Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:59
-

Cinsəllik insan həyatının elə bir sahəsidir ki, burda yalan ən təbii hal hesab olunur. Biz əziz insanımıza zövq bəxş etmək xatirinə yalana əl atırıq, amma bunun həyatımızdakı ən mühüm şeylərə belə yoluxacağını nəzərə almırıq...


Paulo Coelho


BƏDƏNLƏR QOVUŞANDA


(Çeviri: Namiq Hüseynli)



"Ədəbiyyatın yaranmasından bəri bütün dünya yazıçıları əsərlərində seks haqqında danışıblar. Misirdə də, Yaponiyada da, Yunanıstanda da bu mövzu insan üçün ən mühüm mövzuya çevrilib.

Fəqət yazılan və çap olunan milyonlarca kitab sekslə bağlı mövcud problemin həllində bizə kömək edə bilməyib, “11 dəqiqə”nin də bunu həll edəcəyinə inanmıram".

Bunu dünyaca populyar Braziliya yazıçısı Paulo Coelho yazır.

O hesab edir ki, cinsəllik məsələlərində ancaq bir halda, təsəvvürlərə hakim kəsilmiş yalandan yaxa qurtarmaqla nailiyyət qazanmaq olar. Bu isə ancaq seksə münasibətin dəyişməsi halında mümkün ola bilər:

"Bununla belə hiss etdiklərimizlə bağlı özümüz özümüzə həmişə doğruları etiraf etməliyik.

Biz kişilərin qadınlara: “Mənə bədəninin sirlərini öyrət”- deməyə cəsarəti çatmır. Heç qadınlar da bizə: “Məni öyrən” - demir. Biz hər hansı bir restoranda, stol arxasında oturaraq primitiv nəsil artırma instinkti ilə ətrafımızdakı psevdo azadlıq mühitində bu mövzularda daha rahat danışa bilirik. Lakin dörd divar arasında düşəndə özümüzü hər şeydən əlini üzmüş, aciz heyvan kimi hiss edirik.

Belə halda sirli-sehirli anlar kimi yaşanmalı olan şeylər, qarşındankının “gözləntilərini” cavab verə bilməmək qorxusuna çevrilir. Gərək biləsən ki, həyatım bu sahəsində “gözlənti” sözü heç dilə gətirilməməlidir".

Coelho yazır ki, bütün həyatı boyu cinsəlliyin bir-birinə zidd təzahürlərini müşahidə edib. Əvvəla, bakirəliyin qadının ən uca məziyyəti sayıldığı mühafizəkar bir dövrdə dünyaya gəlib. Seksual inqilabdan sonra hamiləliyə qarşı həblərin və antibiotiklərin meydana çıxmasının şahidi olub:

"Mən həyatın digər tərəfini gördüyümüz, rok konsertlərdə sevişdiyimiz hippi mədəniyyəti dövrünü şəxsən yaşamışam. İndi isə, antibiotiklərin qarşısını almaqda gücsüz qaldığı yeni xəstəliklərlə müşayət olunan yarımmühafizəkar-yarımliberal bir dövrə qayıtmışıq.Bu dövrdə heç kim cinsəl münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyi bilimir.

Biz indi qarşı cinslə münasibətdə davranışımızın gözəllik, keyfiyyət, ağıl, effektivlik kimi standartlarla müəyyən edildiyi bir dövrdə yaşayırıq. Hər mövzuda şablonlar tapa biləcəyimizə və onlara əməl edərək nizam-intizamlı bir həyat yaşayacağımıza inanırıq. Buna görə elə seks üçün də modellər müəyyən edirik, vaqinal orqazmın, kişi ləyaqətinin ən yüksək yerə qoyulduğu bir sürü yalançı pozalar uydururuq, partnyorumuzu məyus etməmək üçün içdən gəlməyən iniltilərlə o gözəl anları birtəhər yola veririk. Bu siyahını uzatmaq da olar, belə halların nəticəsində isə ortaya milyonlarla məyus, bədbəxt və günahkar insan çıxır".

Coelho hesab edir, yazıçının yaratdığı xəyali aləmin müəyyən hissəsi öz həyatında yaşadığı təəssüratlarına həsr olunub. Elə buna görə də seksual münasibətlərdən bəhs edən kitablar həmişə ona maraqlı gəlib. O bu mövzuda əsər yazmağa başlayanda, iki insan arasında ideal münasibəti təsvir etməyi hədəfləyirmiş:

"Həmin münasibətləri müxtəlif tərəflərdən təsvir etməyə çalışdım, amma məndə heç nə alınmadı. Bu, bütün düşüncəmi alt-üst edən bir fahişə ilə tanış olana qədər davam etdi. O qadın bütün kitablarım üçün birləşdirici bağa çevrildi və ancaq onda yazdığım əhvalatı niyə inkişaf etdirə bilmədiyimi anladım. Seksin gözəlliyi və ucalığı haqqında danışarkən məyusluğumuzu təsvir etməklə sözə başlamalıyıq. Çünki münasibətlərimizə də beləcə, hər şeyin pis bitəcəyi qorxusu ilə başlayırıq".

Yazıçı deyir ki, “11 dəqiqə” heç də cinsəl münasibətlərin qaranlıq dünyasında yolunu itirmiş kişi və qadınlar üçün təlimat, ya da traktat kimi yazılmayıb. Bu, sadəcə onun tərəfindən yaşanmış, amma mühakimə olunmayan bir keçmişin analizidir:

İki bədənin qovuşmasının təkcə müəyyən fiziki istəklərə cavab deyil, həm də nəsilartırma instinkti olduğunu anlamaq xeyli vaxtımı aldı. Bu qovuşma özündə insanlığın bütün tarix boyu topladığı mədəni yükünü daşıyır.

"Cinsəllik insan həyatının elə bir sahəsidir ki, burda yalan ən təbii hal hesab olunur. Biz əziz insanımıza zövq bəxş etmək xatirinə yalana əl atırıq, amma bunun həyatımızdakı ən mühüm şeylərə belə yoluxacağını nəzərə almırıq. Cinsəl münasibətlərin kökünün, sevgi adlandırdığımız ruhi enerjiyə qədər gedib çıxdığını unuduruq.

Praktikada təsəvvürümüzdə canlandırdığımız bu yanlışlarımızın fərqinə varıb onları düzəltmək olduqca çətindir. Bunu anlamaq üçün ilk növbədə seksin insanı bütün həyatı boyu müşayət edən iki əks elmementdən ibarət olduğunu anlamaq lazımdır. Bunlar boşalma və gərilmədir.
"11 dəqiqə" Azərbaycan dilində

"11 dəqiqə" Azərbaycan dilində


Bəs belə əks əhval-ruhiyyəni bir-biriylə harmoniyada necə yaşamaq olar? Çox sadə: səhv etməkdən qorxmayaraq.

Bu halda, biz həzzə can atarkən, özümüzü bu yolda tam və ürəkdən səfərbər edəndə bədənimiz gərilmiş yay kimi gərgin, düşüncəmiz isə hədəfə atılacaq ox kimi boşalmış olacaq. Artıq ürəyin idarə etdiyi hadisələr beynin hakimiyyətindən tamam çıxır. Ürək isə daxili təəssüratları qarşıdakı adama çatdırmaq üçün beş hissiyyat orqanını tam gücü ilə işə salır. Bunlar iybilmə, toxunma, görmə, eşitmə, dadbilmədir. Onlar hamısı eynilə ruhi ekstazda olduğu kimi vəhdətə gəlirlər".

Yazıçı israr edir ki, cinsəl əlaqələrin çoxunda insanların toxunma və görmə hisslərindən heç istifadə etmədikləri sübut edilib. Belə etməklə onlar özləri özlərini hissləri dolğunluqla yaşamaqdan məhrum edirlər:

"Əgər partnoyrlardan biri özünü tamam bu yolda səfərbər etsə, digərinin həzzin qarşısına tikdiyi divarı dağıda bilər. Çünki özünü tamam həzzə sərf etmək qarşıdakına göstərilən inamı simvolizə edir: “Mən sənə inanıram”. Məhz bu anda oyuna cinsəl enerji daxil olur. Bu enerji isə bədənin “erogen zonaları” adlandırdığımız yerlərinə deyil, başdan-ayağa bütün bədənə, onun hər kapilyarına və dərisinin nəfəs aldığı hər bir qovuqcuğuna toplanır. Bədənin hər millimetri ətrafa digər bədən tərəfindən hiss olunan işıq saçır ki, digər bədən də öz növbəsində ətrafını belə gözə görünməyən işıq şüalarına bürüyür.

Bu proses baş verəndə sanki biz öz əsl kimliyimizin içindən çıxdığımız qədim bir ayində iştirak edirik. Ayin isə necə olursa olsun, iştirakçıdan özünü tam ona sərf etməyi tələb edir ki, bu da son nəticədə dünyanı yenidən dərk etməyə gətirib çıxarır. Ayinin bütün mənası məhz bu dəyişmək iradəsindən ibarətdir.

Bütün bunlar çoxmu çətindir? Günümüzdə cinsəl münasibətin qurulduğundan çox-çox çətindir. Bu gün bizim çoxumuzun yaşadığımız sadəcə cinsi akt zamanı keçirdiyimiz gərginlik və onun bitməsinin ardınca yaşanan boşluq hissindən ibarət sadə mexaniki hadisədir. Anlamaq lazımdır ki, iki bədən qovuşanda, onların hər ikisi birlikdə hələ öyrənilməmiş bir aləmə daxil olurlar. Bu qovuşma aktını ən adi həzzə çevirmək isə özünü əsrarəngiz macəralardan məhrum etmək anlamına gəlir.

Lakin bütün bu şeylər haqqında kitablardan heç nə öyrənmək mümkün deyil, çünki kitablar nə yaşananları, nə də müəllifin öz dünya baxışını ifadə etmək iqtidarında deyil. Seksdə qarşılıqlı münasibət hər şeydən öncə öz paradoksunla, öz individuallığında, özünü qarşıdakına həsr etmək iradəsiylə yaşamaq cəsarətidir. Mən “11 dəqiqə”ni məhz bunun üçün yazdım. İstədim 55 yaşımı yaşayarkən, həyatın mənə öyrətmək istədiklərindən danışmaq və bütün yaşadıqlarımdan öyrənmək cəsarətimin çatıb-çatmadığını yoxlayım".

Günün bütün mövzuları

XS
SM
MD
LG