Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:09

«Nazir dedi, salamlarımı çadırdakılara çatdır» [Video]


Kəmaləddin Heydərovun Şimal görüşündən ilkin görüntülər
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00
-
- Şikayətiniz nə ilə bağlı idi?

- Arxla, kanalizasiya və evlə.

- Nazirlə danışa bildiniz?

- Danışdım, sağ olsun, dedi ki, adam göndərəcəyəm, gəlib baxacaqlar.

İyulun 8-də səhər saatlarından Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Xaçmazda idi. O, şimal bölgəsində yaşayanların problemlərini dinləməyə gəlmişdi. Xaçmaz sakini Bəyzad Mustafayeva görüşdən razılıqla çıxırdı. Nazir ona problemlərini həll edəcəyinə söz vermişdi.

Nərəcan kəndinin sakini Ağamirzə Mirzəyev də qəbuldan kefikök çıxmışdı:

- Tikintiyə görə gəlmişdim. Qəbul elədi, dinlədi, dedi: – Gəlib yoxlayacağıq, məsləhət olsa, sənə ev tikəcəyik.

- İndiyədək müraciət etmişdiniz?

- Etmişdim.

- Gəlib baxmışdılar? Bir kömək etmişdilər?

- Yox. İndi söz verdi ki, komissiya gəlib baxacaq. Məsləhət olsa, ev tikəcəklər.

Əlikram Ağakişiyev Qaraçı kəndindəndir. Rusiya vətəndaşı olduğuna görə qəbula düşə bilməyib:

«Bir torpaq məsələm vardı. Gəldim ki, bəlkə Kəmaləddin müəllim kömək edə. İçəri buraxmadılar, dedilər, Rusiya vətəndaşısan, olmaz».

«DEDİM AY NAZİR…»

Xaçmazın Alekseyevka kəndinin sakini Bəhruz Şıxməmmədovun evi bir neçə il əvvəl yağış sularından qəzalı vəziyyətə düşüb. O da nazirdən yeni ev tikilməsini xahiş etməyə gəlibmiş:

«Söz verdi ki, iki həftəyə eviniz tikiləcək. Gözləyək».

Qızdarxanım Əliyeva
Qızdarxanım Əliyeva
Nazirin qəbuluna gələnlərdən biri də Şabranın Ağalıq kəndindəki 11 çadırın birində yaşayan Qızdarxanım Əliyeva idi:

«Dedim ay nazir, 11 ailə yay-qış çadırda yaşayır. Bu 11 ailənin 40 üzvü var. Rəvadır bu 11 ailə qırılsın? Rəvadır ki, bu qoca yaşımda Allahın dərgahına o çadırdan gedim? Dedi, əzəl çadırda yaşayanlara mənim salamlarımı çatdır. Gələn həftənin 2-ci günü ordayıq. Qışacan ordan köçürüləcəksiniz. Yazdılar vərəqlərə, altından qol çəkdim, çıxdım».

Ötən ilin dekabrında Şabranın Ağalıq kəndindəki ikimərtəbəli bina qəzalı vəziyyətə düşdüyündən 11 ailənin sakinlərini elə həmin binanın önündəcə qurulan çadırlara köçürüblər. AzadlıqRadiosu həmin çadırlardan indiyədək üç videoreportaj təqdim edib. Sonuncu dəfə çadır sakinləri AzadlıqRadiosuna bildirmişdilər ki, builki prezident seçkilərində çadırların 2 addımlığındakı məntəqədə seçki keçirilməsinə imkan verməyəcəklər.

Qəbula yalnız AzərTAc və AzTV əməkdaşları buraxılıb. FHN işçiləri qəbulun keçirildiyi binanın önündə də AzadlıqRadiosu müxbirinin çəkiliş aparmasını əngəlləməyə – kameraya əl uzatmağa, qapıdan uzaqlaşdırmağa, çəkilişi dayandırmağa çalışıblar.
XS
SM
MD
LG