Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 10:53
-

«R. MORNİNGSTAR ÖNCƏ ÖZ ÖLKƏSİNDƏKİ VƏZİYYƏTİ GÖZ ÖNÜNƏ GƏTİRİBMİ?»

«Yeni Azərbaycan» qəzeti AzadlıqRadiosunun peyk yayımına əngəllərlə bağlı yazı dərc edib. Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar iyulun 15-də Azad Avropa/Azadlıq Radiolarının prezidenti vəzifəsini icra edən Kevin Klose ilə birlikdə radionun Bakı ofisində olub və AzadlıqRadiosunun peyk yayımına siqnal müdaxiləsi ilə bağlı bəyanat verib.

Səfir bu məsələni Azərbaycan hökuməti ilə müzakirə etdiyini və onun həllinə hökumətin kömək istədiyini bildirib.

«Görəsən, cənab R. Morningstar AzadlıqRadiosu ilə bağlı məsələyə münasibət bildirməzdən öncə öz ölkəsindəki vəziyyəti göz önünə gətiribmi? Son həftələrdə bütün dünyada müzakirə mövzusu olan ABŞ kəşfiyyat xidmətinin əməkdaşı Edward Snowden-in bu ölkənin vətəndaşlarının telefon danışıqlarının və internet fəaliyyətinin Milli Təhlükəsizlik Agentliyi tərəfindən illərdir gizli şəkildə dinlənilməsi və izlənilməsini ifşa etməsi çox şeydən xəbər vermirmi? Fəaliyyəti gizli izlənənlərin içində jurnalistlər də var. Belə ki, «Associated Press»in əməkdaşlarının telefon danışıqlarının dinlənilməsi də məlum olub».

BÖYÜK SİYASƏTDƏKİ KİÇİK AZƏRBAYCAN

Azər Rəşidoğlu «Yeni Müsavat» qəzetindəki təhlilində son aylar rəsmi Bakının mövqeyinin əsaslı dərəcədə sarsıdıldığını yazır:

«Bu prosesdə Moskvanın öndə getdiyi fikri ictimai rəydə üstünlük təşkil edir. Azərbaycanda cərəyan edən proseslərin Rusiyadan asılı olduğu qənaətinə gələnlərin sayı durmadan artır. Lakin Cənubi Qafqaz və o cümlədən, Azərbaycan Qərb üçün son dərəcə önəmli bölgədir. Bu baxımdan, ölkəmizin Rusiyanın təsir dairəsinə belə asanlıqla verilə biləcəyini ehtimal etmək də yanlış olardı. Məsələ ondadır ki, Vaşinqton strateji bölgə olan Azərbaycana nəzarəti ələ keçirmək planına çoxdan malikdir. İranla ciddi problemlər, habelə Əfqanıstana qoşunların göndərilməsi baxımından Azərbaycan kimi platsdarma Vaşinqtonun ehtiyacı var...

...Rəsmi Bakı Qərbin tələblərinə əməl etməsə, Azərbaycanda milli demokratik inqilab nəticəsində iqtidara gələcək Qərbyönlü siyasi qüvvələr bu məsələdə mühüm rol oynaya bilərlər. Bir sözlə, rəsmi Bakıya imtina edə bilməyəcəyi təklif olunub. Bəzi məlumatlara görə, rəsmi Bakı buna razılıq verərsə, ölkə rəhbərliyinin ABŞ səfəri təşkil oluna bilər və yüksək səviyyələrdə keçiriləcək bu görüşlərdə rəsmi Bakı Amerika qoşunlarına «yaşıl işıq» yandıra və əvəzində hakimiyyət üçün hava və su kimi zəruri olan siyasi dəstək qazana bilər».

BU ADAM NƏ DANIŞIR?

«Bizim yol» qəzeti Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin şikayəti əsasında həbs edilən iş adamı Arzu Kazımovun cinayət işi üzrə məhkəmə prosesindən reportaj dərc edib. Proses şahid Rövşanə Arazxanlıya (Əliyeva) dövlət ittihamçısının sualları ilə davam etdi. R. Arazxanlı prokurorun verdiyi bəzi sualların qarşısında bir çox detalları xatırlamadığını deyib. İstintaqa verdiyi ifadəsini təsdiqlədiyini deyən şahid E. Abdullayevin yaydığı, özünün də iştirak etdiyi videoçəkilişlərlə tanış olduğunu vurğuladı: «Həmin çəkilişlərdə mənim səsim montaj olunub».

R. Arazxanlı həmçinin məlum videolardan birində Arzu Kazımovun oğlu Zaur Kazımova zəng edərək, ondan Mahiri gətirməsini xahiş etməsi, daha sonra dəstəyi E. Abdullayevə verməsi ilə bağlı detala da münasibət bildirdi. Onun sözlərinə görə, buradakı proseslər Eldənizin diktəsi və tapşırığı ilə baş verib. Belə ki, Eldəniz ondan Elşad Abdullayevin yanında Zaura zəng etməsini xahiş edib: «O deyirdi ki, elə et, Elşad elə bilsin ki, məsələ həll olunur. Mən də onun dediyini etdim. Zəng edib telefonu Elşada verdim ki, danışın. Elşad da ona dedi ki, «Mahiri götür qucağına gətir». Sonradan Zaur da mənə zəng etdi ki, bu adam nə danışır, mən dənizdəyəm».

Prokurorun «bəs sizin bu işdə marağınız nədən ibarət idi» sualına cavab olaraq R. Əliyeva sadəcə ABU-da dekan olmaq istədiyini, başqa heç bir maddi marağının olmadığını bildirdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG