Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:59

AXCP fəalı Zeynal Bağırzadə Culfa gömrüyündə təzyiqlərlə üzləşdiyini deyir


Zeynal Bağırzadə

Zeynal Bağırzadə

-
AXCP fəalı Zeynal Bağırzadə Naxçıvan Muxtar Respublikası Culfa gömrük məntəqəsində təzyiqlə üzləşdiyini bildirir. O deyir ki, iyulun 8-də həyat yoldaşının müalicəsi üçün İrana gedib. Zeynal Bağırzadənin bildirdiyinə görə, geri qayıdarkən gömrük məntəqəsində əsassız olaraq bir neçə saat saxlanıb:

«Gedəndə də məni saxlamışdılar. Hiss elədim ki, harasa xəbər verirdilər. Bir müddət saxladılar, haradansa icazə aldılar, sonra buraxdılar. Geri qayıdanda isə uzun müddət saxladılar. Yoldaşımın pasportuna möhür vurdular, mənim pasportuma yox. Mənə dedilər ki, sən və sənin qardaşın müxalifətçisiniz, bizim hökumətə problemlər yaradırsınız. Keçirdiyim malları bəhanə gətirib buraxmırdılar. Mən də dedim ki, imtina edirəm hər şeydən, təki buraxın. Dedi ki, bizə yuxarıdan belə tapşırıq gəlib».

Zeynal Bağırzadə deyir ki, gömrük işçiləri daha sonra onu təxribata çəkməyə çalışıblar:

«Mənə təpik atdılar, əşyalarımızı təpiklədilər, mənim üzümü cırmaqladılar. Gömrük əməkdaşları məni təxribata çəkməyə çalışırdılar ki, mən də onları vuram. Üzərimdə 4 il şərti iş olduğundan səbirli olmağa məcbur oldum. Məqsədləri təxribata çəkib, məni təkrar həbs etməkdir. Mən özümü təhqir olunmuş hesab elədim. Təxminən 400 manatlıq ərzaq malım müsadirə olundu, ondan sonra buraxdılar məni. Müsadirə olunan mallara görə heç bir sənəd də təqdim etmədilər. Prezidentə burdan müraciət edirəm ki, bu nə cür hökumətdir, bu nə cür məmurlardır? Müxalif fikirli insanlar bu ölkədə yaşamamalıdırmı?».

«BU, MÜMKÜN DEYİL»

Culfa gömrük məntəqəsinin əməkdaşı Elvin Əlizadə isə ittihamları rədd edir:

«Hər hansı gömrük əməkdaşının kiməsə fiziki, yaxud mənəvi təzyiq etməsi mümkün deyil. İstər müxalifətçi olsun, istərsə də adi vətəndaş. Rəhbərlik həmin işçini dərhal cəzalandırar. Bunu kim iddia edirsə, başqa məqsədi var demək. Yenə də Zeynal Bağırzadə Gömrük İdarəsinə şikayətlə müraciət etsin, təkrar araşdırılsın bu məsələ».

Culfa Gömrük-Sərhəd Xidmətindən də Zeynal Bağırzadənin sərhəddə saxlanması ilə bağlı deyilənləri təkzib etdilər.

Zeynal Bağırzadə ötən il martın 2-də Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. O, saxta Çernobıl əlili sənədi düzəltməkdə ittiham olunurdu.

Həmin il mayın 14-də isə Muxtar Respublika Apellyasiya Məhkəməsi AXCP fəalı Zeynal Bağırzadə haqda bu hökmü dəyişib. O, 4 il şərti cəza alaraq azadlığa buraxılıb.

Zeynal Bağırzadənin qardaşı Yaşar Bağırsoy AXCP Naxçıvan MR şöbəsinin sədridir.

Şərhləri göstər

XS
SM
MD
LG