Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:24
-
Avropa Məhkəməsindən gələn məktub düz 20 gündən sonra, axır ki, ünvanına yetişdi.

Söhbət Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı Azərbaycan hökumətinə göndərdiyi sualların cavabından gedir. Sualları cavablamaq üçün Azərbaycan hökumətinə iyunun 18-dək vaxt verilibmiş. Avropa məhkəməsi cavabları iyunun 26-da vəkillərə göndərib – tanış olmaları və şərh vermələri üçün. Amma...

İYUNUN 26-DA GÖNDƏRİLƏN MƏKTUB İYULUN 17-DƏ ÇATIB...

Tam 12 gündən sonra vəkil Fuad Ağayev Avropa Məhkəməsinə ünvanladığı məktubda cavabın gəlməməsindən narahatlığını dilə gətirib. Avropa Məhkəməsi məktubla bildirib ki, cavabı çoxdan göndəriblər. Məsələnin məzəli və bir o qədər acı tərəfi də budur – 2-ci məktub çatıb, amma birincisi yox.

Vəkil Fuad Ağayev təbii bir sual verir: Axı necə olur ki, məktub Bakıdan Strasburqa 2-3 günə çatır, amma Strasburqdan Bakıya hələ də gəlmir? Və beləcə, olayı araşdırmaq fikrinə düşür:

«Bu məsələni araşdırmaq üçün Baş Poçt İdarəsinə getdim. Bizim əraziyə baxan poçt şöbəsindən bildirdilər ki, məktub iyulun 5-də onlara daxil olub və poçtalyonun səhvi ucbatından gecikib. Məktubun 20 gündən çox gecikməsi, özü də Avropa Məhkəməsinin üstün önəm verdiyi işlərlə bağlı məktubların gec çatması şübhə yaradır».

YUBADILMADAN ÇIXARILAN DƏRS

Fuad Ağayev belə problemlə ilk dəfə rastlaşmadığını deyir və bildirir ki, özəlliklə məktubların çatdırılmasında problemlə üzləşir.

Amma məktubların vaxtında göndərilməməsi də adamları çətinə salır. İyulun 17-də vizanı – ölkəyə giriş iznini gec alan BMT-nin xüsusi məruzəçisi məhz bu səbəbdən Bakıda keçirilən tədbirə qatıla bilməyib:
İntiqam Əliyev

İntiqam Əliyev


«Vizam gec çatdığına görə Bakıya gələ bilmədim. Amma bu, bizə dərs oldu – növbəti dəfə viza üçün daha tez müraciət edəcəyik».

«ZƏRFLƏR AÇILIB, MƏKTUBLAR OXUNUR»?

Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev son zamanlar poçtda yubanma hallarının ciddi problemə çevrildiyini bildirir. Onun dediyinə görə, tək problem gecikmə deyil, həm də poçtla göndərilən sənədlərin gizlicə oxunmasıdır:

«Poçt sənədlərinin vaxtlı-vaxtında çatdırılması son zamanlar ciddi problemlər yaradır. Avropa Məhkəməsi ilə, digər beynəlxalq təşkilatlarla poçtla əlaqə saxlarkən, çətinliklər gözümüzə durur. Göndərdiyimiz və ya ordan bizə göndərilən zərflər də açılır, yoxlanır».

Bu şübhəni vəkil Fuad Ağayev də bölüşür:

«Zərflərin açılıb yenidən yapışdırılmasına da dəfələrlə şahid olmuşam. Hətta bəzi hallarda başdansovdu yapışdırıblar».

«20 GÜN YUBANMA MÜMKÜN DEYİL»

Məktublar niyə gecikir? Zərflərin açılıb məktubların gizlin oxunması barədə iddialar nə dərəcədə əsaslıdır? Həmin sualları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi poçt sektorunun müdiri Novruz Məmmədov cavablayır:

«Məqsədindən, məramından asılı olmayaraq məktubların göndərilməsində, çatdırılmasında problemlər yaranır. Belə problemləri adi qarşılamalıyıq. Özəlliklə Rusiyaya göndərilən məktublar gecikir. Rusiya tərəfinin özü də bunu etiraf edir və gecikməni çeşidləmə işinin zaman almasına bağlayır. Amma 20 gün yubanma ola bilməz. Bu, mümkün deyil. Sizi əmin edirəm ki, Azərbaycana daxil olan poçt ən geci 2-3 günə sahibinə çatdırılır».

Foto: Arxiv

Foto: Arxiv

Novruz Məmmədov məktubların açılıb oxunmasına dair iddiaları qətiyyətlə rədd edir.

GÖNDƏRƏNDƏ 2 GÜN, ÇATANDA...

Vəkil Fuad Ağayev məktubların göndərilməsi ilə bağlı problemə çıxış yolu tapıb:

«Poçt göndərişlərindən istifadə edərkən, dövlət poçt idarəsinin deyil, yalnız beynəlxalq şirkətlərin yerli nümayəndəliklərinin sürətli poçt xidmətlərindən yararlanırıq. Beləcə, bizim məktublar ən qısa zamanda ünvanına çatır. Məsələn, Strasburqa məktub 2-3 günə, lap geci 3-4 günə yetişir. Amma Avropa Məhkəməsindən olan göndərişlər Azərbaycan sərhədlərini keçəndən sonra çatdırılmaya dövlət poçtu məsuliyyət daşıyır. Problemlər də elə bundan sonra başlanır».

Fuad Ağayev çatdırılma ilə bağlı problemlərin tez-tez baş vermədiyini də vurğulayır və belə halların aktual siyasi məsələlərlə bağlı işlərə tuş gəlməsinin olayın bilərəkdən törədilməsi təsəvvürü yaratdığını bildirir.

Şərhləri göstər

XS
SM
MD
LG