Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:08

Dilqəm Əhməd. Şeirlər


-

On-line kitabxanadan


Dilqəm Əhməd


ŞEİRLƏR


Aytən

(Aytən Alpmana)

Ayaqqabı ipləri ilə gecələri sıxıb bağlamışam, Aytən
Yara bağlayıb ayağımın arxası gecənin yalnızlığından
Şərabsız, qadınsız gecələrdə, səni dinləyib ağlamışam, Aytən
Sökülüb tamam yaxası gecənin yalnızlığından….

***

Səhər açılanda, pəncərəmdəki son sərçə də getdi, Aytən
Bir şəhərlik anılarım, kiçik bir küçədə getdi, Aytən.
Taxılıb əskidən qalan bir saatın kəfkirinə gözlərim.
Nə zaman bitdi hər şey, neçədə getdi, Aytən?

***

Görmədimi, özündən sonra unutduğu qırıntıları
Əlimdə saçlarından qalan bir xatirəni, gözlərimdəki yağıntıları
Rəsm-rəsm sevdim, divarlara rəsm etdim, divarlarla qaldım, Aytən.
Hiss edirmi, görən, divar dibinə çökdüyümdə, içimdəki bulantıları.

***

Daha günahlar da ovutmur, şəhərin çirkin naxışını, Aytən
Bir fahişə ilə dərdləşdim, sevgilimin baxışını, Aytən
Yastığın kənarında buraxanda, son fahişəni, son kədəri
Unutdum zamanın bitməyən axışını, Aytən.

***

Büküb qaranlığı əlimdə, işığa doğru aşmaq istədim, Aytən.
Sevgilinin getməyinə, sənin ölməyinə barışmaq istədim, Aytən.
Əllərimdə, iki qadın məzarı ilə gəldim Məryəm ana hüzuruna
Və hər şeyə rəğmən, mən yenə yaşamaq istədim, Aytən.


Elə məsumsan ki…

Büt kimi tapdığım skripka simlərindən yuxarıda dayanan
mənə bütün bütlərimi qırdıran şirin bir gülüş kimisən.
savaşda gilizdən də balaca ürəyinə güllə dəyib ölən uşağın
qolu qırıq kuklasından doğulub böyümüş kimisən.
bəlkə də Tanrı yer üzünə enib bir daha
yeni bir Məryəm bətninə üfürülmüş kimisən.
üzü günəşə sarı boylanırsan, bulud nəm çəkir dodaqlarına
ancaq mələklərin toxunduğu yanağından öpülmüş kimisən.
Karvan çatmaz, ün yetməz, dil bilməz uzaqlardasan
heç gəlib mənzilə çatmayan qədimlərdən bir yürüş kimisən.
uşaq vaxtı öldürdüyüm qarışqaların günahını çəkirəm
anamın “səni görüm zalım əlində qalasan” dediyi söyüş kimisən.
o qədər sevirəm ki, mahnılar dağılıb otağın künclərinə
xəbərsiz bədənimin sərhədlərini pozan döyüş kimisən.
elə məsumsan ki…
günəşi işıqlandıran günəş kimisən…


Mirzə Şəfiyə…

Haradasa ağlaşırlar
Azı üç yüz il qədimdən gələn səslər doluşub beynimə
ağaca bağlanmış əsirin son arzusunu soruşmadan öldürürlər
ürəyinin üstündə olan cibindən bircə rəsm də çıxmır.
üç yüz illik kimsəsizin fəryadı doluşub beynimə.
tarix ağırlığına tab gətirə bilmədiyi cinayətləri doldurur beynimə
bir məscid divarına söykənən Mirzə Şəfi
qeyd dəftərinə yazır alış-verişimizi
tarixin mənə göndərdikləri:
Lorkanın ölümü, Kafkanın xəstəliyi…
tarixin başını sığallayıram
İskəndərin qılıncından qalan çapığının yeri hələ də görsənir.
kimsəsizlərdən bir nişanə yoxdur başında…
elə ilk fürsətdəcə köçüb məskunlaşardım
tarixin sevgidən əvvəlki yaşında…
bizim tarixsizliyimiz də, talehsizliyimiz də sevgidən başlayır, Şəfi.
İndi sənin kimiyəm…
Bir zamanlar o hamını əvəz etdiyi kimi
İndi hamı onu mənə əvəz etmir.
Hamı adlı tənhalığın içində tikə-tikə ölürəm…


Eramızdan əvvəlki arzum

Eramızdan əvvəl köçüb gedən quşlar indi qayıdır yuvasına
Tanrıların daş dövrünü, indi daş yataqlar əvəz edir
Oyanır saçını sığalladığın kimsələr başqa otağın havasına
İndi sevgini bir ayağı gorda olan otaqlar əvəz edir.

***

Eramızdan əvvəl köçüb gedən qonşudan bir məktub gəlir:
“Bəlkə evinizdə biraz xoşbəxtlik olar, qayıdaq geriyə”
Yarısı yeraltında olan iki qoca-qarı əl-ələ tutub gəlir:
“Ölülərə salam söyləyin, yaşam daha betərdir diriyə”.

***

Eramızdan əvvəl qurduğum arzuları dönən quşlar dimdiklədilər
Qocaların qalan yarısı da öldü, uzaqdakı qonşu yenə bədbəxt qaldı
Eramızdan əvvəl yalnızlığın birinci yarısında insanlar dimdik idilər.
İkinci yarısında yerə sərələnmiş insandan sadəcə bir xətt qaldı.


Ayrılığı hiss edən daraqlar

haradansa xatırlayıram,
sevməyi öncə barmaqlar hiss edir
ayrılıqları isə
aylarla saça toxunmayan daraqlar hiss edir.
haradansa xatırlayıram
daş-kəsək içindən çıxaraq
günəşə “azadam” deyən çiçəyə tikan,
onu kökündən qoparıb bir kənara tullayana
insan deyirlər.
haradansa xatırlayıram
azadlığı, tikanı, daraqları sevməyən sevgilini.


Türkan

Bir titrək türkülər
Bir də Türkan.
Sürünür yolların arxasınca kiçik daşlar.
Başlanır gözlərimdə kiçik savaşlar.
Əslində hər şey kiçikdir, böyüdən bizik.
Mükəmməl deyil hər şey, çirkindir, əzik.
Qalmayıb heç nəyə həvəs, heç bir maraq yoxdur.
Daha vərəqdən təyyarə düzəldən uşaq yoxdur.
Kaş uşaqlığım sənlə birgə keçərdi.
Özüm böyüdərdim səni, həyat rəngdən-rəngə keçərdi.
Kaş, eyni məhəlləni bölüşərdik
Kiçik barmaqlarından tutub, sürüşkəndə sürüşərdik.
Kaş yeddi şüşəyə birgə şüşə düzərdik
Şüşə barmağını kəsəndə, şüşəyə küsüb ağız büzərdik.
Kaş sən uşaq gülüşünlə məni vurub qaçardın
Əllərinlə gözlərimi bağlayıb, kim olduğunu tapanda açardın.

***

Nə bilim, uşaqlığımızı, məhəlləmizi özümüz seçmirik
Arzularımızı, ümidlərimizi gələcəyin sağlığına içmirik.
Lazımsız adamları sevirik, lazımsız acılar çəkirik.
Böyüdükcə, əzablı həyatın içində hərəyə bir əzab əkirik.

***

Sən özgə məhəllədə böyüyürsən, mən özgəsində
Sən başqalarının sırasında, mən başqalarının cərgəsində.
Sən başqasının könlündə, mən başqasının önündə
Və beləcə illər ötür, uşaqlığın son günündə.
Sən də bədbəxt, mən də bədbəxt.
Yox, mən axtarmıram, bu həyatda bir xoşbəxt.

