Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:43

Gəncədə liftlərin təmiri və sovrulan dövlət vəsaitləri...


Lift son 3 ildə tamam yararsız hala düşüb.

Lift son 3 ildə tamam yararsız hala düşüb.

-
«7-ci mərtəbədə yaşayırıq. Liftimiz işləmir. İçməli suyu da mənzilimizə çıxara bilmirik. Baxan, nəzarət edən olmayıb. Yazılı sürətdə icra hakimiyyətinə məktub göndərmişik. Biz təzə lift istəyirik, bu gün düzəldəcəklər, yenə xarab olacaq. İkinci məktub yazmışıq. Biz 7 ildir köçmüşük, qəzalı liftdir. Usta gəlmişdi, dedi ki, uşaqları qoruyun, lift tam yararsızdır, elektrik vura bilər».

Bu sözləri Yeni Gəncə qəsəbəsi bina 57 də yaşayan Vəfa Cəfərova deyir. Binanın sakinləri danışırlar ki, 23 ildir istismar olunan lift son 3 ildə tamam yararsız hala düşüb. Ən son baxan texniki işçilər liftin istismarına qadağa qoyublar.

«XƏSTƏMİZ OLUR, TƏCİLİ YARDIM MAŞINI ÇAĞIRIRIQ, AŞAĞIDA DAYANIR Kİ, LİFT YOXDUR»

Həmin binanın sakini Reyhan Məmmədova:

«Son 1-2 ildir ki, lift heç işləmir. Zülm çəkirik. Xəstəmiz olur, təcili yardım maşını çağırırıq, gəlib aşağıda dayanır ki, lift yoxdur, çıxmırıq. Bizim köhnə lifti düzəltmək istəyirlər, biz istəmirik. Yeni lift qoyulsun. Dövlət vəsait ayırıb, qoysunlar. Düzəlir yenə xarab olur».

QONŞU ÜMİDİNƏ QALAN QOCALAR

80 yaşlı bir sakin:

«Lift yoxdur, əziyyət çəkirəm. Çıxıb düşə bilmirəm, 80 yaşım var. Nəvələrim xaricdə, yoldaşım da xəstədir. 80 yaşlı sakin

80 yaşlı sakin

Çörək ala bilmirəm. 25 ildir aldığımız evdir, köhnə liftdir. 88-də verilən evdir. Ondan sonra gəlib baxan, təmir edən də yoxdur. Bu dəqiqə çörək yoxdur, kimə deyim gedib bir çörək alsın?».

BÜTÜN LİFTLƏR YENİLƏNƏCƏK

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin sədri Elgün Məmmədov isə deyir ki, dövlət büdcəsindən Gəncə şəhərindəki liftlərin təmirinə 1 milyon manat ayrılıb. Birliyin sədri yenilənəcək liftlərin hansı qiymətə başa gələcəyi və onların hansı ölkədən alınacağı barədə isə məlumat vermir. Bildirir ki, təmir və əsaslı yenilənmə işlərinə yaxın günlərdə start veriləcək:

«Şəhərdə 190 lift var. Pul ayrılıb, bu il çoxu dəyişəcək. Ümumiyyətlə, şəhərdəki liftlərin hamısı dəyişiləcək. Yaxın günlərdə başlayacaqlar işə. Əksəriyyəti işləmir, 2-si tamam istismara yarasızdır. Ötən il 10 liftdə təmir gedib».

Gəncədə indiyədək liftlərin cari təmir işləri ilə Bakı-Lift İdarəsinin Gəncə nümayəndəliyi məşğul olub. Lakin yeni layihə sırf icra hakimiyyəti tərəfindən həyata keçiriləcək.

Bəybala Şamilov

Bəybala Şamilov

860 MİN MANATLIQ LAYİHƏDƏ YEYİNTİ....

Gəncədəki istismara yararsız liftlərin yenilənməsi məsələsi 2005-ci ildən gündəmdədir. Həmin ildən Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi ilə «Qafqaz Lift Servis» şirkəti arasında müqavilə imzalanmışdı. Bu müqaviləyə görə, Gəncədəki bütün liftlər əsaslı təmir edilməli, istismar müddəti başa çatanlar isə yenisi ilə əvəzlənməli idi. Layihə 2009-cu ildə başa çatıb. Şirkətin direktor müavini Bəybala Şamilov deyir ki, 4 illik layihənin ilkin məbləği 860 min manat olsa da, iş yarımçıq qalıb. İcra edilmədən başa çatan layihənin səbəbləri barədə o ətraflı danışmasa da bildirir ki, dövlət büdcəsindən ayrılmış vəsait ya kiminsə cibinə gedib, ya da batıb. Faktiki nəzərdə tutulan 190 liftin cəmi 43 yenilənib. Həmin vaxt alınan liftlərin birinin qiyməti 24 min manat dəyərində olub.

Gəncə şəhər Mənzil Kommunal İstehsalat Birliyinin rəisi Elgün Məmmədov isə deyir ki, yarımçıq qalmış layihə icra olunan müddətdə həmin birlikdə işləmirmiş. Üstəlik, bu məsələdən məlumatsızdır.

Rəsmilər dövlət büdcəsindən ayrılan 1 milyon manat vəsaitlə Gəncədəki 190 liftin əksəriyyətinin tamamilə yenilənəcəyi, bəzilərinin isə əsaslı təmir olunacağını deyirlər. Layihə 2 ilədək başa çatmalıdır. Görəsən, bu layihənin taleyi də əvvəlki layihənin taleyi ilə eyni olmayacaq ki?
XS
SM
MD
LG