Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:46

Göyçayda onkoloji xəstələr artır...


-

«Əvvəlcə uşaqdan ötrü çox müalicə alırdım. Onunla əlaqədar sol döşümdə fındıq boyda şiş varandı. Onun da üstünə vaxtında düşmədim, gedib-gəlmədim həkimə. Bir dəfə getdim həkimə, dedi ki, gərək götürək, elə qorxusu yoxdur. Sözün açığı qorxdum, getmədim. Sonra da stresslə-əsəblə əlaqədar şiş şişib, yumurta boyda oldu. Ondan sonra əlacsız qalıb operasiyaya girdim».

BELƏ XƏSTƏLƏRİN SAYI 449 NƏFƏRDƏN 571 NƏFƏRƏ ÇATIB

Reyhan Məmmədova 10 ildir ki, onkoloji xəstəlikdən əziyyət çəkir.

Reyhan Məmmədova

Reyhan Məmmədova

Son vaxtlar bölgədə belə xəstələrin sayının artığı bildirilir. Xüsusilə də bədxassəli sayılan süd vəzisi və yumurtalıq xərçənginin sürətlə artdığı güman edilir. Statistikaya əsasən, ölkə üzrə 28 mindən çox onkoloji xəstənin 13 faizi məhz Göyçay rayonun payına düşür. Ötən 4 il ərzində belə xəstələrin sayı 449 nəfərdən 571 nəfərə qalxıb. Rayonda onkoloji xəstələr arasında 30-50 yaşlı qadınlar üstünlük təşkil edir. Göyçay rayon mərkəzi xəstəxanasının onkoloqu Dürnisə Hacıyeva bu xəstəliyin son vaxtlar cavanlaşdığını deyərək, səbəblərini də açıqlayır:

SƏBƏBLƏR, SƏBƏBLƏR, SƏBƏBLƏR...

«Qadınlarda əsasən süd vəzində yaranır. Yeniyetməlikdən keçid dövründə təbii dəyişikliklərdən baş verir, 30 yaşından sonra hamiləlik və sonra uşaqlarını süd vəzi ilə qidalandırma. Sonra zərərli vərdişlər, düzgün qidalanmama və sairə səbəbləri göstərə bilərəm. Sonra doğuş zamanı uşaqlıq boynu qadınlarda zədələnir və orda infeksion xəstəliklər, yaralar, nəticədə onkoloji xəstəliklərə gətirib çıxarır».

Mütəxəssislər qeyd edirlər ki, ekoloji durum, patogenetik faktor, güclü radiasiya, stressin artması və immunitetin zəifləməsi onkoloji xəstəliklərin başlıca səbəblərindəndir.

Arxiv foto

Arxiv foto

Əslində Göyçayda havaya zərərli maddələr ixrac edəcək müəssisə və zavod olmadığından, təhlükə atmosferi çirkləndirən avtomobil qazları sayılır. Həmçinin mütəxəssislər hesab edirlər ki, Göyçayın ekoloji durumunun korlanmasına Qəbələdə yerləşən və artıq fəaliyyəti dayandırılan radiolokasiya stansiyanın da böyük təsiri olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Göyçay ekologiya şöbəsinin əməkdaşı Mübariz Hacıyev isə bildirir ki, onların hazırda laboratoriyaları yoxdur. Laboratoriya Göyçayda Sovet dönəmində olub. Mübariz Hacıyev qeyd edir ki, onlarda xüsusi cihazların olmaması üzündən havanın ekoloji çirklənməsinin artıb-azalmasını şifahi təyin edə bilirlər. Hərçənd əlavə edir ki, laboratoriyanın yenidən qurulması nəzərdə tutulub.

Rayonda içməli təmiz suyun azlığı və tərkibinin yoxlanılmaması, eləcə də, kanalizasiya xətlərinin yoxluğunun da ekoloji duruma ciddi zərbə vurduğu güman edilir.

2014-CÜ İLDƏN SONRA VƏZİYYƏT DÜZƏLƏCƏK?

Rayon İcra Hakimiyyətindən isə bildirdilər ki, 1970-ci ildə tikilən laboratoriya, su-kanalizasiya xətləri sıradan çıxıb. Ona görə də içməli suyu vaxtlı-vaxtında müayinə etmək mümkün deyil.

İcra Hakimiyyətindən o da deyilib ki, artıq su və kanalizasiya sistemlərinin yenidən qurulmasının birinci hissəsi başa çatıb və ikinci mərhələsi davam edir. 2014-cü ilin sonunda başa çatacaq layihədən sonra rayon əhalisi ekoloji təmiz, laborator müayinədən keçən su ilə təmin olunacaq.

Həkim Dürnisə Hacıyeva:

«ƏGƏR XƏSTƏLƏR VAXTINDA MÜRACİƏT ETSƏLƏR...»

Dürnisə Hacıyeva

Dürnisə Hacıyeva

«Xəstələr vaxtında həkimə müraciət etmirlər. Sanitar-maariflənmə işi zəif gedir. Yaxud müraciət edirlərsə çox gec müraciət edirlər, metastazlar aşkara çıxandan sonra. Əgər xəstələr vaxtında müraciət etsə, biz müalicə edərik və vaxtında effekt verər».

Mütəxəssislərin fikrincə, rayonun ekoloji durumunun təmizlənməsində regionun yaşıllaşdırılması da əhəmiyyətli rol oynayır. Eyni zamanda xəstələr vaxtlı-vaxtında müayinədən keçməlidirlər. Xəstəlik kəndlərdə daha geniş yayıldığından orda maarifləndirmə işləri gücləndirilməlidir. Onkoloqların fikrincə, ilkin profilaktik dönəmdə xəstəliyin müalicəsi asandır.

Şərhləri göstər

XS
SM
MD
LG