Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:43

R. İbrahimbəyov: «Gerçək demokratik düşərgədən ikinci namizəd olmamalıdır»


Rüstəm İbrahimbəyov

Rüstəm İbrahimbəyov

-
Prezidentliyə namizəd, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov iyulun 8-də qurum üzvlərinə müraciət edib.

İbrahimbəyov müraciətin girişində sovet dövründən qalma ikinci vətəndaşlıq problemini həll etməklə məşğul olduğunu bildirir. Eyni zamanda, Avropa Komissiyası və Avropa Parlamentində danışıqlar apardıqdan sonra Bakıya dönəcəyini deyir:

«Məlumat verdiyim kimi, ABŞ-da və Rusiyada apardığım, eləcə də Avropada növbəti görüşlərimin əsas məqsədi qarşıdakı prezident seçkilərində daha aktiv beynəlxalq müşahidəyə nail olmaqdır. Harada, hansı görüşlərdə olmuşamsa, Azərbaycanda dəyərləndirildiyi kimi, Milli Şuranın yaranmasını tarixi hadisə kimi qiymətləndiriblər. Verdiyimiz bəyanatlarda bizim əsas məqsədimiz, vəzifələrimiz və onlara nail olmaq yolları hər kəsə çox aydın görünür».

Rüstəm İbrahimbəyov daha sonra Milli Şura üzvləri arasında prezidentliyə namizədlərin olması məsələsinə toxunur:

«Hələ Milli Şura vahid namizədini irəli sürməzdən öncə Musavat Partiyası və KXCP özünün başqa namizədlərini müəyyənləşdirmişdilər. Mən bir neçə dəfə bu fikri səsləndirmişəm ki, Milli Şuradan olan vahid namizədin qeydiyyata alınmayacağı təqdirdə, bu qurumda başqa partiya və hərəkatların irəli sürə biləcəyi bir neçə layiqli namizəd var. Bu da demokratik qüvvələrin qarşıdakı seçkilərdə iştirakını təmin etmək imkanı yaradacaq.

Amma bu məsələyə başqa yanaşma da var: indiki situasiyada həmin yanaşma mənə daha məqsədəuyğun, ən başlıcası, daha effektiv görünür. İş elə gətirib ki, Milli Şura vahid namizəd kimi məni göstərib, bu səbəbdən də mənim başqa namizədləri öz iddialarını geri götürməyə çağırmağım etik baxımdan görə çətindir. Hər kəs bunu anlayır ki, demokratik qüvvələr seçkiyə vahid namizədlə getməlidir. Bu halda Milli Şura və Azərbaycanın demokratik ictimaiyyəti maksimum iradə və qətiyyət göstərməlidir ki, vahid namizəd qeydiyyata alınsın. Əslində, bu namizədin qeydiyyatına mane olmağa heç bir qanuni əsas yoxdur və ümid edirəm ki, olmayacaq da. Hətta imtina ehtimalı olduğu variantda belə, gerçək demokratik düşərgədən ikinci namizəd olmamalı, Milli Şura hakimiyyətin özbaşınalığına fəal dirənməli, onu Azərbaycan xalqının iradəsi ilə, ölkə Konstitusiyası və götürdüyü beynəlxalq öhdəliklərlə hesablaşmağa məcbur etməlidir.

Təkrar edirəm ki, indiki situasiyada bu cür yanaşma daha məqsədəuyğundur və seçkilərdə qələbəyə nail olmağın bəlkə də yeganə düzgün yoludur. Mənə elə gəlir ki, qaldırdığım bu məsələ ciddi müzakirə tələb edir, bizim hərtərəfli düşünüb, ölçülü-biçili qərar qəbul etməyə vaxtımız var. Əminəm ki, əvvəllər olduğu kimi, Milli Şura bu məsələnin də müzakirəsində bütün fikir və rəylərə diqqətlə yanaşacaqdır. Tezliklə görüşənədək!».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG