Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:37

Rasim Balayev: "Bu, qudurğanlığın göstəricisidir"


Rasim Balayev
Rasim Balayev

Alim Qasımov: "Qoy hər kəs mənim dediklərimdən öz payını götürsün". Xalq artistləri arasında "qırğın" mənfi qarşılanır.

-

Xalq artistləri arasında yaşanan qalmaqal cəmiyyətdə birmənalı qarşılanmır.

ATV-nin canlı efirindən Nazpəri Dostəliyevaya xitabən “mən yemirəm, yedizdirirəm” deyə səsləndirdiyi nalayiq ifadə ilə gündəmə gələn İlhamə Quliyeva bu sırada lap rekord qırıb. Sənətçinin bu ifadəsinə mətbuat vasitəsilə etirazını bildirən millət vəkili Çingiz Qənizadəni şantaj edərək onun barəsində prezidentə müraciət edəcəyini deyib.

Modern.az-ın məlumatına görə, bəzi tanınmış sənət adamlarının məsələyə münasibəti belə olub.

“Müğənni xalq artisti, sülh səfiri, kraliça olmazdan öncə həm də insan olmalıdır”

Dünya şöhrətli muğam ifaçısı, xalq artisti Alim Qasımovun sözlərinə görə, müğənni xalq artisti, sülh səfiri, kraliça olmazdan öncə həm də insan olmalıdır:

“Sənətçi titulları ilə deyil, əməyi, zəhməti ilə tanınmalıdır. Özünüz bilirsiniz ki, mən qalmaqaldan, şoudan uzaq adamam. Mən Ramazan ayına hazırlaşıram və hər kəsi də bu müqəddəs ayda pisliklərdən uzaq olmağa çağırıram. Mənim üçün mənəviyyat hər şeydən üstdə dayanır. Kim kimi təhqir edir, aşağılayır, özü və Allahı bilsin. İstər müğənni, istər siyasətçi, istərsə də jurnalist öz hərəkətləri ilə, əməlləri ilə cəmiyyət üçün nümunə olmalıdır. Qoy hər kəs mənim dediklərimdən öz payını götürsün.
Alim Qasımov
Alim Qasımov


Sənətdən başqa bütün digər şeylərlə gündəmə gələn müğənnilər öz əməllərinin cavabını verəcəklər. Əgər cəmiyyətdə o adamların barəsində yaxşı fikir yoxdursa, titulların nə mənası var?”

“Xalq artisti millət vəkilinin də üzərinə hücum çəkirsə, bu, qudurğanlığın göstəricisidir”

Xalq artisti, Azərbaycanın sevimli aktyoru Rasim Balayev hesab edir ki, günah səviyyəsi olmayanlara titul verib şişirdənlərdədir:

“Biz onları göyə qaldırmışıq və indi də cəzasını çəkirik. Yaltaqlıq edənlər başa çəkilir, sonda xalqa üstən aşağı baxırlar. Normal adam təhqirə yol verməz. Hazırda mən müalicə olunuram və dırnaqarası xalq artistlərindən danışdıqca səhhətim daha da pisləşir. Əgər xalq artisti millət vəkilinin də üzərinə hücum çəkirsə, bu, qudurğanlığın göstəricisidir. Hər kəs öz həddini bilməlidir. Belə adamlara xəbər göndərilməlidir ki, qələt edib yerində otur. O da oturacaq. Qadın müğənni ümumiyyətlə özünə hörmət edən insan “mən yemirəm, yedizdirirəm” ifadəsini işlətməməlidir. Bu ifadəni işlədən adamın əxlaqı yerində deyil”.

“Bəzilərinin nə sənəti var, nə də əxlaqı”

Gözəl bəstəkar, əməkdar xalq artisti Nailə Mirməmmədli bəzi müğənnilərin, sənət adamlarının hərəkətinə görə xəcalət çəkdiyini bildirdi:

“Onların arzuolunmaz əməllərinin zərbəsi biz bəstəkarlara da dəyir. Konsert, gecə təşkil edirsən, deyir “filankəs oxuyacaqsa, mən oxumayacağam”. Müğənnilərin arasındakı problemdən biz, cəmiyyət niyə zərər çəkməlidir? Bəzən deyirlər ki, “Xalq artisti” və digər titulların geri alınması proseduru hazırlansın. Gör vəziyyəti hansı həddə çatdırıblar ki, millət vəkilləri bu təkliflə çıxış etmək məcburiyyətində qalıblar. Müğənnilər xalq artisti və digər titullardan istifadə edib çərçivəni aşmamalıdırlar. Xalq artistləri əxlaqları ilə cəmiyyətə nümunə olmalıdırlar. Bəzilərinin sənəti var, əxlaqı yerində deyil, bəzilərində isə ikisi də yoxdur”.

modern.az
XS
SM
MD
LG