Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:38

Avropa Parlamenti: «Məsələ açıq qalır»


Elxan Süleymanov
Elxan Süleymanov
-
«Azərbaycanda bu ilin oktyabr ayında keçiriləcək seçkilərə Avropa Parlamentinin müşahidə missiyasının göndərilməsi nəzərdə tutulmayıb».

Bunu Azərbaycan Parlamentinin üzvü, AvroNest PA-nın vitse-prezidenti, AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov apa-ya müsahibəsində deyir.

Xatırladaq ki, Elxan Süleymanov ötən həftə Avropa Parlamentinin Azərbaycanı seçki müşahidə missiyalarının tələb olunduğu ölkələr siyahısından çıxarmasını bildirib.

Avropa Parlamenti mətbuat xidmətinin rəhbəri Marjory van den Broeke isə AzadlıqRadiosuna deyib ki, seçkinin müşahidə olunacağı ölkələrin siyahısı deyil, ilin ikinci yarısında seçki keçiriləcək ölkələrin siyahısı var:

«Hər hansı ölkə üzrə rəsmi qərar qəbul olunmayıb. Bu qərarı parlamentin prezidenti və siyasi qrup rəhbərləri sentyabrda verəcəklər».

«İYULUN 4-DƏ QƏRAR VERİLİB»

Elxan Süleymanov isə apa-ya deyib ki, iyulun 4-də Avropa Parlamentinin Demokratiyaya Dəstək və Seçki Koordinasiya Qrupunun (DDSK Qrupu) iclası keçirilib. Həmin iclasda 2013-cü ilin ikinci yarısında keçiriləcək seçkilər müzakirə edilib. Prezidentlər Konfransının təqdim etdiyi seçki keçiriləcək ölkələr siyahısından 4 ölkəyə (Gürcüstan, Tacikistan, Nepal və Honduras) rəsmi seçki müşahidə missiyası göndərilməsinə dair qərar qəbul edilib:

«DDSK Qrupunun iclası zamanı adıçəkilən ölkələrdə böyük problemlərin ola biləcəyi qeyd edilib və bu səbəbdən bu ölkələrdə keçiriləcək seçkilər haqqında Avropa Parlamentinin məruzə hazırlamasının vacibliyi vurğulanıb. İclasda qəbul edilmiş qərara əsasən, Azərbaycanda oktyabrda keçiriləcək prezident seçkilərinə Avropa Parlamenti tərəfindən rəsmi seçki müşahidə missiyasının göndərilməsi nəzərdə tutulmayıb. Bu qərarın qəbul edilməsi bizim Seçki Komitəsinin katibliyindən aldığımız məlumatda da öz təsdiqini tapıb. Həmin məlumatı olduğu kimi diqqətə çatdırmaq istərdim. Beləliklə, Seçki Komitəsinin katibliyinin məlumatında deyilir: «Azərbaycana Seçki Müşahidə Missiyası siyahıdan çıxarılıb. Prezidentlər Konfransı və Demokratiyaya Dəstək və Seçki Koordinasiya Qrupu Gürcüstana (oktyabr 2013), Nepala (19 noyabr), Hondurasa (24 noyabr), Tacikistana (noyabr 2013) missiyalar göndərəcək. Hər il cəmi 12 SMM göndərilə bildiyindən, indiyə qədər yalnız 6 missiya göndərilib və seçkilər olacağı təqdirdə Madaqaskar, Misir, Liviya, Tunis, Banqladeş və Fələstinə maksimum daha 2 missiya göndərilməsi mümkündür».

MƏNTİQSİZLİYİN NÜMAYİŞİ?

Marjory van den Broeke-nin AzadlıqRadiosuna açıqlamasına gəlincə, Elxan Süleymanov bildirib ki, hər bir məsələni müzakirə edərkən məntiqi yaxınlaşma nümayiş etdirilməlidir.

«Biz DDSK Qrupunun qərarına əsasən müşahidə missiyası göndəriləcək ölkələrdə seçkilərin keçiriləcəyi tarixə nəzər salanda, görürük ki, seçkilər Gürcüstanda 27 oktyabrda, Nepalda, Hondurasda və Tacikistanda isə noyabr ayında keçiriləcək. Beləliklə, aydın olur ki, bu ölkələrdə seçkilər Azərbaycandan sonra keçiriləcək.
Avropa Parlamenti
Avropa Parlamenti
Onda məntiqi sual meydana gəlir: nə üçün seçkilərin oktyabrın sonunda və noyabr ayı ərzində keçiriləcək ölkələrə missiyaların göndərilməsi məsələsi iyul ayının əvvəlində həll edildiyi halda, oktyabrın birinci yarısında həmin ölkələrdən xeyli əvvəl seçkilər keçiriləcək Azərbaycana müşahidə missiyasının göndərilməsi barədə qərar sentyabrda veriləcək? Bu normal bir halda məntiqsizliyin nümayişidir. Bu gün Demokratiyaya Dəstək və Seçki Koordinasiya Qrupunun qərarında Azərbaycana rəsmi müşahidə missiyası göndərilməsi nəzərdə tutulmayıb. Bu qərara kölgə salanlar həmişə olduğu kimi Avropa Parlamentinə hücumlar edə bilərlər, heç şübhəsiz ki, edənlər də tapılacaq, o zaman Avropa Parlamenti Azərbaycana təzyiq etmək üçün bu fürsətdən məharətlə istifadə edə bilər. Amma həmin qüvvələr həm də nəzərə almalıdırlar ki, Avropa Parlamenti il ərzində cəmi 12 seçki müşahidə missiyası göndərir, artıq 6 missiya ilin birinci yarısında göndərilib, ilin ikinci yarısında 4 missiyanın göndərilməsi barədə qərar qəbul edilib, yerdə qalan 2 missiya isə Madaqaskar, Misir, Liviya, Tunis, Banqladeş və Fələstində seçkilər keçiriləcəyi təqdirdə onların maksimum ikisinə göndəriləcək».

AVROPA PARLAMENTİ DƏ DEDİYİNDƏN DÖNMÜR

Hazırda seçkilər müşahidə olunacaq dörd prioritet ölkənin siyahısı var. Ancaq bu siyahını parlamentin Prezidentlər Konfransı sentyabrda təsdiqləyə də bilər, təsdiqləməyə də. Bu siyahıda Azərbaycanın adı yoxdur.

Bunu AzadlıqRadiosuna Avropa Parlamentinin sözçüsü Marjory van den Brokere bildirib:

«Prezidentlər Konfransı siyahını təsdiqləməyə məcbur deyil. Məsələ hələ də açıq qalır. Prioritet ölkələrin siyahısını bir qrup parlament üzvü irəli sürür. Bu prioritet ölkələri müzakirə edən üzvlər ancaq təklif verirlər, qərar qəbul etmək səlahiyyətində deyillər».
XS
SM
MD
LG