Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:58

Süd sudan ucuz olanda fermerlərin çəkdikləri...


«Şəms» MMC-nin heyvandarlıq təsərrüfatı

«Şəms» MMC-nin heyvandarlıq təsərrüfatı

-
Astarada yerləşən «Şəms» MMC-nin heyvandarlıq təsərrüfatı dağılmaq üzrədir. 3-4 il bundan əvvəl təsərrüfatda 200-250 iribuynuzlu mal-qara var idisə, indi onların sayı 30-35 başa enib. Fermada işləyənlərin sayı da azalıb. Burada 1 nəfər çalışır. O da əməkhaqqını vaxtında ala bilmir.

«KREDİTLƏR KİMƏ VERİLİR, HARA APARILIR, BUNU BİLMİRİK»

MMC-nin direktoru Əfqan Rzayev deyir ki, belə getsə, ilin sonuna kimi təsərrüfatı tamamilə müflis olacaq:

«2005-2006-cı illərdə rentabelliyin yüksək səviyyəsi idi. Ferma 200 baş mal üçün kompleks şəkildə tikilib. Hər bir şəraiti olub, şəxsi hesabımız hesabına. Bu 10 il müddətində dəfələrlə müraciət etməyimizə baxmayaraq, heç bir köməklik görməmişik. Dövlət başçısı sərəncamlar imzalayır. Cənub bölgəsində bu sərəncamlar kağız üzərində qalır. Sahibkarlara Kömək Fonduna dəfələrlə müraciət etmişəm ki, heyvandarlıq çətin sahədir. Dövlət başçısı bunun üçün kredit ayırıb. Bu kreditlər kimə verilir, hara aparılır, biz bunu bilmirik».

«MƏCBUR EDİRLƏR Kİ, TORPAĞI DA, FERMANI DA SATASAN»”

Sahibkarın dediyinə görə, heyvandarlıq çox az qazanc gətirən sahədir. Cüzi qazancla kənd təsərrüfatı texnikası almaq mümkün deyil. Kredit üçün etdiyi çoxsaylı müraciətlər isə nəticəsiz qalıb. Böyük məbləğdə kredit üçün Bakı şəhərində mülk istəyirlər:

«100-150 min kredit götürmək istəyirsən, hökmən respublikanın mərkəzində 250 minlik girov qoymalısan ki, kredit alasan. Bu o deməkdir ki, siz işləməyin. Bu iş siz üçün deyil. Biz özümüz - öz adamlarımız ki, var - onlara pul verib işlədirik. Məcbur edirlər ki, torpağı da, fermanı da satasan. Bu məcburiyyət də bunun üçündür».

Əfqan Rzayev

Əfqan Rzayev

SAHİBKARLARA BAZAR QİYMƏTİNƏ GÜBRƏ...

Əfqan Rzayev hesab edir ki, kənd təsərrüfatında çalışan işadamlarına gübrə güzəştli qiymətlərlə verilməlidir. Lakin burda da heç bir güzəşt edilmir. Gübrə bazar qiymətinə satılır:

«Mineral gübrəni bizə yarı qiymətə verərdilər. 11-12 manat bazarda idi, 11 manata bizə verdilər. 30 hektar sahənin hər hektarına 300 kiloqram gübrə versəm, 9 ton edir. 9 ton gübrəni vururam 11 manata, bu nə qədər pul edir? Bu pulu haradan gətirməliyəm, verməliyəm?».

«7 NƏFƏR İXTİSARA DÜŞÜB, İŞLƏYƏN YOXDUR»

Sahibkarın dediyinə görə, «Şəms» fermer təsərrüfatında bir neçə ailənin nümayəndələri çalışıb. Əmək haqları da pis deyilmiş. Gəlir bir neçə dəfə azaldığına görə çoban saxlamaq da çətinləşib. Onlar işdən azad olunublar:

«7-8 nəfər ailə başçısı burda işləyirdi. Hal-hazırda bu sahənin sönük vaxtıdır. Rayondan da maraqlanmırlar ki, bu sahə fəaliyyət göstərirmi? Haçan bir respublikadan jurnalist, nümayəndə gələndə, nümunəvi bir təsərrüfat kimi göstərirlər ki, belə bir təsərrüfat var. Təsərrüfatın eniş dövrü başlayıb. 7 nəfər ixtisara düşüb, işləyən yoxdur. Heç 100 dəst ot çala bilməmişik. Hansı ki, bu vaxta qədər iki dəfə ot biçməli idim».

«HEYVANDARLIQ CƏNUB BÖLGƏSİNDƏ TAM QAYĞISIZ SAHƏYƏ ÇEVRİLİB»

250 minlik girov qoymalısan ki, kredit alasan.

250 minlik girov qoymalısan ki, kredit alasan.

Əfqan Rzayev deyir ki, otlaq sahələri quruyub. Kanallara su buraxılmır. Dəfələrlə əlaqədar idarələrə bununla bağlı müraciət olunsa da, heç kim əhəmiyyət verməyib:

«Heyvandarlıq Cənub bölgəsində tam qayğısız sahəyə çevrilib. Mən bunu belə deyərdim. Son illərdə çobanla sağıcının pulunu verə bilmirik. 180-190 manat güclə pul verə bilirəm işçiyə».

SU SÜDDƏN BAHA OLANDA...

Fermer deyir ki, təsərrüfatın iflasa uğramasının bir səbəbi də istehsal olunmuş südü zavodların aşağı qiymətə götürməsidir. Zavodlar südün bir litrini 15-20 qəpiyə götürürlər. Halbuki, bazarda südün bir litri 50 qəpiyə satılır:

«Suyun litri dükanlarda 50 qəpiyədirsə, südün litri 20 qəpiyədir. Bu da ağlasığan iş deyil. Belə təşkil olunub respublikada».

Bu fermada çalışan Seyfulla Babayev də öz işindən danışır. Deməsinə görə, iş vaxtı 10-12 saat çəkir. Əvvəllər fermada işləyənlərin sayı çox olub. İndi o tək qalıb:

«Qabaq 7-8 nəfər işləyərdi, indi təkəm, bir sağıcının uşağıdır. İşləyirik, pres vururuq. Ot da vura bilmirik, imkan yoxdur. Gübrə yoxdur verək sahəyə ot çıxsın. Hökumət gərək kömək eləsin».
Seyfulla Babayev

Seyfulla Babayev


BAŞQA FERMERLƏR DƏ ŞİKAYƏTÇİDİR...

«Şəms» MMC kimi bölgədə müflis vəziyyətə düşən heyvandarlıq təsərrüfatları az deyil. Onlardan biri də Teymur Rəcəbovun başçılıq etdiyi heyvandarlıq təsərrüfatıdır. Sahibkar deyir ki, kənd təsərrüfatı texnikalarının qiymətləri bahadır. Lakin onlara cüzi miqdarda kredit verirlər. Onun deməsinə görə, böyük məbləğdə kredit almağın şərtləri ağırdır. O da zavodlar tərəfindən alınan südün qiymətindən narazıdır. Teymur Rəcəbov deyir ki, süni şəkildə südün yağlılığını aşağı - 1 faiz göstərirlər. Bu yağlılıqda isə süd demək olar ki, olmur. Buna əsasən südün bir litrinin qiymətini 10-15 qəpiyə salırlar.

«BİZ ÖZÜMÜZDƏN QİYMƏT QOYMURUQ Kİ...»

Süd zavodları üçün məhsul tədarük edən Kərbəlayı Adil də deyir ki, qiyməti o müəyyənləşdirmir:

««Palsüd» zavodu qoyur qiyməti. Biz özümüzdən qiymət qoymuruq ki... Biz qiymət qoya bilmərik, bu nəzarətdədir. İki ildir ki, zavodla qiymət davası edirik ki, bəs camaatı bu vəziyyətdə qoymayın. İki ildir süd düşüb. Boş boşuna gəlib Astaranı fırlanırıq, gedirik. Fermalarda süd qalmır. Vermirlər 20 qəpiyə südü. Zavod qiyməti qoyur. Biz də zavoda veririk».

Zavodlar südün bir litrini 15-20 qəpiyə götürürlər.

Zavodlar südün bir litrini 15-20 qəpiyə götürürlər.

«PALMALI» SÜD ZAVODUNDA...

Lənkəranda yerləşən və süd qəbul edən «Palmalı» süd zavodunda da olduq. Gözətçi bizə bildirdi ki, cavabdeh şəxslər hazırda iş yerində deyillər. Beləcə südün çox ucuz alınması ilə bağlı fermerlərin iradlarına onlardan hər hansı bir münasibət öyrənə bilmədik.

Astara rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudovun isə fermerlərin iradları ilə bağlı mövqeyini öyrənə bildik. Hərçənd, o da bəzi iradları qəbul etmir. Birinci müavin deyir ki, heyvandarlıq təsərrüfatlarına kreditlər verilir. Onun deməsinə görə, 15 min manata qədər kreditin verilməsində heç bir problem yoxdur. Allahverən Mahmudov həmçinin deyir ki, kənd təsərrüfatı texnikasının verilməsində də güzəştlər var:

«İki il bundan qabaq Sahibkarlığa Milli Kömək Fondundan gəlmişdilər. Kimlər müraciət etdi, 15 min pul verildi. Onlar heç bir maneə ilə üzləşmirlər. Sadəcə, böyük məbləğ istəyirlər. Böyük məbləğ üçün bank girov istəyir. Milli Fond tərəfindən problem yoxdur, onlar ayırırlar».

«MAL-QARA ÇOX TORPAQ SAHƏLƏRİ AZ...»

Mavinin deməsinə görə, rayonda 70 min başdan çox iribuynuzlu mal-qara var. Əraziləri isə cəmi 61 min hektardan ibarətdir. Əkinə yararlı, otlaq sahələri daha azdır. Mal-qara çox, torpaq sahələri az, bu baxımdan da problemlər yaranır.

Astara rayonunda 10-a yaxın heyvandarlıq təsərrüfatının ağır vəziyyətdə olduğu bildirilir.

Şərhləri göstər

XS
SM
MD
LG