Keçid linkləri

Təcili xəbərlər

«Boeing 787» yenə də bəlada


«Boeing 787»
«Boeing 787»
-
Bundan əvvəl də bir sıra ciddi texniki qüsurlara görə yerə endirilmiş «Boeing Dreamliner» Londonun «Hitrou» hava limanında dayandığı vəziyyətdə alışıb.

Dünyanın ən məşğul hava limanlarından biri saat yarım ərzində gələn və gedən təyyarələr üçün bağlı olub. 80 gəliş-gediş gecikdirilib, 27 reys ləğv olunub.

Bu müddət ərzində hava limanının təcili xidmətləri Efiopiya Hava Yolları şirkətinin dayanmış vəziyyətdə alovlanan «Boeing 787» təyyarəsini söndürməklə məşğul idilər.
Təyyarə boş olduğundan itki və ya xəsarət alan da olmayıb. Bununla belə, bu hadisə «Boeing»in ən son və ən təkmil təyyarəsinə etimadı azaldıb. Onun səhm qiymətləri bir gün ərzində 7 faiz düşüb.

GÖZLƏNİLMƏZ VƏ NAMƏLUM TEXNİKİ PROBLEMLƏR

Çikaqoda mənzillənmiş «Boeing» şirkətinin mühəndisləri və ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (US National Transportation Safety Board) əməkdaşları təhqiqat aparmaq üçün Londona gəliblər.

Efiopiya Hava Yolları bildirib ki, onların təyyarəsi tüstülənməzdən əvvəl 8 saat parklanmış vəziyyətdə dayanıb.

Təyyarə Londona Əddis-Əbəbədən gəlmişdi.

Britaniya bələdiyyə polisi – Skotland Yard bildirib ki, alovlanmanın səbəbi bəlli deyil.
Eyni gündə başqa bir «Dreamliner» uçuşunu yarımçıq dayandırmalı olub. «Thomson» səyahət şirkətinin Britaniyadan Floridaya uçan «Boeing 787» təyyarəsi «gözlənilməz və qeyri-müəyyən texniki problemlər»lə əlaqədar çıxış məntəqəsinə - İngiltərənin Mançester aeroportuna qayıdıb. «Thomson» bildirir ki, təyyarə «hər ehtimala qarşı» geri qaytarılıb.
«Boeing 787»
«Boeing 787»

Dünyanın ən təkmil təyyarəsi sayılan «Dreamliner» iki il əvvəl istifadəyə veriləndən bəri ən müxtəlif problemlərlə üzləşib.

«İNQİLABİ BATAREYALAR» ALIŞIR

Bu ilin əvvəllərində litium batareyalarındakı qüsura görə «Boeing 787»nin bütün aviaparkı yerə endirilmiş, onun uçuşuna 3 ay icazə verilməmişdi.

Yanvar ayında «787»nin batareyaları Bostonda alışmışdı. Bundan bir həftə sonra batareyaların həddən artıq qızması səbəbindən başqa bir «Boeing 787» Yaponiyada təcili eniş etməli olmuşdu. Təhqiqat texnologiya aləmində inqilabi ixtira sayılan litium batareyalarının öz-özünə alışmaq kimi qüsurunu üzə çıxarmışdı. Bundan sonra batareyalara lazımı düzəlişlər edilmişdi.

ABŞ federal hökuməti «787»lərin uçuşunun bərpasına aprel ayında icazə vermişdi. Təyyarəsi «Hitrou»da alışan Efiopiya uçuşları bərpa edən ilk ölkə idi.

Ötən həftənin əvvəlində «United Airlines» şirkətinin Londondan Hyustona «Boeing 787» ilə həyata keçirdiyi reys kabinədəki indikatorların nasazlığı ilə əlaqədar ləğv olunmuşdu.

«Boeing 787» - «Dreamliner» təyyarəsi ilk istifadəyə verilərkən aviatorlar onu gələcəyin layneri adlandırmışdılar. Təyyarə yanacağı daha səmərəli işlətmək və bunun sayəsində uzaqmənzilli uçuşlar etmək qabiliyyətinə malikdir.

AZƏRBAYCANA İKİ «DREAMLİNER» GƏTİRİLƏCƏK

Hazırda bütün dünya boyunca 60-dək «Dreamliner» istifadədir. Uçuşda olan təyyarələrin nasazlığı konveyerlərdə olan təyyarələrin istehsalını ləngidir.
«Boeing 787»nin istehsalı
«Boeing 787»nin istehsalı

«British Airways» şirkəti artıq bir «Boeing 787» təyyarəsi alıb, sifariş üzrə ikinci təyyarə tezliklə Londona gətiriləcək.

Britaniyanın «Virgin Atlantic» şirkəti də «787»lərdən sifariş edib.

Təyyarənin sifarişçilərindən olan Azərbaycan MDB məkanında «Boeing 787»ləri uçuran ilk ölkə olmalıdır. Azərbaycan Hava Yolları şirkəti bu təyyarədən ikisini sifariş edib. Təyyarələr Azərbaycana 2014-cü ildə gətiriləcək.

AZAL iki təyyarə üçün 180 milyon dollar ödəyib. Konsernin vitse-prezidenti Eldar Hacıyev bu ilin əvvəllərində bildirmişdi ki, texniki qüsurların üzə çıxmasına baxmayaraq, Azərbaycan tərəfi sifarişlərinə sadiq qalır.

Azərbaycan Hava Yolları bu təyyarələr vasitəsilə Şimali və Cənubi Amerikaya, həmçinin Şərqi Asiyaya uzaqmənzilli reyslər açmaq niyyətindədir.
XS
SM
MD
LG