Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:25

Hamımız Məmmədəliyə borcluyuq


Memmedeli Mahmudov
Memmedeli Mahmudov

Mən bu xəbəri oxuyandan sonra özümü təpiklər altında linc olunmuş kimi hiss edirdim...

-

Bu ailədə Azərbaycana qarşı heyrətamiz dərəcədə böyük sevgi heç indi də bilmirəm nədən qaynaqlanırdı, haradan gəlirdi...


Məti Osmanoğlu


HAMIMIZ MƏMMƏDƏLİYƏ BORCLUYUQ


Şəkildə soldan üçüncü, qara köynəkli kişinin adı Məmmədəlidir.

Şəkil bu il aprelin 19-da – Məmmədəli türmədən doğma ocağına, ailəsinin yanına qayıdan gün çəkilib.

Əslində, dustaqlıq müddəti fevralda bitmişdi, lakin onun cəzasını artırmışdılar. Məmmədəlinin sol tərəfindəki ailə üzvləridir – qızı Vətən və həyat yoldaşı Gülsara. Məmmədəli ilə Gülsaranın iki övladı da var: Sabah və Babur. Onlar bu şəklə düşməyiblər.

Ailənin üzündəki tutqun, yaralı sevincin, Gülsara xanımın gözündəki min ilin əzabının, yəqin ki, hamınız fərqindəsiniz.

Ancaq mən bu şəkildən heç kəsin görə, fərqində ola bilməyəcəklərini oxuyuram. Və bu şəkildəki insanların qarşısında özümü əbədi borclu sayıram.

Əslində, oliqarxından kasıbına, siyasətçisindən şou adamlarınacan bizim hamımızın, hansı coğrafiyada yaşamağından, hansı ictimai mövqeyi təmsil etməsindən asılı olmayaraq bütün azərbaycanlıların Məmmədəliyə və ailəsinə borclu olduğunu düşünürəm. Tam ciddi deyirəm. Ən azından gözaydınlığı, təskinlik, gücümüz çatsa, minnətdarlıq borclusu...

1990-cı ilin fevral ayının əvvəllərini xatırlayıram. Sovet qoşunlarının Azərbaycanda törətdikləri 20 Yanvar soyqırımından sonra Azərbaycan yas içində idi. Bakıda fövqəladə vəziyyət elan edilmişdi, küçələrə əli avtomatlı sovet əsgərləri nəzarət eləyirdilər. Dünya ilə əlaqələrimiz qırılmışdı, televiziya yayımları, qəzet-jurnal nəşri dayandırılmışdı. Axşamlar radionun başına yığışırdıq, “Azadlıq”dan Mirzə Xəzəri dinləməyə.

O vaxt Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində çalışırdım. Mərkəzin direktoru, rəhmətlik Aydın Məmmədov:
Məmmədəli Mahmudov orta yaşlarında
Məmmədəli Mahmudov orta yaşlarında

- Sənin Orta Asiyada etibarlı dostların var!? – Bu həm sual idi, həm də təsdiq.
Fikirləşmədən cavab verdim:

- Məmmədəli əkə ordadır!.. (“Əkə” özbəklərin vazkeçilməz etiket sözüdür – böyük qardaş mənası daşıyır)

Aydın Məmmədov Məmmədəli Mahmudovu SSRİ yazıçılarının qurultayından tanıyırdı. Deyəsən, ötəri ünsiyyətləri də olmuşdu. Məmmədəli qurultayda kəskin çıxış etmiş, SSRİ rəhbərliyinin türk xalqlarına pambıq plantasiyalarında işlədilməyə məhkum edilmiş qul münasibəti bəslədiklərini bildirmiş və təklif etmişdi ki, pambığın əhəmiyyəti bu qədər böyükdürsə, Ararat vadisində də pambıq əksinlər...

- Gedib, heç olmasa, özümüzünküləri məlumatlandırmaq, faciəmizi öz türk soydaşlarımıza çatdırmaq lazımdır, heç kəs bizim səsimizi eşitmək istəmir... – Aydın müəllim mənə “tapşırığını” verdi.

O vaxt Tərcümə Mərkəzində çalışan şair dostum Akif Əhmədgillə birlikdə ezamiyyə sənədlərimizi hazırladıq. Bir çemodan kağız-kuğuzla (Bakının 20 Yanvar mənzərələrini əks etdirən fotolar, “Səhər” və “İdman” qəzetlərinin xüsusi buraxılışları (başqa qəzetlərin nəşri dayandırılmışdı) və Azərbaycan SSR Ali Sovetinin 20 Yanvarla bağlı xüsusi qərarının surətləri) Daşkəndə yola düşəsi olduq. Orada iki gün qalandan sonra Qırğızıstana və Qazaxıstana baş çəkməli, missiyamızı bu qardaş ölkələrdə davam etdirməli idik...

Məmmədəli Mahmudov və hazırda siyasi mühacirətdə olan böyük özbək şairi Məhəmməd Salihlə səhər tezdən Özbəkistan Yazıçılar İttifaqının binasında görüşdük (həm Məmmədəli Mahmudov, həm də Məhəmməd Salih o vaxt Yazıçılar İttifaqında katib vəzifəsində çalışırdılar, təşkilatın rəhbəri isə Özbəkistan nəsrinin görkəmli ustadı Adil Yaqubov idi). Məlum oldu ki, özbək ziyalıları, ümumiyyətlə, Özbəkistan əhalisi Bakının 20 Yanvar faciəsinin mahiyyəti, burada baş verənlər barədə, demək olar, xəbərsizdir.

Sovet təbliğat maşınının yaydığı dezinformasiya isə insanların çoxunu çaş-baş salmışdı: azərbaycanlılara qarşı törədilən 20 Yanvar qırğını erməniləri “xilas etmək üçün” yerinə yetrilmiş zəruri aksiya kimi təqdim olunur, insanların beyninə “xilasedici tədbir” kimi yeridilirdi.

Günorta Məmmədəlinin evində nahar elədik. Şəkildə gördüyünüz Gülsara xanım və Vətən (mən bu ailəni əvvəldən tanıyırdım) Azərbaycanda baş verənləri öz dərdləri kimi qarşıladılar, gözlərində bu şəkildəkinə bənzər bir kədərlə bizə təsəlli verdilər. Bu ailədə Azərbaycana qarşı heyrətamiz dərəcədə böyük sevgi heç indi də bilmirəm nədən qaynaqlanırdı, haradan gəlirdi. O vaxt məktəbli olan Vətən Bakıdan bir qızla yazışırdı, ən böyük arzularından biri Bakıya gəlmək, burada oxumaq idi...
Məti Osmanoğlu
Məti Osmanoğlu

Günortadan sonra Yazıçılar İttifaqının qarşısında gördüyümüz mənzərəni bütün detalları ilə təsvir etmək çətindir. Şəhərin ən gəliş-gedişli yerlərindən olan küçədə böyük lövhələr qurulmuş, Bakıdan apardığımız sənədlərin surətləri artırılaraq səliqə ilə lövhələrə yapışdırılmışdı. Axşama yaxın şəhərin müxtəlif yerlərindən insanlar dəstə-dəstə buraya gəlir, yoldan keçənlər ayaq saxlayır, 20 Yanvar şəhidlərinin xatirəsini yad edir, səkiyə qərənfillər düzür, şamlar yandırırdılar. Axşam Daşkənddə yaşayan azərbaycanlılarla da görüşümüz oldu. Həmin gün Daşkənd şəhərində bizə yaxın olan insanlar Bakının dərdini bölüşürdülər və bu məndə hüznlü bir qürur hissi yaradırdı.

Sonrakı gün məlum oldu ki, dövlət təhlükəsizlik orqanlarının nümayəndələri bizim izimizə düşüblər. Məmmədəli əkə gün ərzində yanımızdan aralanmadı, axşama qədər bir yerdə olduq. Nahar vaxtı tanımadığımız adamlarla əyləşdiyimiz süfrə arxasındakılardan birinin KKB-də işləyən Mişa adında erməni olduğu aşkara çıxdı. O bizi dinləyəndən sonra Azərbaycanda olanlardan təəssüfləndiyini bildirib, başsağlığı verdi.

Daşkənddən Qırğızıstanın paytaxtı Frunzeyə (Bişkekə) gecə avtobusla yola düşdük – bizi Yazıçılar İttifaqının cavan işçiləri yola saldılar. Frunzeyə çatandan az sonra “günün qəhrəmanına” çevrilmişdik. Rəhmətlik Çingiz Aytmatov bizi qəbul etmədi. Bizə bildirdilər ki, burada yerli televiziya əhaliyə müntəzəm xəbərdarlıqlar edir, insanlar “təxribata” uymamağa çağırılır, Bakıdan xüsusi tapşırıqla gəlmiş “emissarların” (yəni bizim) ciddi nəzarət altında olduqları bildirilir. Artıq addımbaaddım təqib olunduğumuz rəsmi şəkildə elan edilirdi.

Minnətdarlıq hissi ilə qeyd etməliyəm ki, Qırğızıstan Yazıçılar İttifaqının katibi Osman İbrahimov bizi heç yalqız buraxmadı. Yazıçılar İttifaqının xətti ilə təcili bilet alıb, hava limanına gətirdilər. Günümüzü hava limanı yaxınlığındakı kiçik bazarda öldürüb, axşam Bakıya yola düşdük. Gələndə eşitdik ki, Bakıdan Orta Asiyaya göndərilmiş “emissarların” hamısı tutulub. Heç şübhəsiz ki, o vaxt bizim həbs olunmağımızın qarşısını Yazıçılar İttifaqının rəhbəri Çingiz ağanın – Çingiz Aytmatovun nüfuzu (bəlkə də özü) almışdı...
Sovet qoşunları Bakıda, 1990
Sovet qoşunları Bakıda, 1990

Özbəkistan müstəqillik qazanandan sonra ölkədəki azadlıq mücahidlərinin, demək olar ki, hamısı qəddarcasına cəzalandırıldı. Ən böyük cəzanı isə Məmmədəli Mahmudov aldı...

Məmmədəli Mahmudovun adı hələ sovet ideologiyasının amansız dövrlərində dissidentlər siyahısına düşmüşdü, onun “Ulu dağlar” (“Uluğ q’oyalar”) romanı antisovet və pantürkist ruhlu əsər kimi qiymətləndirilmiş, müəllif “qara kitaba” salınmışdı. Onun üstündəki yasaq, qadağa yükü “perestroika” dövründə götürüldü, 1987-ci ildən sonra ulduzu parlamağa başladı – yazıçı olmaqdan daha çox Özbəkistanın dərdlərini dilə gətirən ictimaiyyətçi kimi. Lakin ölkəsinin azad olması ilə bu azadlıqsevər insanın həyatı da repressiyaların hədəfinə çevrildi. İlk dəfə 1994-cü ildə həbs olundu. Səhv etmirəmsə, həbsxanada iki il cəza çəkəndən sonra onu “əfv” elədilər. İkinci dəfə isə 1999-cu ilin fevralında həbs olundu. “Terrorçuları maliyyələşdirmək” ittihamı ilə ona 14 il iş kəsdilər.

Özbəkistanın xüsusi rejimli cəza yerlərində qatı cinayətkarların yanında saxlayıb ona işgəncə, əzab-əziyyət verdilər. Bir dəfə hansısa cəfəng bir ittihama qol çəkdirmək üçün ona hədə-qorxu gəlmişdilər ki, sən bu kağıza qol çəkməsən, qızın gözlərinin qarşısında zorlanacaq... Mən bu xəbəri oxuyandan sonra özümü təpiklər altında linc olunmuş kimi hiss edirdim. Bundan sonra uzun müddət internet səhifələrində Məmmədəlinin adını soraqlamağa ürək eləmədim.

Ancaq Məmmədəli əkə fiziki cəhətdən sındırılsa, çilik-çilik edilsə də, dəhşətli zindanda belə susmadı. Məhkəmə dindirməsi zamanı onu ittiham edənlərə qətiyyətlə demişdi: “Mən öz xalqımın övladıyam. Kim mənə vətən xaini və ya xalq düşməni deyirsə, onun özü vətən xaini və xalq düşmənidir. Zaman hər şeyi yerbəyer eləyəcək”...

Yazıçı kimi bir çox beynəlxalq mükafatlara layiq görülmüş Məmmədəli Mahmudov ömrün ahıl çağının 14 il iki ayını həbsxanalarda itirəndən sonra 73 yaşında, xəstə ürəklə, üzündəki yaralı təbəssümlə ailəsinin üstünə dönüb.

Nə vaxtdır bu ailəyə gözaydınlığı, təskinlik göndərmək istəyirəm. Ancaq nə söz tapa bilirəm, nə də münasib bir üsul. Bəlkə siz – bu qeydləri oxuyanlar mənə kömək eləyəsiniz: axı mənim kimi sizin də ona borcunuz var...

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG