Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:24

AXCP fəalı 2 il 6 ay müddətinə azadlıqdan məhrum edildi [Video]


AXCP fəalı 2 il 6 ay müddətinə azadlıqdan məhrum edildi
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00
-
AXCP Gənclər Komitəsinin üzvü Daşqın Məlikov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) maddəsi ilə ittiham olunur.

Bu haqda qərar iyulun 3-də Sumqayıt şəhər Məhkəməsində verilib.

Dövlət ittihamçısı gənc fəalın 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Onun vəkili Əsabəli Mustafayev AzadlıqRadiosuna deyib ki, qərardan apellyasiya şikayəti verəcək.

Daşqın Məlikov özü bu ittihamı qəbul etmir. Valideynləri onun asma xəstəsi olduğunu, heç vaxt narkotikdən istifadə etmədiyini, etiraz aksiyalarında iştirakına görə həbs olunduğunu bildirirlər.

NARKOTİK İTTİHAMI İLƏ DAHA HANSI FƏALLAR HƏBS EDİLİB

Son illərdə Azərbaycanda 10-dan çox jurnalist, ictimai fəal və müxalifət partiyalarının üzvlərinə qarşı narkotiklə bağlı ittihamı irəli sürülüb.

2006-cı ildə satirik yazar Mirzə Sakit bu ittihamla 3 il həbs alıb.

2007-də bir neçə maddə ilə həbs olunan Eynulla Fətullayevin də sonradan həbsxanada üstündən narkotik tapıldığı iddia edildi. Bunun nəticəsində onun həbs müddəti 2.6 ay uzadıldı.

AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalan da 2011-ci ildə narkotik saxlama ittihamı ilə həbs olunub. 10 ay sonra əfv edilib.

«Səhər» kanalının əməkdaşı Anar Bayramlı, «xeber44» saytının redaktoru Nicat Əliyev də narkotik ittihamı ilə üzləşib.

«Tolışi sədo» qəzetinin baş redaktoru, hüquq müdafiəçisi Hilal Məmmədov da eyni ittihamla saxlanıb. Daha sonra o, vətənə xəyanətdə də ittiham edilib. Məhkəmə prosesi davam edir.

NİDA-çı Zaur Qurbanlı da 2012-ci il oktyabrın 1-də narkotik ittihamı ilə saxlanıb. 15 gün sonra azadlığa buraxılıb. Talassemiya xəstəsi gənc fəal bu ilin aprelində silah daşımaq ittihamı ilə həbs edilib.

Başqa NİDA-çı Məmməd Əzizov və 31 yaşlı bloqqer Rəşad Ramazanov da narkotik ittihamı ilə saxlananlar arasındadır.

Bu il martın 31-də ilahiyyatçı Taleh Bağırzadəni də saxlayan polis onun üstündən 1.26 qram heroin, sürücüsündən isə silah tapıldığını bildirib. İstintaq hələlik davam edir.

Bəzən bu ittihamla ictimai fəal və ya jurnalistdən başqa etirazlara əl atan sıravi vətəndaşlar da üzləşirlər.

Məsələn, «Eurovision» mahnı müsabiqəsi zamanı aparılan tikinti işlərinə görə evi sökülən İlqar Rzayev də narkotik ittihamı ilə həbs olunub.

Qızının orta məktəbdə müəllimi tərəfindən döyülməsi ilə bağlı internetdə video müsahibəsi yayılan Şaiq Ağayevin də az sonra evindən narkotik tapıldığı bildirilib.

Bəzən isə sabiqlərin də qohumları oxşar ittihamlarla üzləşiblər. Onlardan biri də Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun qohumu Qoca Quliyevdir.
XS
SM
MD
LG