Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:25

Gənclər səhnədə «Evlənmə» göstərdilər


«Teatr qrupu»nun ifasında «Evlənmə»

«Teatr qrupu»nun ifasında «Evlənmə»

-
İyulun 6-da və 7-də «Teatr qrupu» Qoqolun «Evlənmə» əsərini daha müasir və qısa versiyada tamaşaçılara təqdim etdi. İki gündə 4 seans göstərilən tamaşa yer olmadığından Kitab Evində baş tutdu.

«Flashmob»un qonaqları bu dəfə elə «Teatr qrupu»nun üzvləri oldu. Əsəri seçən, quruluş verən və həvəskar aktyorları bir yerə yığan Elmin Bədəlov deyir ki, əslində, «Teatr qrupu» 7-8 aydır yaranıb:

«Çoxdan yaransaq da, üzə çıxmırdıq. İlk olaraq «Evlənmə» ilə tamaşaçıların görüşünə gəldik. Əvvəldə biz peşəkar aktyor İlqar Cahangirlə danışdıq, məsləhətləşdik, o da təklif etdi ki, belə bir şey formalaşdıraq. Əvvəlcə məsləhətləşmələr etdik, məşq elədik, bir az sonra qərara gəldik ki, ssenari götürüb başlayaq işə. Qoqolun «Evlənmə» əsərini götürdük. Eşitmişdim ki, çox yaxşı əsərdir, bu günlə səsləşir. Əsər çox böyük idi, ixtisar edib, müasirləşdirdik. Mən quruluş verdim, rolları böldüm, hamı məsuliyyətlə yanaşdı».

«UTANIRDIM»

«Teatr qrupu»nda bir neçə nəfəri çıxmaqla heç kimin əvvəlcədən teatr təcrübəsi olmayıb. Elmin Bədəlov deyir ki, universitetdə təhsil aldığı vaxtlarda Dram Teatrında, mədəniyyət evlərində tamaşalarda iştirak edib.

1997-ci il təvəllüdlü Nihad Qulamzadə «Evlənmə» tamaşasında dənizçi rolunu oynayıb. Əvvəlcədən Şən və Hazırcavablar Klubunda iştirak edən Nihad deyir ki, onun üçün ən maraqlı olan tamaşaçıların reaksiyası, gülməsi, qiymətləndirməsi olub:

«Sevinirdik ki, qiymətləndirirlər. Çətin olan isə mənim səsimi dəyişməyim idi. Utanırdım, narahat idim ki, pis çıxar, amma yaxşı oldu, çətinlik də keçdi».

Nicat Məsimov isə üzv olmazdan əvvəl məşqlərə tamaşaçı kimi gəlib, həvəs yarandığından qrupa qoşulmaq üçün müraciət edib: «Teatr qrupu»

«Teatr qrupu»


«Tamaşada hərbçi rolunda idim. Əvvəl çətinlik vardı, amma obrazımı sevməyim çətinliyi örtdü. Məşqlər zamanı bildim ki, Qoqolun «Evlənmə» əsəri var. Sonra onun başqa əsərləri ilə də tanış oldum. «Şinel»i oxudum, çox xoşuma gəldi».

«HƏR KƏSDƏ MÜƏYYƏN QƏDƏR AKTYORLUQ VAR»

«Evlənmə»də bazar alverçisi rolunu oynayan Elvin Məmmədsoy son bir aydır «Teatr qrupu»na qoşulub:

«Qrupda kollektivlik güclüdür, səmimilik var. Bizdə ciddi qayda-qanun, standart rejim yoxdur. Ən gülüş doğuran an məşqlərdə sözləri unudanda olurdu. Ümumiyyətlə, əvvəlcə inamsız olursan, sonra alınır, görürsən yaxşıdır. Uşaqlar da stimul verdilər. Hər kəsdə müəyyən qədər aktyorluq var».

Cəmilə Quluzadə isə gələcəyin iqtisadçısı olsa da, «Evlənmə» tamaşasında Dunyaşka rolunu oynayıb. Deyir, ən çətini rolun dəlisovluğu idi. Əvvəlcə utansa da, sonradan qrup uşaqlarının ruhlandırması ona kömək edib:

«Uşaqları əvvəlcədən tanıyırdım, eşitmişdim «Teatr qrupu» barədə. Amma abituriyentəm deyə, çatdırmırdım. Nəhayət, imkan tapıb iştirak etdim, onları çox sevirəm».

Elmin Bədəlov deyir ki, məşqlər üçün heç vaxt konkret vaxt təyin etmirlər, hamıya uyğun olan vaxtda toplaşırlar. Bir az da bu məcburiyyətin olmaması və səmimiyyətdir qrup üzvlərini birləşdirən. Planda isə alınsa, bölgələrdəki mədəniyyət evlərinə səfər və Matey Vişnekin «Səncə döyəcəklər?» əsərini səhnələşdirmək var.

Verilişi tam olaraq burdan dinlə:

XS
SM
MD
LG