***

Sadəcə uşaqlığımı arayıram
Sadəcə ağlayıram.
Titrək türkülərə
Bir də sənə, Türkan.


Yalnızlıq və ateizm

Tanrını
bizi unutduğu nöqtəyə qədər sevirik
qadını
bizi ovutduğu yerə qədər sevirik
elə buradan başlayır
yalnızlıq və ateizm…


Erosa üsyan

Eros,
Teoman mahnılarından sərxoş olub küçələrdə
İçkili görkəmdə insanlara görünməkdən
utanmıram
Çünki sərxoş olanda daha səmimi oluram
maskalanmıram
Çox istədim,
Amma sifətimə uyğun maska tapa bilmədim
Bütün maskaları 125 adam taxmışdı
parlamentdə
Ona görə maskasız qalacağam.
Eros, başını qaldır içki masasından
Qaralama dəftəri gətir tanrıların yasasından
Hər kəsin taleyi ağlamada ikən
Tanrılar mənim üzərimdə qaraladılar
puç olan sevgiləri
İndi gətir o qaralama dəftərləri, Eros
Tər-təmiz yuyub eyvandakı ipdən asacağam
Daha sonra buxarlı ütü ilə ütüləyəcəyəm
Ağappaq olduqdan sonra,
öz sevgimi özüm yazacağam.
Eros,
o qəddar tanrılara de ki,
arada içdikləri şərabdan
Yağışla mənə göndərsinlər
Arada mürgüləyən başlarını, qaldırıb
mənə döndərsinlər
Bacarmırlarsa, insan taleyini yazmağı
Balinalar kimi özlərini topluca sahilə
vurub öldürsünlər.
Sevgi verə bilməyən tanrıları,
tək-tək iplə asacağam.
Eros,
gecələr məni məhv edəcək kabuslar görürəm
Prokuratorun edama göndərdiyi
İsanın cismində canlanıram
Bir üzümə tüpürdüklərində,
o biri üzümü niyə çevirdiyimi anlamıram
Hər gün qonşuluqdakı dul qadın
tərəfindən danlanıram.
Elə bilir ki, hər içkidən sonra
onları dul buraxmayacaq kişilər qusacağam.
Eros,
Tanrı deyilsənmi? Döndər məni günəbaxana
Onun üzünə baxım hər gün,
üzr istəyim günəş ömrü qədər
Altı günə dünyanı yaradan tanrılar,
üç dəqiqə versin onun gözlərinə baxana
Diz çöküm, iblisin əvəzinə də,
bağışlanmaq istəyim atəş ömrü qədər
Etməsən bunu,
bütün tanrıları öz cəhənnəmlərində
yandıracağam.

***

Anladım, Eros
Heç bir üsyan kar eləmir
Tanrılıq bölüşdürüləndə
sən ayaqyalın qalmısan
Yeriyə bilmirsən, çata bilmirsən hər kəsə
Ayağına tikan batır
Payından kiminə çatmır, kiminə çatır.
Anladım, Eros
Sən də hər bir xarici qonaq kimi
İçərişəhərin şəkillərini çəkib
Yoxsul məhəllələrə ayaq basmırsan
Yoxsul küçələrin daşı kəsəyi çox olur
Yoxsul küçələrdə bəzən yollar da yox olur.
Anladım, Eros
Sən məni sevə bilmədin
Mən səni gözləyəkərkən
Kim bilir hansı tindəydin
Bəlkə də taleyim həll olunarkən
Sən ayaqqabı marketindəydin.

***

Elə hey atırsınız bombaları bir-birinizin yaxasına
Raket düymələnir köynəklərin üzərində
Barıt qoxulu boyunlar qucaqlanır
Palçıq bulaşmış dodaqlar öpülür.
Hər tərəf darmadağın, ürəklər paramparça.
Və mənim yenə ayaqqabılarım yoxdur.
Bitirin savaşları, bitirin əlinizdəki daşları.
Bircə kərə soxun raketləri cibinizə
Bir-birinizin üzərinə sevgiylə baxın.
Adama bir Allah salamı, mənə ayaqqabılarımı verin.
Nə olsun ki, zaman dəyişilib,
nə olsun ki bütün yoldaş tanrıların hamısı ölüb
ayaqqabı günəşin doğduğu yer üzündəkilərə deyil
soyuq məzarda yatanlara daha gərəklidir.
Mən Eros,
qədim yunanların sevgi tanrısı
Göylərdə demokratiyanın hakim olduğu dönəmin tanrısı
Sevgi paylamağa tələsdiyindən
Ayaqqabı geyinməyi unudan tanrısı
Səslənirəm:
Verin mənə ayaqqabılarımı.


Kabildən-Bakıya sevgi metamorfozu

(Xalid Hüseyninin “Min möhtəşəm günəş altında” romanını oxuyarkən)

“Min möhtəşəm günəş altında”
əfqan qadınların bir kərə olsun
görmədiyi günəşin
həsrəti doğur
Sən Bakı, heç Kabil qədər olmadın
Kabildə bir üzü var işgəncənin,
Səndə hər gün yalan şərbəti doğur
Kişi bədənində, kişi evində, kişi burkası içində
həbs olunur qadınlar.
Hər gün dua edir, bir ana, bir qız,
Tanrı qorusun onları daha betərindən
Bir qadın boylanmaq istəyir
Kabilin uçuq bir evinin pəncərəsindən
Taxtalar mismarlanıb pəncərəyə,
içəri pis qoxuyur, qəddar kişi tərindən
Hər gün bir sevgi ölür,
üzünü qapayaraq ağlayan qadının kədərindən
Yorğun buludlar kəsir qarşısını,
fərqlənmir qüssəli gecəsi səhərindən.
Hər gün bir qadın intihar edir,
ilan kimi qıvrılan kəndirin zəhərindən.
Mən bunları oxuduqca, sevgilim,
Bakı gəlir gözümün qabağına
Bakının üzünə taxdığı maska necə də
köhnəlib,
“kapilkam”da qalan sovet qəpikləri kimi
Kabil daha səmimidir,
Kabil kişisi daha mədəni,
üzündə iki insan gizlənməyib
On üçündə əllisində olan kişilərin
altında inləyən,
mükafat kimi qazandıqları təpikləri kimi
Daha evlilik yaşına çatmadan, ölür qadınlar,
ölüm yaşına çatan kişilərin bəhərindən.
Kabil rüzgarları kimi
səksəkə içindəyəm, sevgilim
Əlimdə tutduğu bütün ümidlərini
bir anda itirən insanlar kimi karıxıram
Bir ayağı əlil olan Tarıkı sevən,
İki ayağı olan Raşitin
qorxunc tərində həbs olunan
Leyla kimi qadınların olduğu
Kabil üçün darıxıram
Sığınıb Kabilin gerçəkliklərinə,
Qaçmaq istəyirəm Bakının şərindən.
Bakının ucalan göydələnlərindəki,
saxta meqapolis sevişməsindənsə
Kabilin bir xarabasına çöküb,
qadağaları büküb, iki gəncin öpüşməsi
Daha safdır, daha günahsızdır
Bakı daha allahsızdır
Kabil dağında vuruşan allah əsgərlərindən.
Hər gün bir qadın boğulur,
ölüm yaşında olan kişi tərindən
Hər gün bir qadın boğulur,
hər gün bir məzar qazılır daha dərindən.
Sevgilim,
Kabildə tənhalığın ömrü daha qısadır
Sevgiyə qovuşmasan da,
bir güllənin qığılcımına qovuşursan
Bakıda tənhalığın adı səbir dolu kasadır
Nə sevgiyə, nə gülləyə qovuşmasan da,
zamanla yaşama yovuşursan
Daha ağlamırsan, nə sevgilinin həsrətindən,
nə sevgi kədərindən.
Amma qorxunc oluram gecələr,
əfqan çocuğun yuxusuna girən
talib əsgəri kimi
Bütün divləri saçından asıb,
özü divə dönən düşmənin qalib əsgəri kimi
Hər gün bir qadın öldürüb,
hər gün bir ocaq söndürüb, sərsəri kimi
Bakı küçələrinə qəddar şeirlər qoşub,
kriminal xəbəri kimi
Başlıq yazılır: “Usandı, Kabildə doğub
Bakıda ölən sevgilərindən”


Büt

Kölgəsi insan qürurundan böyük bütlərin
Altına “Xoş gəlmişsiniz” sözü yazılıb
Divar dibinə yığışıb əl açan, çılpaqların, lütlərin
Taleləri bütün ayaqları altına qazılıb.
İki tərəfindən tutduğu divarlarla gəlirlər üzərimə, sevgilim
Sağa dönürəm büt, sola dönürəm lüt
Bir az nəsihət, bir az öyüd
Bir az qürurundan tök, bir az aşağı çök
Bircə dəfə bütün ayaqlarını öp.
Deyirlər, sevgilim.
Qaçacaq yerim yox, yalquzaq kimi təkəm
Bütün uzaqlardan uzaq kimi təkəm
Lütlər itələdikcə başım əyilir, üzüm qaraya bürünür.
Ancaq sənin yanında üzü ağ kimi təkəm.
İki divar arasında,
əlləri ürəyimin ortasında
Şah damarımdan daha yaxın
Çirkinlik axın-axın
İrəliləyir üzərimə
Hopur qanıma
yapışır dərimə.
Bədənim yapış-yapış
Lütlər edir mənə alqış.
Bağışla sevgilim,
Mən də qalstuklu lütlərdən olacağam.
Bir gün mən də böyüyəcəyəm
Önünə gül dəstəsi qoyulan bütlərdən olacağam.


Mən bir qarışqayam

Mən bir qarışqayam
Bir əsgərin snayperinin içində
İndi anladım,
tunelin sonundakı işıq
əsgər gözü imiş.

***

Mən bir qarışqayam
Bayraq meydanında
İndi anladım, əlçatmaz bildiyim
Sıradan bir dirəkmiş.

***

Mən bir qarışqayam
Sosializmin qurulduğu yuvalarda
Günəşi görməsək də,
sevgimiz var.
Bizim də, öz Nazim Hikmətimiz var.

***

Mən bir qarışqayam
Sənin ayağının altında ölə bilərəm, insan.
Bu heç də qorxulu deyil
Qorxulu olan, insanın insan ayağı altında ölməsidir.

***

Mən bir qarışqayam
Gözlərini qarış-qarış axtarıram
Bir əsgər ayağı toxundu,
üstündə mina olan yuvamıza
O gündən iki ayaqsız, barış, barış axtarıram.


Muza

Sənin də, qanadların qırıldı, Muza
Düşdün ucalıqdan
uşaqlıqda seyr etdiyimiz
ölən ulduzlar kimi
Hər ulduz sürüşəndə,
bir nəfər ölürdü
hər qanad qırılanda
bir mən.

***

Sənin də, qanadların qırıldı, Muza
Hər sabah öpdüyü uşağının yanağına
Zəlzələdə daş düşən analar kimi.
Hər yaşda bir uşaq öldü, hər daşda bir uşaq.
Hər axan yaşda
Bir mən.

***

Sənin də, qanadların qırıldı, Muza.
Bütün bahar çiçəklərinin sürgünü kimi
Sevdiyin qızıl lalələrin
Günəşi görən anda öldüyü kimi.
Hər bahar açanda bir tikan öləcək.
Hər lalə açanda
Bir mən.

***

Sənin də, qanadların qırıldı, Muza.
Sən də insan oldun sonunda.
Qaranlıqdan qorxub, qaranlığa qaçanlar kimi.
Ovuclarımdan işıq səpəcəyəm dünyaya
günəşə uçanlar kimi.
Daha heç bir İkar əriməyəcək.
Nə də ki mən


Ay sonatası altında bağışlanma

Avtobus dayanacağının küncünə,
ancaq üşüyənlər yığılır, sevgilim
bir də peyğəmbər əbasına sığınan pişiklər
soyuğun pəncəsi altında boğulur, sevgilim.

