Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:49

Gültəkin Hacıbəyli oğlunun əlindən alındığını düşünür


Gültəkin Hacıbəyli
Gültəkin Hacıbəyli
-
İyulun 4-də Nəsimi rayon Məhkəməsi keçmiş deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin 9 yaşlı oğlu Toğrulun həftənin 5 günü saat 4-dən 9-a qədər, həftənin 6-cı günü isə bütöv gün atası Mahmud Mehdiyevin yanında olması haqda qərar çıxarıb.

Bu haqda AzadlıqRadiosuna Gültəkin Hacıbəylinin vəkili Bəhruz Bayramov məlumat verib. Vəkil qərarı qanunsuz sayır:

«Eyni hal üzrə 2006-cı ildə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var. Həmin məhkəmə qərarına görə, atası uşaqla həftədə 1 dəfə saat 16:30-dan 18:00-a qədər görüşə bilər. Məhkəmə qətnaməsi icraya yönəlsə də, bu 8 il ərzində onun tərəfindən hər hansı addım atılmamışdı. Görüşmək üçün icraya müraciət eləməmişdi. Yalnız 2013-cü ilin may ayından başlayaraq 4 dəfə görüş olmuşdu. Həmin görüşlərdə mən Gültəkin xanımın vəkili kimi iştirak etmişəm. Bu haqda aktlar da var. Uşaq onunla görüşdən imtina edir. Çünki bu 9 il ərzində bir dəfə də olsun onu görməmişdi. Hansı əsas yaranmışdı ki, o, həftədə 5 görüş və bir gün yanında qalma tələb etmişdi? Bu, faktiki olaraq uşağı ananın əlindən almaq deməkdir. Onun yaşayış yerinin olub-olmaması məlum deyil. Onun yaşayış yeri yoxlanmalı idi».

«BU, SİYASİ SİFARİŞDİR»

«Bu, birmənalı olaraq siyasi sifarişdir, mənim Milli Şuradakı fəaliyyətimlə, son dövrlərdəki tənqidi fikirlərimlə bağlıdır».

Bunu AzadlıqRadiosuna Gültəkin Hacıbəyli bildirib. O deyir ki, məsələ ilə bağlı sona qədər mübarizə aparacaq:

«Məhkəmə oğlumun 9 il üzünü görmədiyi, tanımadığı adama faktiki verilməsi ilə bağlı qərar çıxarıb. Uşağı 9 ildir mən böyüdüb tərbiyə verirəm. Ən yaxşı məktəblərdən birində təhsil alır. Savadlı uşaqdır. 9 ilin tamamında bir nəfər peyda olub deyir ki, mən sənin atanam. Bu, gülüncdür. Mən 2007-ci ildən ailəliyəm. Oğlum özünü dərk edəndən həyat yoldaşımı atası bilir və atası kimi də sevir. Uşaq normal bir ailədə, atalı-analı böyüyür, məhkəmə isə belə qərar qəbul edir. Həmin şəxs bu 9 ildə uşaqla maraqlanmayıb, 1 manat da olsun vəsait xərcləməyib. 2006-cı ildən görüşlə bağlı müraciət etməyib. Özünün mənzili yoxdur. Belə bir adam oğluma nə verə bilər?».

ATA ANANI VƏZİFƏDƏN SUİ-İSTİFADƏDƏ GÜNAHLANDIRIR

Gültəkin Hacıbəyli deyir ki, bir neçə aydır ona hədə-qorxu olunur:

«Yanvar ayından hədə-qorxular eşidirəm, bildirirdilər ki, bir övladın var, onu düşün. Mən bu təhdidləri ciddiyə almıram. Ona görə yox ki, övladımı sevmirəm. Xeyr, övladım azad və ədalətli cəmiyyətdə yaşamalıdır. Hər şeyə hazıram, sona qədər də mübarizə aparmaq əzmindəyəm. Bu təzyiqlər məni sındırmaq üçündürsə, məni daha da güclü edir».

Məhkəmə qərarından apellyasiya şikayəti veriləcək.

Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyev mayın 17-də keçirdiyi mətbuat konfransında demişdi ki, Gültəkin Hacıbəyli deputat olduğu müddətdə ona və ailə üzvlərinə qarşı haqsızlıqlar edib. Onu oğlu ilə görüşmək imkanından məhrum edib.

Mahmud Mehdiyevin dediyinə görə, Gültəkin Hacıbəyli oğlunu ona göstərməmək üçün dəfələrlə Səbail rayon Məhkəməsinin işinə müdaxilə edib. Ancaq son 3 ildə millət vəkili ola bilmədiyi üçün vəzifəsindən sui-istifadə edə bilmir.

Gültəkin Hacıbəyli isə bildirir ki, əvvəlki məhkəmə Azərbaycan praktikasına uyğun olaraq qanuni qərar çıxarıb:

«Azərbaycanda 2 yaşlı körpə uşaqlar üçün atayla görüş həftədə bir dəfədən – ən çox iki dəfədən çox olmayaraq nəzərdə tutulur. Həmin prosesdə 2 yaşlı uşağa həftədə bir dəfə atası ilə görüşə icazə verilmişdi. İndiki Nəsimi rayon Məhkəməsinin qərarından fərqli olaraq, həmin məhkəmə prosesi daha uzun müddət çəkmişdi. Səbail rayon Qəyyumluq və Himayəçilik Komissiyasında da bu məsələ hərtərəfli araşdırılmışdı. Bu baxımdan, bu ittiham gülüncdür. Atası Səbail rayon icra şöbəsinə işin icrasıyla bağlı bir dəfə də olsun müraciət etməyib. Mənim deputatlıq səlahiyyətlərimə 2010-cu ilin noyabr ayında xitam verilib. 2013-cü ilin may ayına qədər mən deputat olmaya-olmaya məhkəməyə necə təzyiq edə bilərdim? Mahmud Mehdiyevin dedikləri yalan və iftiradır. Görünür, nəyinsə müqabilində o, bunları deməyə razılaşıb».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG