Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:14
-

“De ki, mən kişi də olsam, evdə arvadım var”. Bu heyrətamiz açıqlamadan sonra müəllimlər hər səkkiz martda iyirmi, otuz manatdan atışıb direktorun, pardon, onun arvadının bayramını təbrik edirdilər...


Alpay Azər


MÖVSÜM QAYĞILARI


Məktəb direktoru Zeynal, atası rəhmətə gedəndə tərbiyə işləri üzrə direktor müavini vasitəsiylə süpürgəçisindən tutmuş müəlliminə qədər kollektivə sərt tonda şifahi nota göndərdi: hamı bir nəfər kimi atamın üçünə gəlsin, - yəni zəhmət çəkin, gəlin və pul salın.

Xəstələnənlər və Bakıda olmayanlardan başqa hamısı üçə getmişdi, tam, yarım dərs yükü olan müəllimlər iyirmi-otuz, texniki işçilər on manat salmışdılar. Beş manat salan da varıydı, bilirdilər ki, direktor az maaş alanlardan bundan artığını uman deyil, “spisoka” (siyahıya) baxıb öz-özünə: “Yenə qənimətdi,” - deyəcək.

Atasının qırxı çıxmamış Zeynalı işdən çıxartdılar. Sən demə, “tülkü” Zeynal əvvəlcədən bilirmiş ki, atacaqlar onu işdən, iki daşın arasında dədəsinin ölümünü pul yığmaq üçün qənimət bilmişdi. Hətta bilə-bilə ki, gələnlər ürəyində kollektiv şəkildə dədəsinin goruna söyəcəklər.

Danışırlar ki, Zeynal o qədər acgözüymüş ki, səkkiz martda da müəllimlərdən pul yığırmış. Müdirinin bu “təşəbbüsünü” müavini ilk dəfə eşidib ondan soruşanda ki, bəs, müəllimlərə bunu necə izah edim, utanmadan birbaşa deyibmiş: “De ki, mən kişi də olsam, evdə arvadım var”. Bu heyrətamiz açıqlamadan sonra müəllimlər hər səkkiz martda iyirmi, otuz manatdan atışıb direktorun, pardon, onun arvadının bayramını təbrik edirdilər.

Zeynaldan sonra əlli iki yaşlı Gülarəni məktəbə direktor qoydular. İlk illər insaflı adam kimi göstərirdi özünü, - birinin şəri düşəndə, ya müəllimlərdən kiminsə əzizi ağır xəstələnəndə dərsə gəlməyən işçiyə güzəşt edirdi. Kollektivdən kimsə xəstə düşəndə, müavinə onunla maraqlanmağı tapşırırdı. Amma əksər məktəb direktorları kimi mövsümdə iç üzü açıldı.

Gülarə sentyabrda hər müəllimdən yüz manat alıb on iki saat dərs verir. Pul verməyənlər altı, səkkiz saat dərs yükünə şükr etməli olurlar, onların da maaşı edir səksən, maksimum yüz manat. Oktyabrda isə direktor xanım utanmaz-utanmaz bəzi siniflərdə şagirdlərin sayının az olduğunu, guya siniflərin bağlanma təhlükəsi olduğunu bəhanə edib, bir daha bu siniflərdə işləyən müəllimlərin hərəsindən əlli manat yığıb, sinifləri bağlanmağa qoymur.

Ondan əvvəl Zeynal başqa cür ağ eliyirdi. Müəllimlərdən pul alıb, hərəsinə on altı-on səkkiz saat dərs verirdi. Sentyabrda dərslər başlayanda məlum olurdu ki, onun saatından kəsib buna, bunun saatından kəsib bir başqasına verib və beləliklə, müəllimlər qalırdı on-on iki saat dərslə.

Gularə “haqq” yığmaq məsələsində öz məssəbiylə ədalət tərəzisini düz çəkməyə çalışır. Məsələn, elə olub ki, az dərsi olan müəllim ona ad günündə on manat verəndə, pula azımsadığına görə yox, az maaş almasına görə müəllimin pulunu geri qaytarıb.

Amma elə ki, mövsüm başladı, müdirə xanımın əhvalı dəyişir, - altı oktyabr “Müəllimlər günü”, yeni ilə yaxın, səkkiz mart, son zəngə yaxın, bir də ad gününə bir neçə gün qalmış kollektivin diliylə desək, “itə dönür”, bu əhval dəyişmə müəllimlər üçün bir növ xəbərdarlıq, qabaqdangəlmişlik olur, - yəni, hazırlaşın, əliniz cibinizdə olsun. Pıçhapıç başlayır müəllimlər arasında. “Bu niyə belə eliyir? Onsuz da verən verəcək, verməyən verməyəcək”.

Gülarənin mövsüm qayğıları içərisində qadınlar bayramının xüsusi yeri var, ən həssas yeridir onun. Artıq martın birindən dəhlizdə tez-tez görünməyə başlayır, dərs vaxtı sinif otaqlarına girib müəllimin gündəliyinin, proqramının yerində olub-olmamasını soruşur, əslində, bunu yoxlamağı normaldı, amma Gülarə yalnız mövsüm ərəfələrində bunu edir. Müəllimlərin yanından keçəndə şagirdlərdən pul yığanlara da, yığmayanlara da əjdaha kimi od püskürür: “Haramınız olsun, yığdıqlarınız haramınız olsun”.

Doqquz, on birinci siniflərə girəndə dərsdə iştirak etməyən uşaqların siyahısını soruşur, elə uşaqların yanında qışqıra-qışqıra müəllimə: “İkilərini yazın gəlmiyənlərə, rədd olsunlar!” - əmri verir. “Qayıb” yox ha, “iki”. Amma ilin sonunda Gülarə xanım ”iki yaz” əmrini verdiyi müəllimləri kabinetinə çağırır, jurnalı açır, səsinin həlim yerinə salıb iki yazılan iki-üç şagirdin adını, soyadını göstərib: “Məllimə, zəhmət olmasa, bunların hərəsinə bir-iki “beş” at. Ya da “beş” demirəm, heç olmasa, bunlara “dörd” çıxarda bilərsən illiyə?” Müəllim də “Baş üstə!” - deyir, başa düşür ki, direktor artıq şagirdlərin ata-analarıyla sövdələşib.

Zeynal, əri, əzizləri arasında şəhid olan kadın müəllimələrə (qadına “kadın” deyən kişilərdən idi) xüsusi hörmətlə yanaşırdı. Yəni onlardan çox “hörmət” ummurdu, mövsüm məsələlərində onlara güzəştə gedirdi. Maksimum avqustda dərs bölgüsü vaxtı ona uzadılan “hörmət” əlini (əlli manatı) geri qaytarmırdı, məsələn, bayram “ödəmələrindən” azad idi şəhid arvadı Şəhla.

Hətta bir dəfə Şəhla xanım otuz manata ətir alıb səkkiz martda Zeynala verəndə direktor çaşmışdı:

- Ay qız, nə əziyyət çəkirdin, bu mənim bayramım deyil axı?

Şəhla da bilməmişdi nə desin, necə desin ki, səkkiz martda o biri müəllimlərdən pul yığırsız arvadınız üçün. Amma:

- Yoldaşınızı təbrik edərsiz mənim adımdan, - demişdi.

- Verən əli qaytarmazlar, - irişə-irişə Zeynal axırda ətiri götürmüşdü.

...Şəhla ərinin Qarabağda şəhid olmasından (on yeddi yaşında gəlin köçmüşdü), iyirmi il sonra qızını ərə verib, dul bir kişiylə ailə qurdu. Bir müddət sonra Şəhla Zeynalın onunla soyuq danışdığını hiss etməyə başladı. Dərdini altmış iki yaşlı Təranə xanıma açıb dedi ki, bəs, son vaxtlar Zeynal müəllim mənimlə soyuq danışır, salamımı güclə alır, dəhlizdə məni görəndə çox vaxt özünü görməməzliyə vurur. Başa da düşəmmirəm ki, nə günah eləmişəm bunun qabağında.

Səhərisi gün Təranə müəllimə direktorun otağına girib məsələni direktora anlatdı, axırda da dedi ki, Şəhla xanımın xətrini bütün kollektiv istəyir, o, neyləyib ki, sizin gözünüzdən düşüb. Barmağını gicgahına söykəyib müdrik görkəmi alan Zeynal bir qədər fikirləşəndən sonra dilləndi:

- Özü göndərib səni yanıma?

- Yox, özü göndərməyib, dərdini mənə dedi, mən də istədim kömək edəm ona. Hələ əksinə məndən xahiş elədi ki, nə badə bunu Zeynal məllimə deyəsiz ha.
Axırıncını özündən uydurdu, əslində Şəhla birbaşa xahiş eləməsə də, özü dərdini Təranə xanıma açmışdı ki, o da gedib məsələni direktora çatdırsın.

- Təranə məllimə, bilmək istiyirsizsə, bu məktəbdə mənim ən çox hörmət elədiyim məllimələrdən biri olub Şəhla. Son vaxtlaracan, amma o hərəkətindən sonra zəhləm getdi ondan.

- Nə hərəkət? – Təranə müəllimə dərindən udqundu bu sualı verəndə.

- Nə hərəkət, bu yaşında ərə getməyi. Söhbət heç yaşda da deyil, əri Qarabağda şəhid olan, on səkkiz yaşında bir qızı olan kadının ərə getməsi sizcə normal şeydi?
Əslində, Təranə müəllimə direktordan pafoslu çıxış gözləyirdi, amma bu dərəcədə də yox, direktorun tonundan elə çıxırdı ki, sanki Şəhla cinayət edib. Təranə xanım udqunub bir təhər dilləndi:

- Zeynal məllim, bilirsiz, sizə hörmətim var, - ona heç kim hörmət etmirdi, - amma bu qədər sərt olmayın, Şəhla neyniyib ki, ərə gedib də, pis yola düşməyib ki?

- Yox bir, bircə o qalmışdı.

- Yox da, axı neyəyib o, iyirmi il gözləyib, işliyə-işliyə halal zəhmətiylə tərbiyəli qız böyüdüb, el adətiylə köçürüb, otuz yeddi yaşı var, cavan gəlindi, indi də ərə gedib də, burda nə pis iş var axı?

Zeynal nifrət-kin dolu nəzərlərini zillədi Təranənin sifətinə:

- Təranə məllimə, nənəmin, atamın anasının Böyük Vətən Müharibəsi başlayanda dörd uşağı varıydı, iki qız, iki oğlan. Babam müharibəyə gedəndə, siz də məni bağışlıyın, atam nənəmin qarnındaydı. Qırx üçdə Stalinqraddan qara kağızı gəldi babamın. Kəndin ən gözəl, xanım-xatın gəliniydi nənəm, müharibə qutarandan sonra nə qədər elçi düşən oldu, hamısına yox dedi. Qızların ikisini böyüdüb ərə verdi, dədəmi, əmimi böyüdüb ikisini də boğazından kəsib institutda oxutdurdu. Amma kənddə bir kişinin üzünə çönüb belə baxmadı. Belə qadınlar olub e. Sən də deyirsən, Şəhla neyniyib ki.

Təranə isə qulaq asa-asa ürəyində gülürdü direktora: “Tökülmüşdü elçi düşənlərin sayı. Dörd uşaqla o cür aclıq dövründə kimiydi sənin nənəni alan, lap dünya gözəli olsa belə”. Və axırda direktor deyəndə ki, Şəhlanı işdən çıxartmaq istəyir, Təranə heyrətdən əlini ağzına aparmışdı. Qısası, ağbirçək statusu almış Təranə direktoru bir təhər axmaq planından daşındıra bildi və Şəhla hələ də tarix dərsini deməyinə davam edir. Elə bilməyin ki, direktorun Şəhlaya gözü-zadı düşmüşdi. Yox, sadəcə, özü biologiya müəllimi ola-ola həzm edə bilmirdi ki, illərdi bioloji ehtiyaclarını boğan qəşəng Şəhla başqa bir kişiylə gecələr sevişə bilər.

Vaxtilə Zeynalın şəhid ailəsinə bir “yaxşılığı” da dəymişdi, - başqa müəllimlərə yaxşı kabinetləri beş yüz manata satdığı halda, Şəhlaya xəritəli, bütün dövrlərə aid şəkilli, heykəllər, skeletlərlə dolu tarix fənni kabinetini pulsuz vermişdi. Elə bunu da yadına salanda direktor heç cür keçmiş şəhid arvadının ərə gedib sevişməsini həzm edə bilmirdi və çox güman ki, yataq səhnələrini xəyalından uzaqlaşdırırdı.

Təranə müəlliməylə söhbətdən sonra hirsi soymayan Zeynal Şəhlanı kabinetinə çağırdı. Danladı, öz məzhəbində başa saldı ki, bəs, düz eləməmisən-filan, adətimiz-ənənəmiz var. “Barı qızından utanaydın,” – deyəndə Şəhla az qala günahkarcasına, utana-utana bunları dedi: “Zeynal məllim, elə qızım məcbur elədi məni, dedi mama mən gedəndən sonra niyə evdə tək qalasan? O ki, qaldı adət-ənənəyə, vallah, mən adətdən kənar bir iş tutmamışam, elə dədə-baba qaydasıyla adətlə olub hər şey” Direktor axırda hirsini pulsuz verdiyi tarix kabinetini Şəhlanın əlindən almaqla soyutdu. “Canın çıxar, adi sinifdə dərs keçərsən,” – mühüm qələbə əldə etmiş birisi kimi fikirləşdi.

Gülarə müəllimə artıq dörd il idi, direktor işləyirdi. Aprelin iyirmi biri, təyin olunduğu gün müavini vasitəsilə kollektivə, - bu dəfə texniki işçilər xaric, - növbəti notasını göndərdi: “Neolitdə direktor təyin olunmağımın yubleyini keçirəcəm. Sizləri dəvət edirəm”.

“Ay qız, bunun başı xarab olub, deyəsən. Dörd il nə vaxtdan yubiley oldu?”, “İşimiz var da, bu dörd illiyi Neolitdə keçirirsə, yəqin beş illiyini Buta Palasda keçirəcək” - bu cür pıçhapıçlar başladı müəllimlərin arasında. Şifahi göndərilən notanın P.S.-sı isə beləydi: “Yerin biri otuz beş manat, yəni mayası bu qədərdi, ən azı, əlli manat salmaq lazımdı yubleyimə”.

Gülarənin Neolitdə “töycü yığma” planı əvvəlcə baş tutmadı. Məsələ burasındadı ki, direktorun “dəvət” notası müəllim kollektivi arasında yayılandan sonra rus bölməsinin müəllimləri öz aralarında söz qoydular ki, Neolit restoranına getməsinlər. Sözlərini üstündə durdular və Gülarə hesab elədi ki, əməlli-başlı ziyana düşüb. Əslində ziyana-zada düşməmişdi, Neolitə gələn yeddi-səkkiz qorxaq müəllimin hesabına mayadan on-on beş manat qabağa düşmüşdü, sadəcə, istədiyi pul əlinə gəlməmişdi deyə bu, onunçün elə ziyana bərabər bir şey idi.

Dünyanın biciydi Gülarə, tezliklə, “vəziyyətdən” çıxış yolu tapdı. Neolitdəki yemək-içməkdən bir ay sonra şənbə günü, kollektivi, texniki işçilər daxil məktəbin yeməkxanasına çay süfrəsinə dəvət etdi. Şifahi “nota”da yenə yubiley məsələsi xatırlanırdı, yəni əliniz cibinizdə, “kaşlyokunuzda” (pul kisənizdə) olsun. Üstəlik, notaya belə bir əlavə formasında minnət də çatdırdı müəllimlərin qulağına: Mən məktəb direktoru tanıyıram ki, ipotekayla kondisioner, plazma televizor alıb, kreditin faizini aybaay müəllimlərdən çıxır. Yəni bir növ, mən ondan şükürlüyəm, ona görə zəhmət çəkin, gəlin ad günümü təbrik edin, mən hər il sizi ad günü məclisinə çağırmıram ki, hərdən bir, üstəlik, yubiley. Dörd il işləməyimin yubileyi.

“Nə utanmaz sırtıq adamdı”, “Zeynal bundan şükürlüydü”, “Kakaya ona naqlaya” (“Necə də sırtlıq adamdı”), - deyə-deyə bu dəfə rus bölməsinin də müəllimləri suyu süzülə-süzülə çay süfrəsində on-iyirmi manatdan atışıb məktəbin bufetinə gəldilər. “Çudo peçka”dan hərəsi otuz manata alınmış tortlar, Moskvanın Babayev zavodunun karamelləri, şokoladlalrıyla çay içə-içə (yeri gəlmişkən, tortlar da, konfetlər də direktorun puluyla deyil, bir-iki qorxaq və yaltaq müəlimin ərinin puluyla alınmışdı) əvvəlcə direktorun monoloqunu dinlədilər. Gülarə xanım otuz ildən çoxdu neçə-neçə məktəblərdə müxtəlif vəzifələrdə çalışdığını, amma bu cür mehriban, gözəl kollektivlə heç bir məktəbdə rastlaşmadığını söylədi. “Yalansa başın batsın”, “Ən çox pul yığa biləcəyin kollettivlə rastlaşmısan”, “İnanan daşa dönsün” - kimi pıçhapıçlar isə Gülarənin bir qulağından girib o birindən çıxırdı. Vecinə də deyildi, bilirdi ki, Neolit planını uğurlu sonluqla bitirə bilib. Hamı dağılışandan sonra səbəbkar utanmaz-utanmaz tərbiyə işlərinə baxan müavinindən “qarnı yekə” konverti təhvil alıb elə onun yanındaca açdı.

Kollektiv acığa masanın üstündə nə var, hamısını silib, süpürmüşdü. Qəndqabılarda qənd, iki-üç sümürmə konfet qalmışdı. Yeyə bilmədikləri şokolad, karamelləru, müəllimlər, süpürgəçilər çantalarına doldurmuşdular.

Və günlərin bir günü təhsil naziri belə bir qərar verdi: altmış beş yaşa çatmış müəllimlər şələ-şüləsini yığışdırsınlar, yavaş-yavaş yollansınlar evlərinə. Təqaüd pulunun gülünc olduğunu bilən o yaşı iki-üç ay sonra keçmiş çatan Qalibə və Təranə müəllimlər çox ümid edirdilər ki, Gülarə heç olmasa bir müddət yaş məsələsini “yaddan çıxardar”, təbii ki, vaxtı-vaxtında “haqqını” almaq şərtiylə.

Bu xəbərə hamıdan çox sevinən “praqmatik və qanunpərəst” direktor isə onları elə vaxtı-vaxtında da təqaüdə yola salmaq qərarına gəldi, üstəlik, vida mərasimi təşkil elədi.

Qalibə acıq eliyib ümumiyyətlə, mərasimə gəlmədi. Altmış beş yaşı iki ay əvvəl tamam olmuş Təranə müəlliməyə məktəbin akt zalında söz veriləndə bunları dedi:

- Əziz müəllimlər, mən qırx ildən çoxdu pedaqoji sahədə çalışıram, dörd məktəbdə işləmişəm, fəxri adlar almışam, dərs deiyim şagirdlər arasında professorlar, həkimlər, nazirlikdə işləyənlər var. İndiyə qədər hörmətimi saxlayırlar, ildə bir dəfə, iki ildən bir gəlib halımı soruşan şagirdlərim var. Demək istədiyim odu ki, işlədiyim yerdə istər kollektivdən, istərsə də şagirdlərimdən daima hörmət-izzət görmüşəm, buna görə də Allaha şükr eləmişəm həmişə. Amma açığı, sizə deyim ki, mənim birdən-birə təqaüdə göndərilməyimi ömrümdə özümə qarşı edilmiş ən böyük hörmətsizlik hesab edirəm.

Zalda bir uğultu yarandı. Direktorsa qaşını belə tərpətmədi, guya müdriklik edirdi.

- ...Hamıya uğurlar arzu edirəm, bu məktəb divarlarını isə böyük ürək ağrısıyla tərk edirəm, - deyib tribunadan düşdü və qapıya doğru getdi.

- Onun gülünü apar ver, - direktor yanındakı müavinə dedi.

Müavin masanın üstündəki qızılgül dəstəsini götürüb dabanbasma zaldan çıxdı. Az sonra suyu süzülmüş geri döndü, əlindəki gül dəstəsini masanın üstündə Qalibə müəllimə üçün alınmış gülün yanına qoydu. Sual dolu baxışlarını direktorun üzünə zillədi, yəni “Gülləri neniyim?”

Gülarə xanım gül hayında deyildi, əksinə sevinirdi ki, Qalibə öz vida mərasiminə gəlməyib, Təranə isə sərt danışdı, kobud danışmadı, onu, bu qanunu verən naziri təhqir eləmədi çıxışında. “Bu cür çıxış onsuz da bir müddət sonra yadından çıxacaq müəllimlərin,” – Gülarə fikirləşirdi.

Gülarə indi boşalmış iki müəllim yeri üçün variantlar və sövdələşmələr haqqında düşünürdü, nə qədər alacağı, nə qədər yuxarılara ötürəcəyi kimi sualların əlində girinc qalmışdı. “Eybi yox, bir iki-günə bir qərara gələrəm”.

- O gülləri qıza verib deyərsən otağımdakı vazama qoysun, içini də su ilə doldursun, - nəhayət, gözü güllərə sataşan direktor müavininə tapşırdı.

10 mart, - 3 iyul, 2013,
Ankara – Bakı

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG