Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:05

Vəfa Quluzadə: Morsi hakimiyyətdən götürülməsəydi...


Vəfa Quluzadə (Foto: Samirə Nəcəf)
Vəfa Quluzadə (Foto: Samirə Nəcəf)
-
«Misir Yaxın Şərqin Amerika, İsrail üçün ən önəmli ölkəsidir. Ona görə Misirdə nə baş verəcək, nə cür hakimiyyət olacaq və bu hakimiyyət nə cür formalaşacaq, bu dünyanın aparıcı qüvvəsi olan Amerika üçün heç də əhəmiyyətsiz deyil. Amerika maraqlıdır ki, Misir Qərbyönlü, Amerika yönlü dövlət olsun. Amma Muhammad Morsinin və Müsəlman Qardaşlarının hakimiyyətə gəlməsi bunda şübhə yaratdı».
Bunu 1970-ci ildən 1974-cü ilə qədər Misirdə diplomat kimi çalışmış politoloq Vəfa Quluzadə deyir.
Vəfa Quluzadə Misirdə son baş verən hadisələri AzadlıqRadisouna şərh edib.
MORSİ HAKİMİYYƏTDƏN GÖTÜRÜLMƏSƏYDİ...
Politoloq deyir ki, «Əgər Morsi ordu vasitəsilə indi hakimiyyətdən götürülməsəydi, «Müsəlman Qardaşları» Misiri antiamerika və antiisrail bir dövlətə çevirəcəkdilər. Çünki «Müsəlman Qardaşları»nın ideologiyası məlumdur – İsrail ərəb torpağında yaradılmış dövlətdir, Misirlə İsrail arasında 1979-cu ildə imzalanan sülhə də yenidən baxılmalıdır, bu ədalətli müqavilə deyil və s. «Müsəlman Qardaşları»nın hakimiyyətdən getməsinin əsas səbəbləri budur. Eyni zamanda burda təhlükə də var. Çünki «Müsəlman Qardaşları» həqiqətən keçən əsrin 20-ci illərindən fəaliyyətdə olan və xəfiyyədə fəaliyyət göstərən bir təşkilatdır. Bu təşkilat hakimiyyətə gələ bildi. Mən hesab edirəm ki, Qərb qüvvələri onun hakimiyyətə gəlməsini istəmirdilər. Amma bu baş verdi. Onda Misirin gələcəyi tamamilə Qərbi təmin etməyən olacaqdı».
MİSİRDƏ BAŞ VERƏNLƏR DÖVLƏT ÇEVRİLİŞİDİR
Tahrir Meydanı
Tahrir Meydanı
Vəfa Qulzadə deyir ki, «Misirdə baş verənlər dövlət çevrilişidir, özü də əsgəri çevrilişdir. Amma Qərb bu əsgəri çevrilişi dəstəklədi. Heç ilk dəqiqələrdə onu çevriliş də adlandırmaq istəmirdi. Belə notlar səsləndi ki, xalq tərəfindən seçilən adam bu cür də hakimiyyətdən gedə bilər. Çünki xalqın inamını itirib. Amma bir ilin ərzində xalqın inamını nə cür itirmək olar?» Sözsüz ki, bir il ərzində Misirdə heç nə dəyişməmişdi. Ordu Hosni Mubarak ordusu idi, polis Hosni Mubarak polisi idi. Muhammad Morsi seçiləndə onlar özlərini sakit aparırdılar. Çünki Morsi həqiqətən də demokratik yolla seçilmişdi».
MİSİRDƏ VƏTƏNDAŞ MÜHARİBƏSİ OLA BİLƏR
Politoloq Misirdə vətəndaş müharibəsinin gözlənilə biləcəyindən də narahatdır:
«Morsi xalqa müraciətində dedi ki, bu çevrilişi tanımayın, mübarizə aparın. Morsi əsas faktor deyil. Əsas faktor Müsəlman Qardaşları təşkilatıdır. Sözsüz ki, Müsəlman Qardaşlarını məhv etmək üçün böyük bir plan var. Bu plan Morsi hakimiyyətə gələn gündən işlənməyə başlayıb. İndi Müsəlman Qardaşları üzvlərini tuturlar, təşkilatlarını dağıdırlar. Axıra qədər bu mümkün olacaqmı? Bu Əlcəzair hadisələrinə gətirib çıxarmayacaq ki? Əlcəzairdə islamçılar 90-cı ildə qələbə çaldılar. Onda mən orada idim. Lakin əsgəri qüvvələr bu qələbəni məhv etdi. Ondan sora dəhşətli vətəndaş müharibəsi başladı. İslamçılarla ordu, hakimiyyət arasında. Yüz minlərlə adam həlak oldu. İndiyə qədər bununla bağlı terror davam edir. Mən Misirdə belə hadisələrin baş verəcəyindən narahatam».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG