Keçid linkləri

Təcili xəbərlər

Minsk konfransı çağırılacaqmı?


ATƏT bayrağı
ATƏT bayrağı
-
Qarabağ haqqında yalnız uzaq «X günü»nündə danışmağa adət edilən ölkədə ən adi təşəbbüs belə maraqla qarşılanmağa layiqdir.
Ona görə də Azərbaycanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin Minsk Konfransını çağırmaq haqqındakı təklifi bizə də maraqlı göründü.
Ən azı ona görə ki, çoxdandır bu sahədə ciddi bir təşəbbüs müşahidə olunmur-prezidentlər görüşmür, xarici işlər nazirlərinin görüşləri isə bir o qədər də diqqət çəkmir.
Demirik ki, nümayəndə heyətinin təklifi dərhal nəzərə alınacaq, ən azı ona görə ki, Minsk Qrupunda Azərbaycandan və Ermənistandan başqa daha 11 ölkə var, üstəlik də ATƏT-də qərarlar konsensus yolu ilə qəbul olunur.
Amma zəruri halda ATƏT-in sədrinin mövqeyindən çox şey asılı olur. İndisə ATƏT-ə Azərbaycanla kifayət qədər yaxşı münasibətlərdə olan Ukrayna sədrlik edir.
Sonuncu fakt təhlilçilərə müxtəlif cür təsir edir. Kimi Konfransın çağırılmasını mümkün hesab edir, kimi də bunun mümkünlüyünə inanmır…
Amma burada tarixə də kiçik ekskurs etməyə dəyər, çünki onun bəzi detallarını nəzərə alanda görürsən ki, Konfransın çağırılması yalnız ən mühüm hallarda ola bilər…
HƏMSƏDRLİK İNSTİTUTU EFFEKTİV DEYİLMİ?
Minsk Qrupunda sədrlik institutu 1994-cü ildə təsis edildi. 1997-ci ildən isə quruma ABŞ, Fransa və Rusiya sədrlik edir. Belə fərz edildi ki, qurumun işini bir neçə dövlətə həvalə etmək onun effektivliyini artırar, çünki hər dəfə 11 ölkənin birgə müzakirəsini aparmaq bir o qədər də effektiv deyildi. Amma hətta sədrlik institutu Minsk Qrupuna dinamizm verə bilmədi. Demirik ki, bu illər ərzində heç bir təşəbbüs olmadı, yox, hətta bir deyil, bir neçə təşəbbüs oldu. Amma hər dəfə bu təşəbbüslər gah bu tərəf, gah da o biri tərəfdən qəbul olunmadı. Ona görə də indiki mənzərə yarandı.
Bir çoxu 20 ili böyük siyasət üçün o qədər də uzun müddət hesab etməsə də bu, az vaxt da deyil.
Bu 20 il ərzində bəzən elə təsəvvür yaranıb ki, proses iştirakçıları hətta öz missiyalarını da razılaşdıra bilməyiblər. Azərbaycan və Ermənistan deyir ki, Minsk Qrupu bu vaxta qədər problemi həll edə bilməyib. Minsk Qrupunun həmsədrləri də belə iradların müqabilində qayıdırlar ki, onların missiyası sadəcə, vasitəçilikdir.
Prosesin ilkin mandatına görə Konfrans problemin siyasi həlli tapılandan sonra çağırılmalı idi. Əslində Azərbaycan tərəfi Konfransın çağırılmasını dilə gətirməklə özünün həmsədrlərin işindən narazılığını ifadə etmək istəyir. Bunu görmək üçün qeyri-adi analitik təfəkkürə ehtiyac yoxdur, hər şey göz önündədir.
Əgər ötən illər ərzində hətta münaqişənin nizamlanmasının təməl prinsipi razılaşdırmayıbsa, əlavə şərhə ehtiyac yoxdur. Ortalıqda yalnız həmsədr ölkələrin başçılarının müxtəlif vaxtlarda səsləndirdikləri bəyanatlar var.
Bakı
Bakı
Onlar gah indiki status-kvonun məqbul olmadığını deyir, gah Helsinki Yekun Aktının prinsiplərin xatırladırlar. Amma ortalıqda BMT TŞ-nın 4 qətnaməsi var. Bazis kimi həm də onlar götürülə bilərdi.
Fəqət, BMT-nin özü həmin qətnamələri xatırlamırsa, onların icrasını reallaşdıran addımlar atmırsa, dörd qətnamədəki prinsiplərin hələ də bazis prinsiplər hesab olunmaması təəccüblü görünə bilərmi?
Üstəlik, Azərbaycanın BMT TŞ-nın qeyri-daimi üzvü olması Qarabağ problemi baxımından heç nə ilə yadda qalmadı. Bəlkə burada da xüsusi etiket qaydaları var və biz bundan xəbərsizik? Amma ölkə TŞ-na qeyri-daimi üzv seçilərkən hamı Qarabağ probleminin müsbət impuls alacağını düşünürdü. Fəqət, belə olmadı. Bəzən deyirlər ki, Minsk Qrupunda üç böyük dövlət təmsil olunub və əgər onlar bu problemi həll edə bilmədisə, başqa ümidlərə qapılmağa dəyərmi? Amma bəlkə problemin həll olunmamasının bir səbəbi də budur ki, üç böyük dövlət o qədər böyükdür ki, onlar üçün həmişə başqa böyük problemlər tapılır və Qarabağ problemi arxa plana keçir?
HAKMİYYƏTDƏN VACİB BİR ŞEY VARMI?
İşin tərsliyindən bu il də seçki ilidir. Əslində seçkiyə qatılacaq hakim partiya təmsilçisi indi böyük narahatlıq keçirməli idi, çünki o, insanlara izah etməlidir ki, nə səbəbə 10 il ərzində Qarabağ probleminin həlli üçün heç bir iş görə bilməyib?
Elə digər namizdələr üçün də bu, göydəndüşmə mövzu olmalıdır. Onlar da hakim partiyadan 20 ildə Qarabağ problemi üçün nə etdiklərini soruşa bilərdilər…
Amma bu, heç nəzərə çarpmır. Sanki Qarabağla bağlı hansısa qeyri-rəsmi siyasi razılıq var. Bu mövzunu ya yada salmırlar, ya da ötəri olaraq üstündən ötüb keçirlər.
Nə baş verir? Bəlkə Qarabağ problemi artıq prioritet deyil? Doğrudanmı o, hətta seçki texnologiyalarının da bir komponenti olmağa belə layiq deyil?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG