Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:48

Xaçmazın Alekseyevka kəndində bələdiyyə sədrindən narazılıq


Kənd sakini Yadulla Şıxməmmədov

Kənd sakini Yadulla Şıxməmmədov

-
«O torpağı atam rəhmətlik 1991-ci ildə almışdı. 2003-cü ildə fındıq, yonca əkdim. İki ildən sonra bələdiyyə sədri sahəni sürdürdü, nəyimiz vardı atdırdı kənara, torpağımızı da 12 min dollara başqasına satdı».
Seldən zərər çəkmiş Xaçmazın Alekseyevka kəndinin problemləri sən demə bununla bitmirmiş. Bu kəndin sakinləri vaxtilə seçdikləri bələdiyyə sədrindən narazıdılar. Deyirlər, bələdiyyə sədri kəndlilərə məxsus torpaq sahələrini talayıb satır. Özünə bahalı maşınlar alır, qohum-əqrəbasına evlər tikdirir. Kənd sakini Yadulla Şıxməmmədov:
«BƏLƏDİYYƏ SƏDRİ MƏNİ QOVDU»
Xaçmazın Alekseyevka kəndi

Xaçmazın Alekseyevka kəndi

«Mən xəbər tutanda ki, torpağımız əlimizdən gedib, getdim bələdiyyə sədrimiz Cahangirin yanına, səs-küy saldım, Dedi, Yadulla, sizin torpağınız olduğunu bilməmişəm, səsinizi çıxarmayın, fındığı da, yoncanı da qoyuram yerinə, torpaq sahənizi əvvəlki vəziyyətində qaytarıram özünüzə. Vaxt keçdi, səs çıxmadı, növbəti dəfə yanına gedəndə bələdiyyə sədri məni qovdu. Dedi, nə torpaq, sənin torpağın Dağıstandadır. Mən Dağıstan vətəndaşı ilə evləndiyimə görə belə dedi».
Yadulla Şıxməmmədov məhkəmələrə üz tutub. Uzun illər bu yolda nəinki sağlamlığını itirib, hətta həbsə də düşüb:
«Torpaq söhbətinə görə bir il iş də aldım. Ancaq yenə yolumdan dönmədim, Ali Məhkəməyədək getdim. Əsəblərim pozuldu, xəstəlik tapdım. Yenə də torpağımızı özümüzə qaytarmadılar».
Yadulla Şıxməmmədov bizi sənədlərlə tanış edir. Arxiv sənədləridir. 90-cı illərin əvvəllərində tərtib olunmuş bu sənədlərlə 17 sot torpaq sahəsinin Şıxməmmədovlara məxsus olduğunu təsdiqlənir. Sonra da məhkəmə qətnamələrini göstərir. O sənədləri ki, onları həmin torpaq sahəsindən məhrum edib. Yadulla Şıxməmmədov bir ay əvvəl isə eşidib ki, ölkənin baş prokuroru Qubada qəbul keçirir. Ora da baş vurub. İndi oturub nəticəni gözləyir, Deyir, hələlik səs-səmir yoxdur.

Nina İsayeva

Nina İsayeva


«BƏLƏDİYYƏ SƏDRİ GƏLDİ DEDİ Kİ, TORPAĞI SAT MƏNƏ»
Kəndin başqa sakini, yaşı 80-ni haqlamaqda olan Nina İsayeva da vaxtilə onlara məxsus olmuş torpaq sahələrində indi bələdiyyə sədrinin ailə üzvlərinin ev tikdiyini deyir:
- 23 sot həyət-baca idi, 1 hektardan da çox bağ sahəsi. Oğlum 1-ci qrup müharibə əlilidir. Övladlarım Rusiyaya köçüblər, tək qalmışam. Bələdiyyə sədri gəldi dedi ki, torpağı sat mənə. Oğlum tapşırdı ki, heç kəsə torpaq vermə. Mən də dedim, bu torpağı hökumət mənə dolanmağa verib, satmağa yox.
- İndi torpaqdan kim istifadə edir?
- O vaxt bir hissəsini aldı, kitabçada olanı da aldı. İndi ev tikiblər.
Kənd bələdiyyə sədri Cahangir Eyyubov isə kəndlilərin ona böhtan atdığını deyir:
«O Yadullanın əlində dəlilik kağızı var. Düşüb ortalığa ki, mən dəliyəm, hamıdan güclüyəm. Ona baş qoşmayın. Həmin torpaq mübahisəsinə Xaçmaz məhkəməsi, appelasiya, Ali məhkəmələr də baxıb, qərar çıxarıb. Yadullagilin iddiaları rədd edilib. Çünki torpaqları zəbt etmişdilər. Əllərində filan qədər torpaq var, hamısı da zəbt olunmuş. O ki qaldı rus qadının dediyinə, mən kiməm ki, burdan rus qovam? Qadının həyat yoldaşı vaxtilə torpağı atamgilə satıb, o işin mənə heç bir aidiyyəti yoxdur. Gəlsinlər araşdırsınlar. Boş söhbətlərdir. Ora bura yazırlar ki, guya mən ildə bir «JİP» alıram, kimlərinsə adına villalar alıram».
Bələdiyyə sədri kəndliləri böhtan atmaqda qınayaraq onları məhkəməyə verəcəyini deyir.

Şərhləri göstər

XS
SM
MD
LG