Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:23

Avropa Parlamenti seçkini izləyib-izləməmək qərarını sentyabrda verəcək


Avropa Parlamenti
Avropa Parlamenti
-
Avropa Parlamentindən AzadlıqRadiosuna bildiriblər ki, prezident seçkisini izləmək qərarını sentyabrda verəcəklər.

Bir gün əvvəl apa informasiya agentliyi xəbər yaymışdı ki, Avropa Parlamenti seçki müşahidə missiyalarının tələb olunduğu ölkələr siyahısından Azərbaycanı çıxarıb.

AZƏRBAYCANA YENİ VƏ DEMOKRATİK İMİC?

Avronest Parlament Assambleyasının vitse-prezidenti, deputat Elxan Süleymanov bildirib ki, qurum Azərbaycanda 2005, 2008 və 2010-cu il seçkilərinə üç missiya göndərib və hər üç missiya seçkilərdə irəliləyiş qeyd edərək müsbət hesabatlar hazırlayıb:

«Gənc demokratiya olan Azərbaycan Avropa Birliyi ilə bir çox sahələrdə əməkdaşlıq edir və hazırda assosiasiya sazişi ilə bağlı danışıqlar aparır. Bu saziş ticarətin və mədəni əlaqələrin inkişafına, o cümlədən təhsil, nəqliyyat və digər sahələrdə Avropadan daha çox dəstəyin alınmasına səbəb olacaq».

Elxan Süleymanovun fikrincə, Avropa Parlamentinin seçki müşahidə missiyalarının tələb olunduğu ölkələr siyahısından Azərbaycanı çıxarması ölkəyə yeni və təkmilləşmiş demokratik obraz verir:

«Avropa Parlamenti 2013-cü ildə Ermənistana missiya göndərmişdi və bir missiyanı da Gürcüstana göndərməyi planlaşdırır. Beləcə, Cənubi Qafqazda Azərbaycan demokratik standartlara bu səviyyədə cavab verən ilk ölkə olur. 2013-cü ildə Avropanın seçki monitorinqini aparmadığı Çili, Yaponiya, Argentina, Avstraliya, Norveç və ya İslandiya kimi ölkələrin hamısı dünya demokratiya indeksində yüksək göstəriciyə malikdir.
Müşahidəçilər
Müşahidəçilər
İrəliləyiş yolunda bu yeni obrazın Azərbaycana köməyi dəyəcəyinə ümid edilir».

«SEÇKİ KEÇİRİLƏCƏK ÖLKƏLƏRİN SİYAHISI VAR»

Avropa Parlamenti mətbuat xidmətinin rəhbəri Marjory van den Broeke AzadlıqRadiosuna deyir ki, seçkinin müşahidə olunacağı ölkələrin siyahısı deyil, ilin ikinci yarısında seçki keçiriləcək ölkələrin siyahısı var:

«Bir həftə öncə parlament üzvləri seçkiləri hansı ölkədə müşahidə etmək barədə müzakirə aparıblar. Ancaq hər hansı ölkə üzrə rəsmi qərar qəbul olunmayıb. Bu qərarı parlamentin prezidenti və siyasi qrup rəhbərləri sentyabrda verəcəklər».

Marjory van den Broeke-nin dediyinə görə, seçkinin hansı ölkədə izlənəcəyi barədə qərar hər altı aydan bir verilir. O deyir ki, hələlik, belə bir siyahı hazırlanmayıb.

AzadlıqRadiosunun «Bəs Azərbaycanda seçkini müşahidə etməmək təklifini irəli sürən olub?» sualına xanım den Broeke «yox» cavabını verir.

Qərarın sentyabrda verilməsi müşahidəçilik fəaliyyətini yubatmayacaq ki? Marjory van den Broeke parlamentin heç vaxt uzunmüddətli missiyadan yararlanmadığını,
2010-cu il parlament seçkiləri
2010-cu il parlament seçkiləri
seçki keçirilən ölkəyə birbaşa müşahidə missiyası göndərməklə kifayətləndiyini vurğulayır.

AVROPA PARLAMENTİNİN SEÇKİ TÖVSİYƏLƏRİ

Xatırladaq ki, Azərbaycan tərəfi, hələlik, beynəlxalq müşahidəçilərə dəvət göndərməyib. Avropa Parlamentinin missiyası əvvəlki seçkiləri Beynəlxalq Müşahidə Missiyası çərçivəsində, AŞPA, ATƏT PA və ATƏT DTİHB ilə birlikdə izləyib. Ancaq AP-nin dəyərləndirməsi daha diplomatik dili ilə fərqlənib. 2010-cu ildə beynəlxalq müşahidə missiyasının rəhbəri Audrey Glover «əsl, mənalı demokratik seçki üçün zəruri şəraitin olmadığını» deyirdi.

AP missiyasının rəhbəri, Finlandiyanın keçmiş baş naziri Anneli Jäätteenmäki-nin yaydığı hesabatda seçkinin dinc mühitdə keçdiyi, MSK-nın seçkini texniki baxımdan yaxşı təşkil etdiyi vurğulanırdı. Düzdür, seçki mühitinin qeyri-demokratikliyi, media və sərbəst toplaşma azadlıqlarına məhdudiyyətlər, namizədlərin qeydiyyatında çatışmazlıqlar, çevik canlı debatların olmaması da diqqətə yetirilirdi. AP Azərbaycan parlamenti ilə yaxından işləmək arzusunda olduğunu bildirir, bu ölkəni öhdəsinə götürdüyü bir sıra demokratik standartları gerçəkləşdirməyə də çağırırdı.
XS
SM
MD
LG