Aleksey Navalny məhkəmə zalından azad edilib.

A. Navalny ona dəstək olan minlərlə insana minnətdar olduğunu deyib:

«Dünən Manejka və başqa meydanlarda etiraza çıxan adamların dəstəyinə görə minnətdaram. Hər kəsi qucaqlamaq istəyirəm. Azadlıqda olduğum müddətdə mübarizə aparmağa vaxtımız var- biz mübarizə aparacağıq. Mən Moskvaya, qərargahıma qayıdıb məsələləri müzakirə edəcəm».


[NAVALNY-NIN SİYASİ KARYERASININ TARİXÇƏSİ İLƏ MƏTNİN SONUNDA TANIŞ OL]

Aleksei Navalny-nın həbsinə etiraz edən onun tərəfdarları Moskvada şəhər rəhbərliyi ilə razılaşdırılmayan aksiya keçirirlər. Aksiyadan canlı yayım:


Navalny haqda məhkəmə qərarı çıxan kimi ABŞ-ın Rusiyadakı səfiri Michael McFaul Twitterdə yazıb: “Biz Navalnynın məhkum olunmasından və məhkəmədə açıq-aşkar siyasi motivlərdən çox təəssüflənirik”

***
Navalnynın təmsilçisi Leonid Volkov deyib ki, Navalny məhkəmə qərarından sonra Moskva meri seçkilərində iştirak etməmək barədə ilkin qərar verib.

Volkov Exo Moskvı radiosuna deyib ki, onlar Navalnynıən tərəfdarlarına müraciət edəcəklər ki, mer seçkilərini boykot etsinlər.

***
Navalny-ya qarşı daha 3 cinayət işi var:

Birinci iİttihama görə, Navalnynın başçılıq etdiyi reklam şirkəti Sağ Qüvvələr Birliyindən 2007-ci ildə 3 milyon dollara yaxın pul mənimsəyib.

İkinci ittiham Navalnynın və onun qardaşının sahibi olduğu poçt xidmətləri şirkətinin Yves Rocher kosmetik mallar şirkətini aldatması barədədir.

3-cü ittiham Navalnynın Kirov vilayətində Urjum araq zavodunun qanunsuz özəlləşdirməsi haqdadır.

***

Rusiya məhkəməsi Rusiyanın məşhur bloqqeri Aleksei Navalnynı 16 milyon rublluq (500 min dollar) mülkiyyəti mənimsəməkdə günahkar bilib. Məhkəmə Navalnynı
500 min rubl cərimə edib və onu 5 illik həbsə məhkum edib.

Navalnynın tərəfdarları bu məhkəməni və ittihamları siyasi motivli adlandırırlar.

Kirov şəhərinin məhkəməsində hakim Sergei Blinov hökmü elan edir: “Məhkəmə müəyyən edib ki, Navalny mənimsəmə cinayətinin təşkilatçısı və idarə edəni olub.
Başqa sözlə, ona etibar olunmuş əmlakı külli miqdarda oğurlayıb”.

Hakim Navalny 2009-cu ildə Kirov vilayətində qubernatorun müşaviri olanda Kirovles şirkətindən yarım milyon dollarlıq vəsaiti necə mənimsədiyinin detallarını açıqlayıb. Hakimin sözlərinə görə, Navalny pulu başqa şirkətin başçısı ilə birlikdə saxta biznes müqavilələrlə mənimsəyib.

Blinov: “Öz maraqlarından çıxış edən Navalny öz tərəfdaşı Ofitserovla birlikdə cinayəti təşkil edib və onun icrasına nəzarəti planlaşdırıb. Onlar Kirovlesin əmlakını öz nəzarətlərində olan yeni yaradılmış şirkətin xeyrinə mənimsəməyi planlaşdırıblar. Bu yeni şirkəti Ofitserov yaratmışdı və idarə edirdi.”

Ofitserov həmin o Vyatka şirkətinin baş direktoru olub. Məhkəmə ona 4 il həbs cəzası kəsib.

Hakim Blinov deyib ki, Kirovlesin direktoru Oplaev Navalny barədə ifadə verib. Hakim bu ifadəni etibarlı sayır. Kirovlesin direktoru Opalev də məhkum olunub, ancaq onun cəzası şərtidir.

Navalny həmin ifadə barədə bildirmişdi ki, Opalev ona qara yaxır, çünki Opalevə xəbərdarlıq olunub ki, onu işdən qovacaqlar və korrupsiya ittihamı ilə istintaq başlanacaq.

MER SEÇKİSİ

Məhkəmə qərarından bir gün qabaq Navalnynın Moskva meri vəzifəsinə namizədliyi təsdiq olunub.

Navalnynın appelyasiya imkanları tükənməyincə, o, seçki kampaniyasında iştirak edə biləcək. Ancaq həbsxanada qalsa, bu, onu seçkidən qıraqda saxlayacaq.

Levada mərkəzinin sorğusuna görə, Navalny Moskva meri seçkisini udmağa ikinci ən populyar namizəddir.
Onu rəyi soruşulanların 8 faizi dəstəkləyir.

Navalnynın təmsilçisi Volkov: “Navalny bu gün indiki mer Sobyaninin yeganə real rəqibidir”.

Navalnynın tərəfdarları Moskvada bloqqerin müdafiəsinə nümayiş keçirmək istəyir.

Navalny bloq yazmağa 2008-ci ildən başlayıb. O dövlətin nəzarətində olan iri şirkətlərdə korrupsiyanı tənqid edirdi. Dövlətin nəzarətində olan media Navalnynın yazdıqlarına məhəl qoymayanda Navalny öz yazdıqlarını sosial mediada yaymağa başladı.

2011-ci il parlament seçkilərindən sonra müxalifətin nümayişində Navalny ilk dəfə qısa müddətə həbs olundu.

Həmin seçkidən qabaq Navalny rusiyalılara müraciət etmişdi ki, hakim Vahid Rusiya Partiyasına səs verməsinlər. O, bu partiyanı “oğrular partiyası” adlandırırdı.

Navalny Putinin tənqidçisidir.

ASHTON QANUNUN ALİLİYİNİ SUAL ALTINA ALIR

Avropa Birliyinin Xarici Siyasət rəhbəri Catherine Ashton Navalny və Ofitserovun məhkum olunması haqda xüsusi bəyanat verib: “Onlara qarşı ittihamlar məhkəmə dövründə əsaslandırılmadı”. “Bu və proseduralarda çatışmazlıqlar Rusiyada qanunun alililiyinin vəziyyəti haqda ciddi suallar doğurur”.

Amnesty İnternationalın Moskva ofisinin rəhbəri Sergei Nikitin: “Navalnynın məhkum olunması Rusiyada insan haqları ilə bağlı vəziyyətin pisləşdiyini göstərir”.
Memorial insan haqları təşkilatından olan Aleksandr Cherkasov: “bu günki məhkəmə qərarı siyasi motivlidir”.

SON YAZI

Navalny məhkəmə zalından da Twitterdə yazmaqda davam edirdi. Onun məhkəmədən son mesajı belə olub: “Hər şey əladır. Məni unutmayın. Ən vacibi odur ki, tənbəl olmayın. Qurbağa neft borusundan özü çıxa bilməz”.

Günün bütün mövzuları

XS
SM
MD
LG