Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:05

Xaçmaz avtovağzalında bilet tələb etdi, özünə məhkəmə qurdular...


Arxiv foto
Arxiv foto
-

«Adamlara bilet satmırlar. Maşında 4 manatdan pul yığıb yola salırlar. Halbuki biletin öz qiyməti 2 manat 51 qəpikdir. Yoldaşım onlara 3 nəfər üçün 10 manat verdi. Dispetçer tulladı pulu yoldaşımın üstünə. Dedi ki, 12 manat verməlisən. Yoldaşım dedi, olanım budur. Dedi, ya 12 manat ver, ya da maşından düşün».

Xaçmaz rayon Məhkəməsində hakim Rövşən Xəlilovun sədrliyi ilə Sərminaz Kazımzadənin məhkəməsi başlayıb. Sərminaz xanım barəsində həbs qətimkan tədbiri seçilməsə də, o, xuliqanlıqda təqsirləndirilir.

İttihamnaməyə görə, Sərminaz Kazımzadə Xaçmaz avtovağzalında bilet tələb edərkən dispetçer Kamranbəy Bəhlulzadəni döyüb. O isə ittihamları qəbul etmir:

«TƏLƏB ETDİ Kİ, AVTOBUSDAN DÜŞƏK»

«Xaçmaz avtovağzalındakı kassadan ədəb-ərkanla bilet alan sərnişinə rast gələ bilməzsiz. Biz də ailəvi Bakıya gedirdik. Xaçmaz-Bakı avtobusuna əyləşəndən sonra oğlumu bilet almaq üçün kassaya yolladıq. Gəldi dedi ki, bilet satılmır. Kassadakı deyir, yolpulunu avtobusun içərisindəki pulyığana verin. Həyat yoldaşım 3 nəfərə görə 10 manat verəndə dispetçer dedi ki, 2 manat da üstünə qoy. Dedik olanımız budur, razılaşmadı. Tələb etdi ki, avtobusdan düşək».

Sərminaz Kazımzadə məhkəmədə ifadəsinə belə davam edib:

Sərminaz Kazımzadə
Sərminaz Kazımzadə
«Beləcə bilet tələb etdik, vermədilər, əvəzində təhqir etdilər, döyüldük, söyüldük. Əvvəl dispetçer oğluma əl atdı, mən oğlumu müdafiə etmək istəyəndə, məni də vurdu. Özümü müdafiə etmək istəyəndə dırnaqlarım üzündə cızıq işarələri saldı».

Sərminaz Kazımzadənin ifadəsinə görə, «102» xidmətinə zəng vurub, əraziyə polis çağırıb. Az keçməmiş polislər gəlib. Amma:

«AÇIQ-AŞKAR DİSPETÇERİN TƏRƏFİNİ SAXLADILAR»

«Açıq-aşkar dispetçerin tərəfini saxladılar. Bizi polis şöbəsinə apardılar. Dispetçerə gözün üstə qaşın var deyən olmadı, mənə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi qaldırdılar».

Sərminaz Kazımzadə deyir, sonradan ona məlum olub ki, Xaçmaz avtovağzalında bilet tələb edib polisə düşən nə birinci, nə də sonuncu sərnişindir. Kim 4 manat yolpulu verməkdən imtina edib, qanun-qayda üzrə kassadan 2 manat 51 qəpiyə bilet tələb edirsə, aqibəti belə olur: Əvvəli döyülüb, söyülmək, axırı xuliqan maddəsi ilə damğalanmaq.

«DİSPETÇERİN DEMƏSİNƏ GÖRƏ, QADIN ONA YAXINLAŞARAQ BİR NEÇƏ YUMRUQ İLİŞDİRİB»

Xaçmaz rayon məhkəməsi
Xaçmaz rayon məhkəməsi
Məhkəmə Xaçmaz avtovağzalında dispetçer işləyən və istintaqın zərərçəkmiş kimi tanıdığı Kamranbəy Bəhlulzadəni də dindirib. O, ifadəsində göstərib ki, bu il martın 30-da səhər saatlarında iş başında olarkən, adını-soyadını sonradan bildiyi Sərminaz Kazımzadə ona yaxınlaşaraq bilet kassasının yerini soruşub. O da sərnişinə kassanın yerləşdiyi binanı göstərib. Bir neçə dəqiqə sonra Xaçmaz-Bakı avtobusunda olan sərnişinlər ondan tələb ediblər ki, bilet üçün gedən sərnişini tələsdirsin. Ya da həmin sərnişinin əşyalarını avtobusdan götürsün ki, onlar yola düşsünlər. Dispetçer ifadəsində qeyd edib ki, kassaya yaxınlaşaraq Sərminaz Kazımzadəni səsləmək istəyəndə onun avtovağzal rəhbərliyinin ünvanına söyüşlər söydüyünü görüb. Sərnişini sakitləşdirmək istəyəndə özü də söyülüb. Dispetçerin deməsinə görə, qadın ona yaxınlaşaraq bir neçə yumruq ilişdirib. Hadisə yerinə gələn polislər hər iki tərəfi polis şöbəsinə aparıb.

Hakim dispetçerdən sərnişin biletinin avtobusda, yoxsa kassada satıldığını soruşub. Dispetçer bildirib ki, bilet yalnız kassada satılır. Şahid kimi dindirilən sürücülər isə hakimin sualına belə cavab veriblər: «Məgər biz bilet satanıq? Bilet kassada olur».

AVTOVAĞZAL KAMERASI...

Sərminaz Kazımzadə əvvəlki məhkəmə iclaslarında vəsatət qaldırmışdı ki, avtovağzaldakı müşahidə kamerası təftiş edilsin. Kimin kimi döydüyü, biletin sərnişinlərə hansı qaydada satıldığı kameranın yaddaşında var. Hakim vəsatəti təmin edərək, avtovağzal rəhbərliyinə sorğu göndərmişdi. Sorğuya cavab verilmişdi ki, avtovağzalda müşahidə kamerası yoxdur. Bu dəfə isə kameranın olub-olmadığını müəyyən etmək üçün ekspertlərin hadisə yerinə baxış keçirmələri ilə bağlı vəsatət verib. Hakim vəsatəti təmin edib və məhkəmənin işində qeyri-müəyyən vaxtadək fasilə elan edib.
XS
SM
MD
LG