Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:07

Amnistiyaya düşüb, amma... buraxmırlar


Foto: Arxiv
Foto: Arxiv
-
Amnistiyaya düşən məhbuslardan hələ də azadlığa buraxılmayanlar var. AXCP üzvü İlqar Rzayevin qardaşı Əlirza Muxtar AzadlıqRadiosuna bildirir ki, mayın 16-da İlqara həbsdən çıxacağını desələr də, bir gün sonra onun buraxılmayacağı bəlli olub:

«Ona deyiblər ki, geyin, çıxıb gedirsən. O da geyinib və hər şeyi yoldaşlarına paylayaraq hazır dayanıb. Birdən buraxılmayacağını eşidəndə, psixoloji zərbə alıb. Qorxur ki, cibinə təzədən bir şey atıb həbsdə saxlarlar».

Məhbusun ailəsi Ombudsman Aparatına, ədliyyə və daxili işlər nazirliklərinə, Prezident Administrasiyasına üz tutmağa məcbur qalıb. Onlara İlqar Rzayevin işi ilə bağlı araşdırma aparıldığını söyləyiblər.

Müxalif qüvvələrin Milli Şurası bu günlərdə yaydığı bəyanatda hakimiyyətin repressiya siyasəti nəticəsində həbs olunanlar sırasında İlqar Rzayevin də adını çəkir, başqa məhbuslar kimi onun da siyasi baxışlarına görə həbs edildiyini bildirirdi.

İlqar Rzayev ötən ilin mayında həbs olunub və qanunsuz narkotik vasitələr saxlamaqda suçlanır. O, Bakının mərkəzində «Qış parkı» tikilərkən evi uçurulan Şirinbacı Rzayevanın oğludur. Həmin Şirinbacı Rzayevanın ki ötən il İctimai Palatanın 22 aprel mitinqində hakimiyyəti sərt tənqidə tutmuşdu. Elə bu olaydan sonra Rzayevlər ailəsinin evi sökülüb. Az sonra həm ana, həm də oğlu işdən çıxarılıb.
Əshabəli Mustafayev
Əshabəli Mustafayev

AZYAŞLI UŞAĞI VAR

Ailəsi onun həbsini siyasi məsələ sayır. Vəkil Əshabəli Mustafayev deyir ki, İlqar Rzayev 2 bəndlə amnistiyaya düşüb. Amma aktın dörd aya icra olunduğunu əsas gətirərək onu buraxmırlar. Vəkil bunda qərəz görür:

«Dörd ay ona görə nəzərdə tutulur ki, hansısa sənədlər hazırlanmalıdır. Məsələn, bir bənd Böyük Vətən müharibəsi iştirakçılarının qohumlarına aiddir. Bu barədə sənəd düzəltmək vaxt tələb edir. Ancaq İlqarın himayəsində azyaşlı uşaq var. Həmin bəndə görə buraxılmalıdır».

Vəkil digər məhbusların buraxıldığını deyir, amma amnistiyaya düşən bəzi dindarların da hələ buraxılmadığını bildirir.

Şirinbacı Rzayevanın fikrincə, məqsəd oğlunu son günə qədər həbsdə saxlamaqdır:

«Mən də onlara sual verdim ki, İlqar kimin arvadına, qızına sataşıb? Niyə saxlamısınız? Körpəsi var. Bizim ailədə heç kəs işləmir, hamını işdən çıxarıblar. İlqar da ailəsinə baxmalıdır, axı».

Şirinbacı Rzayeva
Şirinbacı Rzayeva
TƏSDİQLƏYİCİ SƏNƏDLƏR

Penitensiar Xidmət İdarəsinin sözçüsü Mehman Sadıqov İlqar Rzayevin bəzi təsdiqləyici sənədlərinin çatışmadığını deyir:

– Məhbuslara amnistiya şamil edilərkən, digər dövlət orqanlarından təsdiqləyici sənədlər göndərilməlidir. Həmin sənədlər gəlincə, amnistiya ona da tətbiq olunacaq.

– Konkret bir sənədin adını çəkmək olar?

– Yox, konkret söyləyə bilmərəm. Ancaq o, digər orqanlardan sənədlər gələn kimi buraxılacaq.

– Vəkili, ailəsi deyir ki, yubadılma onun siyasi baxışları ilə bağlıdır...

– Onun nə siyasi baxışı ola bilər ki? Hansı siyasi baxışı, nə əqidəsi olsa da, amnistiya hamı üçün eyni qəbul edilən aktdır. Hamıya eyni cür tətbiq olunur. Heç marağında da deyilik ki, hansısa məhkuma dair amnistiya aktının tətbiqini gecikdirək. Sənədlər daxil olduqca, hamı ard-arda buraxılır.
Mehman Sadıqov
Mehman Sadıqov

Mehman Sadıqov amnistiya çərçivəsində Penitensiar Xidmət üzrə indiyədək 2 min 100-dən çox məhbusun azad olunduğunu bildirir. Aktın icrası sentyabrda başa çatır.

Milli Məclisin mayın 7-də qəbul etdiyi Amnistiya Aktı 9 min məhbusa şamil olunur.

Beynəlxalq hüquq-müdafiə təşkilatları və yerli hüquq müdafiəçiləri bu ilin əvvəlindən 20-dək şəxsin məhz siyasi baxışlarına görə saxlandığını bildirir. Onların arasında Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu, «REAL» Vətəndaş Hərəkatının sədri İlqar Məmmədov, hüquqşünas Qurban Məmmədov, AXCP üzvləri Daşqın Məlikov, İlqar Rzayev, «Tolişi sədo» qəzetinin baş redaktoru Hilal Məmmədov, ilahiyyatçı Tale Bağırzadə, İslam Partiyasının sədri Mövsüm Səmədov, gənclərin NİDA Vətəndaş Hərəkatının üzvləri və başqaları var.
XS
SM
MD
LG