Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:48
-
«Balıq, ət, pendir, yumurta və s. ərzaq məhsulları alarkən ehtiyatlı olun». – İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçı Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin internet səhifəsində bu sayaq çoxsaylı xəbərdarlıq yer alıb.

Xidmətin son xəbərdarlığı bijuteriya, yəni ucuz zərgər bəzəklərini alan istehlakçılara ünvanlanıb. Məsləhət görülür ki, ucuz bəzəkləri – qolbağı, boyunbağı, üzük və s. alarkən, onun vurğulanan üstün özəlliklərindən daha çox, nədən hazırlandığına, sağlamlığa təsir dərəcəsinə diqqət yetirmək lazımdır. Bir sözlə, alıcıları, el məsəlində deyildiyi kimi, «ucuz ətin şorbası olmaz» deyimini unutmamağa çağırırlar. Keyfiyyət ucuzluqdan da, parlaqlıq və gözəxoşluqdan da üstün özəllik sayılır.

Söhbət yeyinti məhsullarından gedərsə, daha böyük diqqət tələb olunur. İqtisadi İnkişaf Nazirliyi mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin dediyinə görə, bu ilin 5 ayında satışdan 23 tondan çox keyfiyyətsiz, mənşəyi bilinməyən azuqə çıxarılıb və qanunu pozanlar 3 milyon manata yaxın cərimə olunub:

«Bu ilin ötən dövründə istehlak bazarı üzrə 750 min manat, antiinhisar qanunvericiliyinin pozulmasına görə isə 1 milyon 850 manat cərimə tətbiq edilib».

Abbas Əliyev mübarizə tədbirləri ilə yanaşı, özəlliklə mediada maarifləndirmə işlərinə ara verilmədiyini söyləyir.

AZƏRBAYCAN İSTEHLAKÇININ HÜQUQLARI

«İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanunda istehlakçının hüquqları ilə bağlı səkkiz bənd yer alıb.

Qanuna görə, malı və onun istehsalçısını sərbəst seçmək hüququ olan istehlakçının aldığı məhsulun keyfiyyəti, təhlükəsizliyi və çeşidi haqqında dolğun məlumat almaq hüququ var. Bundan başqa sağlamlığa təhlükə yaradan malların vurduğu ziyanın ödənilməsini tələb edə, öz hüquqlarını qorumaq üçün dövlət orqanlarına, məhkəməyə üz tuta və ictimai təşkilatlarda birləşmək hüququndan yararlana bilərsən.

Eyyub Hüseynov

Eyyub Hüseynov

İNDİ DƏ DAVAM EDƏN İŞ

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, qanunda təsdiqini tapsa da, Azərbaycan istehlakçısı həmin hüquqlardan elə asanlıqla istifadə edə bilmir. O, fikrini istehlak bazarlarının ayrı-ayrı məmurların maraq dairəsində olmasına bağlayaraq, düşünür ki, elə istehlakçıların hüquqlarını da həmin məmurlar pozur:

«Yəni dövlət qurumları ayrı-ayrılıqda bazara nəzarət uğrunda gizli mübarizə aparır və bu səbəbdən əlaqəli fəaliyyətdən yayınır. Bir misal: Bu yaxınlarda bizə məlumat verildi ki, Bakıya külli miqdarda murdar ət gətirilib. Həmin ətin haradan gətirildiyini və harada saxlandığını dövlət qurumlarından birinə xəbər verdik. Məlum oldu ki, onların da bundan xəbərləri var. Polisdən dedilər ki, sizin təhlükəsizliyini təmin edə bilərik. Başqa bir qurumdan söylədilər ki, həmin ətdən nümunə götürüb onun nəticəsi barədə məlumat verə bilərik. Biz ictimai təşkilat olaraq məlumat verdik, amma dövlət qurumları məsələni əlaqəli şəkildə araşdırmadılar. Bu iş indi də davam edir».

«İSTEHLAKÇILAR FƏAL, BAZAR DA LİBERALDIR»

İqtisadi İnkişaf Nazirliyinin sözçüsü Abbas Əliyev istehlakçıların passivliyi və bazarların məmurların himayəsi altında olması fikirləri ilə razılaşmır. O, ötən illərlə müqayisədə öz hüquqlarını qoruma yolunda Azərbaycan istehlakçısının xeyli fəallaşdığını bildirir:

«Azərbaycan bazarı kifayət qədər liberaldır. Bu bazarda azad rəqabət mühiti formalaşıb. Bu baxımdan Azərbaycan bazarında kənar müdaxilələrin mövcudluğundan söhbət gedə bilməz».

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov fərqli düşünür və belə hesab edir ki, rəsmi qurumlar mübarizə tədbirlərinin görüldüyü barədə məlumat yaysalar da, ölkənin istehlak bazarında vəziyyət çox acınacaqlıdır: Bakıda bazar

Bakıda bazar


«Çox təəssüf ki, ölkədə ölən və dünyaya gəlməyə hazırlaşan istehlakçılardan da pul alınır. Keçmiş sovet respublikaları içərisində istehlakçı hüquqları ilə bağlı ayrıca qanunu ilk qəbul edən ölkə Azərbaycan olsa da, bu qanun hələ də normal işləmir».

Eyyub Hüseynovun fikrincə, nə qədər ki məmurlar biznes qurumlarına rəhbərlik edir və nə qədər ki məhkəmələr müstəqil deyil, istehlak bazarındakı xaos bir o qədər davam edəcək:

«Məhkəmələrin əksəriyyəti biznes qurumların təsiri altındadır. Həmin qurumların başında da dövlət məmurları durur. Məmurlar, qanunun ziddinə olaraq, biznes qurumuna rəhbərlik etdikcə, müstəqil ekspertiza keçirilmədikcə, belə problemlər qalacaq».

İSTEHLAKÇILAR FƏAL OLSA

Amma Eyyub Hüseynov vəziyyəti heç də çıxılmaz saymır. Düşünür ki, çox şey istehlakçı fəallığından, onun öz hüquqlarını necə qorumasından asılıdır. İstehlak bazarı mütəxəssisi bildirir ki, istehlakçılardan gələn şikayətlər əsasında son dövrlər 20 çeşiddə zərərli və saxta malı bazardan çıxarmağa nail olublar.

Şərhləri göstər

XS
SM
MD
LG