***

Axşamdan qalan çayları
Tənha kişilər içir, sevgilim
Gülümsəmənin olmadığı həyat
Səssiz film kimi keçir, sevgilim

***

Gecələr kabusları,
divarlarla danışanlar görür, sevgilim
dünyanın günah və bağışlanma məbədini
günahkarlar və bağışlayanlar hörür, sevgilim

***

Mən məbədin günahkar üzüyəm
Sevdiyindən günah edənlərin nümayəndəsi
Sən bağışlayan üzüsən, sevgilim
İsa kimi bağışlayan, Tanrının ali bəndəsi.

***

Bütün muzalar ağlayır, sevgilim
Bethovenin Ay sonatasının kədərində
Darıxıram Ay altında bütün Aylar üçün
Bağışlanma diləyirəm səndən, Ay ömrü qədərində.

***

Bağışla məni,
pişiklər soyuqdan donmasın
Bağışla məni,
Ay sonatası altında bethovenlər ağlamasın.


Sevgi daşımaqdır

Bir gün ən azad
ən müqəddəs qadınlar da daş olur
kilsə qarşısında ucalan
Məryəm ana gözlərində
dörd mövsüm halımıza ağlayacaq qədər
yaş olur
çadrasını atdığı yerdə
daşa dönən qadınlar olur
daş qadınlar uğrunda da bitməz savaş olur.
Qadın daşlığı kədərin ən bərk halıdır
Ən bərk daşlar da sevgidən ovulur
Qadın daşdırsa, sevgi onu daşımaqdır
Gerçəklik ən çirkin halında belə onu
yaşamaqdır
Ən titrək anlarında, ən dərin boşluqlarda
Ümidli gözlərlə onu qarşılamaqdır.
Başından çadrasını açan daş qadının
Göz yaşını silmək üçün
Məryəm anaya uzadarkən
Anlayırsan qadın kədərinin doğmalığını.
Anlayırsan ən sərt halında belə
Qadınların gizlicə ağlamağını.


Bir gecəlik

Bir gecəlik oyaq qal
Qaranlıqdan çox qorxuram
Sığınım əllərinin istisinə
Bir gecəlik dayaq qal

***

Bir gecəlik, sən ağlama
Sadəcə oyaq qal
Yanan da mən olum, külü çıxan da
Sən bir gecəlik soyuq qal.

***

Bir gecəlik sevmə məni
Eləcə, kənardan bax
Bu gecə sevgini mən daşıyacam
Sən, özünə kənardan bax.

***

Bir gecəlik, unut məni
Sonra bax, özündən nə qalacaq?
Bir gecəlik, sev məni.
Sonra bax, ömründə nə qalacaq.


Bir qadın

Hər yer soyuqdan,
soyuq isə onun ürəyində donub
qarda paltosuna, ürəkdə kədərinə bürünən
bir qadın yürüyür kölgəsindən
üç addım geridə
Bir əlində əlcək, bir əlində etinasızlıq
Boğazında şərf, başında qərarsızlıq
Gözlərinə yaş, fikirlərinə daş ağırlığı çöküb
Ən son ona çatdığından
xoşbəxtlliyin beli bükülüb
Bir qadın yürüyür,
bərk-bərk qəhərini düymələyərək
Qar təmizliyindən qaçaraq,
sevinci düyünləyərək.
Göz gör-görə qadın intiharla əl sıxışır
Çovğun qar altında intihar və qadın
bir-birinə qarışır.


Divi anlamaq

Çətindir
ürəyin olsun
amma
səndən kənarda
sevgilidən kənarda
bumbuz şüşənin içində
hansısa padşahın
əzab çəkməyən oğlu
gəlsin sındırsın şüşəni
Çətindir
Div olasan
Bir insanı sevəsən
Yurdundan qaçaq düşüb
Yeddinci qəsrin içində gizlənəsən
Sevdiyini deyəsən
Sevilmədiyini eşidəsən
Məcbur qalıb
Saçlarından asasan.
Çətindir
Hər gün sevgilin üçün
Bir alma dərəsən
Milyonlarla qızılı olan
Bir padşahın xəsisliyinin
Hikkəsini görəsən.
Çətindir
Padşah oğlunun divi anlaması
Çətindir div kimi
Ürəyin şüşə içində olması.
Çətindir insan içində yaşanması
Div yalnızlığı çöküb üzərimə.


Stəkan

Dodaqların
məndən daha çox
stəkanların idi.
İnsan insanı
Mən isə stəkanları
Qısqana-qısqana
Panteist olurdum.
Sənlə stəkan
Artıq vəhdətdə idi
Səni öpə bilməsəm də
Artıq mənim də öpəcəyim
Sənin dodaqların hopan.
Şüşə sevgililərim vardı.


İnqilabçının son borcu

Bir fotoluq inqilab borcum var sənə
Əllərinin istisində tarixə sarılmaq kimi
Etiraf edəsi bir kitablıq suçum var sənə
Mismar və kəndirlə ikiyə yarılmaq kimi.

***

Bir fotoluq gülümsəmək borcum var sənə
Dünyanın ən gözəl çərçivəsinə düşmək üçün
Yaxşı bir adam kimi ölmək borcum var sənə
Bütün yaxşıların son evinə düşmək üçün


Meqapolis obrazları

Qapılar açılınca
divarlar çıxır qarşıma
Meqapolis yanlızlığı içində
Pəncərədən dərvişlər boylanır
Daha hücrələr yanlızlığı bölüşə bilmir
Şəhər minlərlə yanlızlarla doludur.
Saxta üzlər gülümsəyir bir-birinə
Sevgilər imitasiya olunur
Dostluqlar teatr səhnəsindən boylanır
Gecələr pərdə qapandığında
24 saatlıq maskalar enir
Obrazlar dağılır.
Hər səhər paltarlar ilə birgə
Obrazlar ütülənir
Obrazlar seçilir
Bu gün vəfalı sevgili obrazındayam
İstədiyin qədər səni sevdiyimi deyəcəm
Əllərini tutacam, ürəyimin titrədiyini söyləyəcəm
Sənin gözlərin parıldayacaq, mənsə parıltılı baxmağa çalışacam
Gülümsəməni sevdiyimi söyləyəcəm
Bu günün unudulmaz olduğunu söyləyəcəm
Sən aldanmağı sevəcəksən, mən yalanlara öyrəşəcəm
Axşam olacaq yenə, obrazları asılqanına taxacam
Özümə dönəcəyəm
Bu gün sədaqətli dostam
Pulsuz mesajlarımdan göndərəcəm
Darıxdığımı söyləyəcəm
Yaşanılan xatirələrdən danışacağıq
Bir çaynik limonlu çayla
Ən uzun çay qədər xatirə danışacağıq
Metroya birgə minəcəyik,
ayrı stansiyalarda düşəcəyik
Hər kəs öz maskasının gərəyini ödəyəcək
Bəzən insan olmağı xoşlayırıq
Kənardan baxılanda hətta insana oxşayırıq
Vicdanlı oluruq,
bahalı kafelərdə insan haqlarından danışırıq
Savaşlara lənət oxuyub, savaşla yaşayırıq.
Boğuluram obrazlar içində
Meqapolis yanlızlığında
Qapılar açılınca,
divarlar çıxır qarşıma.


İnsan olacağam bu gün

Bu gecə çox pessimistəm, toxunma mənə
Götür saçlarının qırıntısını üzərimdən
Sakitcə yuxulamaq istəyirəm
Uzunmüddətli özünəqapanmaya ehtiyacım var
Yorğunam, düşüncələrim korşalıb,
Ən sevdiyim baxışlarını izləməyə də
Taqətim yoxdur.
Bu gün baxışların yorur məni
Sevgi deyil, süstlük duyuram gözlərindən
Kipriklərin yerin asılqanı kimidir
Azacıq toxunsam qırılacaq kimidir
Baxma daha üzümə, gözləmə
Bu gün söyləməyəcəm səni sevdiyimi
Bu gün ancaq özümə qapanacam
Bu gün sevgimi yarı böləcəyəm
Bu gün insan kimi olacam, Tanrı olmayacam
Ədaləti sonunadək müdafiə edəcəm
Yorğun olmaq hüququmdan istifadə edəcəm
Susmaq azadlığımdan istifadə edəcəm
Bəsdir, yığışdır saç qırıntılarını
Bu gün səni sevməyəcəyəm.


Qolqofadan Kərbəlaya

Orada dağın başında
Göz yaşından qərənfillər bitir
Qolqofaya yağan yağışdan
Çarmıx dibində səfillər bitir.

***

Orada səhranın ortasında
İstidən qan buxarlanır
Kərbəlanın susuz yollarında
Günəş yerdə yuvarlanır.

***

Orada, gələcəyin oralarında
Yenə qərənfil məzar çiçəyi olacaq
Yenə Qolqofaya yağış yağacaq
Kərbəlaya qan doğacaq.


Kon-Tiki

(Tur Heyerdalın xatirəsinə)

Üfiqdə altı nəfər növbə ilə avar çəkir
Poseydonun saçlarını taxta ilə yolaraq
Şən balıqlar dayanmadan süfrələrə tökülür
Uzunburun, köpək üzlü, dişləri daraq-daraq

***

İri tirlər sıx bağlanıb, əzəcəkdir dənizi
Qədim insan gözləri diriləcək heykəldə
Tapacaqlar, illər öncə itən qədim bir izi
Sakit okean sakitcənə kiriyəcək əllərdə

***

İri balsa ağacları yarıb keçir okeanları
Qəfəsdəki tutuquşu seyr eləyir doya-doya
Daha hamı unudubdur saldakı bu insanları
Akulalar başlarını dayanmadan çırpır suya.

***

Gitar səsi, yetmiş kitab, bir də radio dalğaları
Dar komanı genişlədir, Kon-Tikiyə bəzək düzür
Uçan balıq, akulalar, bir də dəniz bağaları
Yoldaş olub Kon-Tikiyə sahillərə doğru üzür.

***

Tanış qoxu gəlir buludların altındakı ləkələrdən
İri qayadırmı, torpaqdırmı, yoxsa dəniz vahəsimi?
Tez çatsaydıq qurtulardıq bizi yoran bəlkələrdən
Günəş oğlunun vətənimi, yoxsa dəniz şahəsimi?

***

Yüzüncü gün doğma yuva çırpıldı bir sərt qayaya
Qorxunc sular aldı bizi soyuq, duzlu ağuşuna
Odisseyin gözü nəmli, çatammırıq İtakaya
Dalğa bizi sürükləyir sonsuzluğun yoxuşuna.

***

“Hər şey yaxşı olacaq, daha yaxşı, həm də bu gün”
Dalğa geri çəkilərkən, qədəm basdıq isti quma
Bitdi artıq sular içrə çəkdiyimiz şanlı sürgün.
Duzlu dili manqo südü tez gətirdi yaxşı tama.

***

Qədim insan canlanıbdır qaçıb gəlir yanımıza
Elə bil ki itkin düşən tanrılarıq qayıtmışıq
Heyrət dolu gözlər baxır məhv olmuş salımıza
Minillik qohumluğu biz yenidən oyatmışıq.

***

Xulu rəqsi ətrafında qədim insan, yeni insan
Qədəhləri çırpa-çırpa içir günəşin sağlığına.
O dünyaya səyahətsə çox asandır çox asan
Salam söylə cənnətdəki dənizlərin balığına.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG