Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:28

«İRƏLİ»nin özü və törəmələri


Rauf Mərdiyev
Rauf Mərdiyev
-
«Biz İlham Əliyevi dəstəkləyirik!».

Bu şüar Prezident İlham Əliyevin fotosu ilə birlikdə «İRƏLİ» İctimai Birliyinin sədri Rauf Mərdiyevin «Facebook» səhifəsindəndir.

30 MİN ÜZV VƏ 12 TƏŞKİLAT

«İRƏLİ» İctimai Birliyi 2005-ci ildə yaradılmış «İRƏLİ» Gənclər Hərəkatı təməlində qurulub. Hərəkat İlham Əliyevin prezident seçilməsi və onun dəstəklənməsi üçün yaradılıb və gerçəkləşdirdiyi layihələrdə hakim partiyanın namizədini təbliğ edib. İ.Əliyev 2008-ci ildə ikinci müddətə prezident seçiləndən sonra bu hərəkat fəaliyyətini dayandırıb.

«İRƏLİ» hərəkatı fəaliyyətini dayandırandan bir neçə gün sonra – 2008-ci ilin dekabrında eyniadlı ictimai birlik yaradılıb. Bu qurumun saytında insan kapitalına yatırımın ən effektiv və davamlı inkişaf yolu kimi hədəf götürüldüyü və bu hədəfə yönəlik fəaliyyətin gənc peşəkarlarla birgə həyata keçirildiyi bildirilir:

«Hal-hazırda 30 min nəfərdən artıq gənc və 12 təşkilat «İRƏLİ»yə üzvdür. «İRƏLİ»nin 2008-ci ildən bu günə qədər həyata keçirdiyi 300-dən artıq layihənin əhatə dairəsinə 180 min nəfərdən çox insan daxil olub. «İRƏLİ»nin fəaliyyəti Azərbaycanın bütün rayon və şəhərlərini əhatə edib, bununla yanaşı, dünyanın 30-a yaxın ölkəsində əməkdaşlıq etdiyimiz təşkilatlar mövcuddur».

«İRƏLİ»nin həmtəsisçiləri arasında deputat və qurumun keçmiş sədri Ceyhun Osmanlı, Prezident Yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov da var. Ötən ildən sədr Rauf Mərdiyevdir.

Hakim YAP İlham Əliyevi üçüncü dəfə prezident görmək istədiyini açıqlayıb.

«İRƏLİ»nin prezident seçkisinə necə hazırlaşdığını, təşkilatın hansı layihələri olduğunu sədrin özündən öyrənmək cəhdi baş tutmadı – Rauf Mərdiyevdən cavab ala bilmədik.
Ceyhun Osmanlı
Ceyhun Osmanlı
Həmtəsisçi və keçmiş sədr Ceyhun Osmanlı da telefon zənglərini cavabsız buraxdı.

AĞCABƏDİDƏ QAÇQINLARLA AD GÜNÜ KEÇİRƏN LİDER

Təşkilatın bu ilin iyunundakı hesabat konfransında Gənclər və İdman naziri Azad Rəhimov, YAP sədrinin müavini Əli Əhmədov çıxış edib. Ceyhun Osmanlı həmin konfransda deyib ki, «İRƏLİ» öz millətinin gələcəyindən ilham alaraq fəaliyyət göstərən təşkilatdır:

«Güclü lider hər bir millətin arzuladığı nemətdir. Çox millət bu nemətə sahib olmaq istəyib, ancaq hələ buna nail ola bilməyib. Amma biz buna nail olmuşuq. Bizim durmadan xalqı üçün çalışan liderimiz var. Biz öz ad gününü Ağcabədidə qaçqınlarla birlikdə keçirən bir liderə sahibik. Cənab prezident İlham Əliyevin Azərbaycan üçün etdikləri işləri sadalamaqla bitməz. Nə qədər liderimiz bizimlədir, biz də gənclər olaraq onunlayıq».

Deputat müxalifətə də söz ataraq deyib ki, 15 ildir müxalifətdə olanlar «İRƏLİ»çi gənclərin etdiyinin heç bir faizini də etməyiblər.

Bütövlükdə müxalifət bir yana, müxalifətçi gənc fəalları xatırlatmağa dəyər. Yada salaq ki, ilin əvvəlindən 20-dən çox müxalifət fəalı həbsə atılıb. Onların arasında NİDA Gənclər Hərəkatının 9 üzvü və başqa gənclər də var. Əksəriyyətinə qarşı eyni və ya bənzər ittihamlar irəli sürülüb: qanunsuz narkotik maddə saxlamaq, etiraz aksiyasında «Molotov kokteyli»ndən istifadəyə cəhd göstərmək və s.

Rəsmilər ölkədə siyasi baxışına görə həbsdə olanların mövcudluğunu dansalar da, yerli və beynəlxalq hüquq müdafiə təşkilatları həbsləri məhz siyasi fəaliyyətlə əlaqələndirir və hakimiyyəti ölkədə əsas insan hüquq və azadlıqlarını təmin etməyə çağırır.
«İRƏLİ» İctimai Birliyinin udduğu layihələr
«İRƏLİ» İctimai Birliyinin udduğu layihələr

LAYİHƏLƏR

İki il əvvəl AzadlıqRadiosunun araşdırması Gənclər və İdman Nazirliyinin bir ay ərzində «İRƏLİ» İctimai Birliyinin 12 layihəsini maliyyələşdirdiyini üzə çıxarmışdı. Nazirlik «İRƏLİ»yə dövlət büdcəsindən yarım milyon manata yaxın pul ayırmışdı. 2010-cu ilin fevralında qeydə alınmış hər bir layihənin dəyəri təxminən 40 min manat idi.

Sonrakı illər Ədliyyə Nazirliyinin qeydə aldığı layihələrdə də «İRƏLİ»nin adına rast gəlinir.

2011-ci ildə bu qurum yeganə qrantını «World Vision» Azərbaycan Beynəlxalq Humanitar Yardım Təşkilatından alıb – 16 min 132 manat 90 qəpik. Vəsait «Azərbaycanda institusionalizasiya» layihəsinə ayrılıb.

SABİRABADDA XƏSTƏXANA VƏ VEB-SƏHİFƏNİN RUS VERSİYASI

Ötən il isə «World Vision International» humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyi «İRƏLİ»yə üst-üstə azı 38 min dollar həcmində qrant ayırıb. Qrantlar bu layihələri əhatə edib: «Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər», «İnkluziv Təhsil haqqında Qanun layihəsi sənədinə dəstək vermək məqsədilə İctimaiyyətin Maarifləndirilməsi tədbirlərinin həyata keçirilməsi», «Sosial İşçilər: Uşaq Müdafiəsi Sistemi İslahatına yeni baxış».

2012-ci ildə «İRƏLİ»nin bir qrant layihəsinin adı xüsusi diqqət çəkir: «Sabirabad rayon Qəzli kənd xəstəxanasının yenidən tikilməsi». Xatırlatmağa dəyər ki, Ceyhun Osmanlı məhz Sabirabad rayonundan deputatdır. Həmin layihəyə Yaponiya səfirliyi 110 min 348 ABŞ dolları ayırıb və qrant ötən il aprelin 13-də qeydə alınıb.

«İRƏLİ» İctimai Birliyinin Qış Universiteti
«İRƏLİ» İctimai Birliyinin Qış Universiteti
Gənclər və İdman Nazirliyinin Gənclər Fondu isə quruma 30 min manatı «Azərbaycanı tanı» kitabının və veb-səhifəsinin rus versiyası üçün ayırıb.

«İRƏLİ»NİN TÖRƏMƏ QURUMLARI

«İRƏLİ»nin informasiya texnologiyaları, hüquq, tarix, xaricdə təhsil, iqtisad, idman, xarici dillər, və s. mərkəzləri, eləcə də «İRƏLİ» Prodakşn, «İRƏLİ» Radio və «İRƏLİ» TV adlı istehsal şirkətləri var. Qurum «Tarix Akademiyası», «Təcrübi iqtisadiyyat», «Sosial media akademiyası», «Marketing Elit Club», «Leykemiya həftəsi», «Fashion Academy» və s. adlı layihələr gerçəkləşdirib və bu layihələrin çoxu 1-2 aylıq zaman dilimini əhatə edib.

Bir müddət əvvəl elitar.az saytının rəhbəri Elmin Bədəlov üzə çıxarıb ki, 2011-ci ildə «İrəli xaricdə təhsil mərkəzi» MMC də təsis olunub. MMC elə həmin ildə tender qalibi seçilib. Yerli qanunvericiliyə görə, qurum yarandığı vaxtdan ən azı 3 il sonra tender uda bilər. Bundan başqa, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti xidmətinin elan etdiyi tenderdə «İrəli» İctimai Birliyinə 48 min 828 manat ayrılıb. Vəsait «Gənclər arasında sığorta ilə bağlı maarifləndirmə və sığorta mədəniyyətinin yüksəldilməsi istiqamətində işlərin aparılması, sığorta işinin gənclərə daha fərqli və kreativ üsullarla çatdırılması xidmətlərinin satın alınması» üçün verilib.
XS
SM
MD
LG