Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:04

Heç kəsin görmək istəmədiyi neft sensasiyası


SOCAR-ın Ukraynada yanacaqdoldurma stansiyası
SOCAR-ın Ukraynada yanacaqdoldurma stansiyası
-
Hasilatın azalmasına və qiymətlərin sabitliyinə baxmayaraq, 2012-ci ilin yekunu üçün Dövlət Neft Şirkətinin xam neft satışından gəlirlərinin üç dəfə artması barədə sensasion məlumat KİV tərəfindən sezilmədi.

«Ernst&Young» tərəfindən audit edilən ARDNŞ-in konsolidə edilmiş maliyyə hesabatına əsasən, hesabat dövründə şirkətin gəlirləri 17 mlrd. 138 mln. 832 min manat olub. Gəlirlərin strukturunun analizi göstərir ki, neft dollarlarının axınının kəskin artımı xam neftin satışı hesabına olub. 2011-ci ildə satışdan gəlir 2.7 mlrd manat idisə, 2012-ci ildə 10.1 mlrd manat olub. Neft emalı məhsullarının satışından gəlirlər 700 mln. manat artıb. Neft-kimya və təbii qaz məhsullarının göstəricilərində ciddi dəyişiklik olmayıb. Maraqlıdır ki, vergi ödənişlərindən sonrakı gəlirlərdən söhbət gedir.

ARDNŞ bu cür yüksək gəlir artımının səbəbini açıqlamır, amma «Turan» Agentliyi müəyyən edib ki, bu, şirkətin maliyyə hesabatına ARDNŞ-in törəmə treydinq şirkəti – «SOCAR Trading»in balans hesabatının daxil edilməsidir. («SOCAR Trading» 2007-ci ildə «Supra Holding Ltd.» tərəfindən təsis edilib. Orda ARDNŞ-in 50%, Britaniyanın Vircin adalarında və mənzil-qərargahı Cenevrədə olmaqla Dubay azad iqtisadi zonasında qeydiyyata alınmış iki offşor şirkətin 50% payı var).

«SOCAR TRADING» KİMİNDİR?

Balansın hesabata daxil edilməsi iki faktorun nəticəsidir. Ötən ilin mayında İsveçrə hökuməti Cenevrədə yerləşən iri dünya xammal treyderlərini xəbərdar etdi ki, daha açıq olmasalar, sərt tənzimləmə tətbiq ediləcək. O, bu sahədə araşdırmaya 2012-ci ilin mayında treydinq şirkətlərinin ünvanına xammalın qiymətində manipulyasiya ittihamından sonra beynəlxalq təzyiq nəticəsində başladı. İsveçrə qeydiyyatlı xammal treyderlərinin dövriyyəsi ölkə ÜDM-nin 3.5%-i təşkil edir. Hökumət dünya xammal ticarəti mərkəzi kimi İsveçrənin cəlbediciliyini qoruyacaq və ölkənin reputasiyasına kölgə salmayacaq 17 tövsiyə hazırlamışdı. İsveçrədə qərarlaşan treydinq şirkətləri arasında «SOCAR Trading»in də adı var.
Rövnəq Abdullayev
Rövnəq Abdullayev

İkinci mühüm amil ARDNŞ-in «Supra Holding Ltd.»də pay iştirakının 2007-ci ildəki 50%-dən 2012-ci ilin yayında 80%, həmin ilin sentyabrında 100%-ə çatmasıdır. Bütün bu dəyişiklər şəffaflıq sahəsində beynəlxalq səylər nəticəsində mümkün olmuşdur.

«SOCAR Trading» yaranandan ictimaiyyət üçün qapalı və bütün dünyada yeni neft ticarət bazarlarının ələ keçirilməsi üzrə aqressiv siyasəti ilə xarakterizə edilən şirkət kimi tanınıb. O, ARDNŞ-in törəməsi kimi göstərilirdi, amma auditdən keçmiş hesabatlarda bu şirkətin fəaliyyəti barədə heç bir məlumat yox idi. ARDNŞ-in öz saytında «SOCAR Trading» haqda heç bir məlumat verilmirdi. «SOCAR Trading»in baş direktoru Valery Golovushkin 2012-ci ildə «Reuters» agentliyinə özünün nadir müsahibələrindən birində məlumat verirdi ki, 2011-ci ilin yekununda şirkətin dövriyyəsi $30 mlrd.-ı keçib. Amma neft şirkəti «SOCAR Trading»in mənfəəti barədə açıq heç bir məlumat verməyib.

Bu, «SOCAR Trading»in Azərbaycan prezidentinin ailə üzvlərinin iştirak etdiyi bir qrup şəxsə məxsus olması barədə bəyanatlara rəvac verib. Doğrudur, ötən il Azərbaycan siyasi mühacirlərinin İsveçrə «törəməsi» tərəfindən külli miqdarda vəsaitin talan edilməsi barədə ittihamlarından sonra ARDNŞ prezidenti Rövnəq Abdullayev «SOCAR Trading»in ARDNŞ-ə məxsus olması barədə bəyanat verməyə məcbur oldu. Amma problemi dərinləşdirən o idi ki, ARDNŞ şəffaflıq sarıdan axsayırdı. 2010-cu ilin aprelində «ARDNŞ-in pul axınları» kitabının müəllifləri göstərirdi ki, ARDNŞ maliyyə məlumatlarını ildən-ilə ictimaiyyət üçün daha az açıqlayır.

Xəzərdə neft platforması
Xəzərdə neft platforması
$37 ALIB $47 SATIBLAR

Gerçəkdən, «SOCAR Trading» təsis ediləndən sonra 2008-ci ildə ARDNŞ-in maliyyə hesabatında «neft və neft məhsulları satışından gəlirlər», «neft və neft məhsulları ixracından gəlirlər», «birgə müəssisələr və Azərbaycanda işləyən əməliyyat şirkətlərinin neft nəqlindən gəlirləri» kimi qrafalar aradan qaldırıldı. Eyni zamanda, müəlliflər hökumətin, ARDNŞ-in və Neft Fondunun neft satışından gəlirlər barədə məlumatlarında uyğunsuzluq aşkarlayıblar.

Bu gün «SOCAR Trading»in gəlirlərinin çox hissəsi üçüncü tərəflərin neftinin satışından gəlirlərdir. 2011-ci ilin yekununda «SOCAR Trading»in ticarət portfelində neft və neft məhsullarının 24%-i ARDNŞ-ə, 76% üçüncü tərəflərə məxsus olub. Bunun üçün şirkət dünyanın müxtəlif ölkələrində öz terminalları vasitəsilə ticarət həyata keçirir. Daha çox nefti BƏƏ-dəki Füceyrə limanındakı «SOCAR Aurora Fujera» (təsisçisi «SOCAR Trading» (İsveçrə) və «Aurora Progress») neft məhsulları terminalı «həzm edib». 2012-ci ildə şirkət Argentinada, Afrika Buynuzu rayonunda aktiv şəkildə üçüncü tərəflərin neft, Nigeriya rayonunda neft məhsulları ticarətinə başladı və bu rayonda üçüncü tərəflərin nefti ilə ticarəti genişləndirdi.

Xatırlatmaq lazımdır ki, 2009-cu ildə Azərbaycan Milli Bankının ilin birinci rübünün tədiyyə balansının təhlili zamanı məlum olub ki, ARDNŞ neftin barelini «SOCAR Trading»ə $37, «SOCAR Trading» isə öz növbəsində dünya bazarında xammalı $47 satıb (BP başda olmaqla xarici şirkətlər konsorsiumu da nefti $47-a satıb). Nəticədə ölkə büdcəsi bir ildə $2 mlrd.-a qədər əskik oldu. Bugünkü itkilərin miqdarı məlum deyil. Məlumatlar əvvəlkitək məxfidir.
XS
SM
MD
LG