Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:40

«Neft şirkətində qadınlara seks təklifləri...»


Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı
-
«Dövlət Neft Şirkətinin idarə və müəssisələrində çalışan qadınlar cinsi təhriklə üzləşirlər» – Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Mirvari Qəhrəmanlı belə deyir və bu il 8 belə müraciətin olduğunu sözlərinə artırır. Müraciətlərdən 5-i eyni idarədən, qalanları ayrı-ayrı idarələrdəndir:

«Ümumiyyətlə, qadınlar iki cür cinsi təhriklərə məruz qalırlar. Birinci halda qadınlara rəhbərləri qeyri-rəsmi təklif edirlər. Bununla razılaşmayan qadınlara bildirilir ki, ixtisara düşmüsən və işdən azad olunursan. Qadınlar bunu qəbul etmir, bəzi hallarda razılaşmağa məcbur qalırlar. Heç olmasa, Dövlət Neft Şirkəti idarə və müəssisə rəhbərlərini bundan xəbərdar etsin ki, məsələyə ciddi yanaşsınlar».

«QADINLAR BELƏ HALLARI GİZLƏDİRLƏR...»

Mirvari Qəhrəmanlının dediyinə görə, bir çox hallarda qadınlar bu cür təhriklərə məruz qalanda, bunu gizlətməyə meylli olurlar. İstəyirlər ki, bu məsələdən heç kim xəbər tutmasın. Onun fikrincə, bunun əsas səbəbi cəzasızlıq və əksinə, şikayətçi qadınların təqiblə üzləşməsidir.

«NEFT ŞİRKƏTİ BU MÜRACİƏTLƏRİN ARAŞDIRILMASINI İSTƏYİR»

Dövlət Neft Şirkəti mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirir ki, bir neçə il ərzində şirkətə daxil olan şikayət və müraciətlərin içərisində yalnız bir bənzər şikayət var. Həmin şikayət də araşdırılıb və məlumat təsdiqini tapmayıb.
Azərbaycan Dövlət Neft Şirkəti
Azərbaycan Dövlət Neft Şirkəti
Dövlət Neft Şirkəti Mirvari Qəhrəmanlıdan onda olan faktları müvafiq qurumlara verməsini tələb edir:

«Mirvari Qəhrəmanlının səsləndirdiyi fikirlər çoxillik Neft Şirkətinin işçilərini hiddətləndirib. Biz indiyədək neft şirkətinə gələn müraciət və şikayətləri araşdırdıq və məlum oldu ki, bizim şirkətə yalnız bir belə şikayət daxil olub. Və faktlar da öz təsdiqini tapmayıb. Mirvari Qəhrəmanlıya belə müraciətlər olubsa, həmin müraciətlərin müvafiq hüquq-mühafizə qurumlarına təqdim olunmasını tələb edirik».

Nizaməddin Quliyev, əks halda, neft şirkətinin öz işgüzar nüfuzunu qoruması üçün məhkəməyə üz tutacağını da vurğulayıb.

«BUNU İNKAR ETMƏKDƏNSƏ...»

Mirvari Qəhrəmanlı bu bəyanatdan təəssüfləndiyini və əslində, Dövlət Neft Şirkətinin bununla qadınların şikayətlərini necə araşdıracağını göstərdiyini bildirir:

«Nədənsə Dövlət Neft Şirkətində bu və ya digər məsələ ilə bağlı problemləri dilə gətirəndə hay-haray salırlar. Bu problemi araşdırıb, problemi həll etmək daha doğru mövqe olardı».

Məhərrəm Məhərov
Məhərrəm Məhərov
Mirvari Qəhrəmanlı təklif edir ki, iş yerlərində əxlaq kodeksi və davranış qaydaları hazırlansın. Onun fikrincə, tək Neft Şirkətində yox, digər özəl və dövlət qurumlarında da belə hallar mövcuddur. Bunu danmaqdansa, məsələni araşdırıb, həll etmək lazımdır.

«ƏMƏK MÜFƏTTİŞLİYİNƏ BELƏ BİR MÜRACİƏT EDİLMƏYİB»

Bəs, indiyədək iş yerlərində qeyri-rəsmi təkliflər, özəlliklə cinsi təhrik halları ilə bağlı dövlət qurumlarına müraciət olubmu? Dövlət Əmək Müfəttişliyi rəisinin müavini Məhərrəm Məhərov bildirir ki, indiyədək belə halla rastlaşmayıblar:

«Belə hallar bəlkə də mövcuddur. Mən bunu deyə bilmərəm. Amma bizə bununla bağlı, bir dənə də olsun, şikayət daxil olmayıb. Bilirsiniz, əslində, biz hansısa idarə, ya müəssisəyə gedib qadınlardan belə təhriklərə məruz qalıb-qalmadıqlarını soruşa bilmərik. Heç bu, bizim milli mentalitetimizə də uyğun deyil. Kiminsə dininə, siyasi baxışlarına, cinsinə görə ayrı-seçkiliyə yol verilmir».

Məhərrəm Məhərov əlavə edir ki, qeyri-rəsmi təklif və ya cinsi təhriklə bağlı məsələlər ancaq rəsmi müraciətlər əsasında araşdırıla bilər.
XS
SM
MD
LG