Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:27

Qubanın Gədik kəndinin «çürümüş» problemləri...


Gədik kəndinin «çürümüş» problemləri
Gədik kəndinin «çürümüş» problemləri
-

- Meşə ağacıdır, meşəbəyi ilə dalaşıb qırıb gətirmişik, yığışıb basdırmışıq burda...

Elə zənn etməyin ki, Qubanın Gədik kəndinin sakinləri meşələrdəki ağacları qırıb, həyət-bacalarında bağ-bağatlar salırlar. Onlar qapı-bacalarındakı elektrik naqilləri dolanmış dirəklərdən danışırlar. Küçələrdə basdırdıqları nazik, sınıq-salxaq ağaclara elektrik dirəkləri demək mümkündürsə.

Küçələrdə elə dirəklər var ki, naqillərin hesabına ayaq üstədir. Hər dəfə kiçik meh əsəndə bu dirəklərin başlarına düşəcəyindən qorxan adamlar evlərinə çəkilirlər.

«VALLAH HEÇ AFRİKANIN GERİDƏ QALMIŞ YERLƏRİNDƏ DƏ BELƏ ŞEY YOXDUR»

Kəndlilər:

«Görürsünüz? Meşədən qırıb gətirdiyimiz nazik ağaclardır, bu da məftillərdir. Dolamışıq bir-birinə ki, evimiz işıqsız qalmasın. Vallah heç Afrikanın geridə qalmış yerlərində də belə şey yoxdur».

ÇÜRÜK DİRƏKLƏRƏ SARMAŞAN ÇÜRÜK NAQİLLƏR

Bu kəndin necə ki, su, qaz, kanalizasiya sarıdan bəxti gətirməyib, eləcə də işıq sarıdan korluğu var. Hər dirəkdən ən azı on evə bir-birinə ilan kimi qıvrılıb sarışan naqillər uzanır. Çürük, istismar müddətini çoxdan başa vurmuş naqillər. Ən azı 200 ailənin yaşadığı Gədikdə adamlar gözlərini bu məftillərə dikib. Ancaq bu dirəklər də, məftillər də bir tərəfdən onların evlərini işıqlandırırsa, başqa tərəfdən bu məhəllədə yaşayan istənilən ocağı işıqsız qoymağa «qadirdir». Səbəbindən gədiklilər danışır:

«Böyük elədir ki, anlayır yüksək cərəyan var, bu dirəklərdən bir az kənar gəzir, uşaq bunu anlamır axı. İnsanların həyatı üçün hər an təhlükəlidir».

Gədiklilər deyir ki, yazmadıqları yer, döymədikləri qapı qalmayıb. Gəlib kəndin ortasına 3-5 dirək atıb gediblər:

«YALVARMIŞIQ Kİ, GƏLİB DİRƏKLƏRİ DƏYİŞSİNLƏR»

«Qubanın işıq idarəsinə, Xaçmazdakı regional işıq idarəsinə yazmışıq, getmişik, yalvarmışıq ki, gəlib dirəkləri dəyişsinlər. Kəndin yuxarı başında təzə məhəllə salmışıq, köçə bilmirik. İşıq yoxdur. Yazdıq-pozduq, icra başçısı gəldi, işıq idarəsinin rəisinə göstəriş verdi, getdi. 3 ay keçib, gətirib 4-5 taxta dirəyi yıxıblar arxın qırağına, çıxıb gediblər».

«BU KƏNDDƏ HAMI CANINDAN BEZİB»

Fəzail Muradov
Fəzail Muradov
Kənd sakini Fəzail Muradov :

«Sevindik ki, müstəqil olduq. Yaxşı yaşayacağıq. Suyumuz da olacaq, işığımız da. Heç nə yoxdur. Bu necə yaşayışdı? Bu kənddə hamı canından bezib».

Gədiklilər evlərə gələn elektrikin zəifliyindən də narazıdırlar. Bunun səbəbini ətrafdakı karxanalarla əlaqələndirirlər:

22 «KARYER»İN YÜKÜ...

Sakinlərdən Sərdar Əhmədov:

«Kəndə gələn elektrik xəttinin üstündə 22 «karyer» var. Hər bir «karyeri» istismara buraxanda ona texniki şərt verilməlidir. Karyer sahiblərindən xərc çəkməyi tələb etməkdənsə, gətirib yükləyirlər camaatın kürəyinə.
Sərdar Əhmədov
Sərdar Əhmədov
Bütün kənddəki adamların əmlaklarını toplasaq da, bu «karyer»lərin birinin imkanın cüzi hissəsinə də çatmaz. Kimin pulu var avam, kasıb camaatın çiynində yaşayır. Bircə «karyer»dən tələb edən yoxdur ki, get özünə sərbəst xətt çəkdir».

«GƏLƏN HƏFTƏ HAMISI DƏYİŞDİRİLƏCƏK»

Quba rayon işıq idarəsinin rəisi Taleh Səfərov isə Gədikdəki qəzalı dayaqların dəyişdiriləcəyini vəd edir:

- «Bu yaxınlarda kənddə olmuşuq, dayaqlara baxış keçirmişik. Orda 4 dayaq var ki, qəzalı vəziyyətdədir. Kəndə dayaq da göndərmişik. Gələn həftə köhnə dayaqlar yeniləri ilə əvəz olunacaq.

- Naqillərin də köhnə olduğunu deyirlər.

- Naqillər də dəyişdiriləcək.

- Sakinlər qış aylarında işığa həsrət qalmalarından gileylənirlər...

- O kənddə köhnə elektrik şəbəkəsidir. 60-cı illərdə qurulub. Ancaq buna baxmayaraq işıqla fasiləsiz təmin edirik...».

İndi kənd camaatı idarə rəisinin az qala qırılıb, başlarına düşəcək cərəyan naqillərindən onları nə vaxt xilas edəcəyi günü gözləyirlər.
XS
SM
MD
LG