Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:31

Nehrəmdə Cəfərovlar ailəsi imdad diləyir...


-

Naxçıvanda 12 ildir yataq xəstəsi olan Aydın Cəfərov dövlətdən kömək istəyir. Birinci qrup əlil olan 17 yaşlı Aydın Babək rayonunun Nehrəm kəndində yaşayır. O, meopatiya xəstəliyindən əziyyət çəkir. Eyni xəstəliyi daşıyan kiçik qardaşı Amin isə ikinci dərəcəli əlildir. Meopatiya - xroniki əzələ xəstəliyidir. Nadir rastlanan, əsasən irsi yolla keçən bu xəstəliyik əzələnin zəifliyi və atrofiyası ilə müşahidə olunur. Qardaşı Aminin vəziyyəti nisbətən yüngül olsa da Aydın Cəfərov bu xəstəliyin ağır formasını yaşayır.

Aydının nənəsi Əfruz Cəfərova deyir ki, kömək üçün müraciət etmədiyi dövlət qurumu qalmayıb. Lakin, onun sözlərinə görə indiyə kimi səslərinə hay verən olmayıb. Yerli məmurlardan kömək ala bilməyən Əfruz Cəfərova prezidentə müraciət edib. Dediyinə görə, müraciətinə müsbət cavab ala bilsə də Naxçıvan MR Nazirlər Kabineti üzərinə düşən vəzifəni icra etmək istəmir:

«SÖZ VERDİLƏR Kİ, HEÇ YERƏ ŞİKAYƏT ETMƏSƏM ÖZLƏRİ MƏSƏLƏNİ HƏLL EDƏCƏKLƏR»

Aydın Cəfərov

Aydın Cəfərov

«Prezidentə teleqram vurdum, cavabı gəldi Naxçıvan MR Nazirlər Kabinetinə. Məni çağırdılar, getdim, söz verdilər ki, heç yerə şikayət etməsəm özləri məsələni həll edəcəklər. Sonra heç maraqlanmadılar da. Dəfələrlə Babək rayon İcra Hakimiyyətində də olmuşam. Hər yerə getmişəm. Vasif Talıbovun qəbuluna getdim, buraxmadılar yanına. Bir əlil arabası verdilər, ondan da istifadə edə bilmir. Hərəsi 60 manat təqaüd alır. Həmin pul onun heç aylıq rentgenə düşmək xərcini də ödəmir».

Əfruz Cəfərova deyir ki, nəvəsinin xəstəliyini tam müalicə etmək mümkün olmasa da, müasir tibbi avadanlıqlar vasitəsi ilə müsbət nəticələr əldə etmək olar:

«DÖVLƏTİMİZ VAR, QOYSUNLAR SƏRVƏTİNDƏN, MALINDAN BİZ DƏ BƏHRƏLƏNƏK»

Amin Cəfərov

Amin Cəfərov

«Bəlkə müalicə edə bilərik? İndi yaxşı texnologiya çıxıb. Kömək etsinlər sağaldaq onu. Ev şəraitimiz də pisdir. Uşaqlıqdan yataq xəstəsidir, qalxıb otura bilmir. Bir nəfər ayrıca lazımdır ki, ona quluq etsin. Atası da fəhlə adamdır. Vəziyyətimiz çox pisdir, demək olar ki, sürünürük. Evimiz uçur başımıza. Ona qulluq etmək üçün normal şəraitimiz də yoxdur. Heç olmazsa həyətdə birotaqlı ev tiksinlər. Əlimizdə aparırıq ora-bura. Anası da ikinci qrup əlildir. Dövlətimiz var, qoysunlar, sərvətindən, malından biz də bəhrələnək. Qışqırıb imdad diləmək istəyirəm insanlardan. İmkan olsa apararam yüksək ixtisaslı həkimlərin yanına. Bəlkə, sağaldılar? Müalicəyə imkanımız yoxdur».

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetindən Aydın Cəfərovla bağlı onlara heç bir müraciətin daxil olmadığını dedilər. Kabinetin qəbul şöbəsindən bildirdilər ki, Aydın Cəfərov onlara müraciət edərsə, araşdırıb, lazımi tədbir görə bilərlər.

Babək rayon İcra Hakimiyyətindən də onlara bu cür müraciətin ünvanlanmadığını bildirdilər.

Müzəffər Baxışov

Müzəffər Baxışov

Hüquqşünas Müzəffər Baxışov isə bildirir ki, qanunla bu cür xəstələrin müalicəsini dövlət öz üzərinə götürməlidir:

«DÖVLƏT BU ŞƏXSLƏRİN MÜALİCƏSİNİ ÖZ ÜZƏRİNƏ GÖTÜRMƏLİDİR»

«Prezidentin məktubu şərt deyil. Qanunun tələbinə görə, dövlət bu şəxslərin müalicəsini öz üzərinə götürməlidir. Bu ailə hətta prezidentə də müraciət edib. Azərbaycan kimi ölkələrdə prezidentin göstərişi qeyd-şərtsiz yerinə yetirilir. Naxçıvanda buna niyə əhəmiyyət vermirlər, başa düşmürəm. Əslinə qalsa prezidentə müraciət etməyə də ehtiyac yoxdur. Bu qanunun tələbidir».

Hüquqşünasın sözlərinə görə, əlil şəxsin ailəsi müvafiq qurumlardan məhkəməyə şikayət edə bilər.

Şərhləri göstər

XS
SM
MD
LG