Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:48

Yaxın Şərq epidemiyası dünyaya yayıla bilər


-
Nüfuzlu «Foreign Policy» məcmuəsində Laurie Garrett və Maxine Builder yazırlar ki, Səudiyyə Ərəbistanında qorxulu virus dolaşır. Bir azdan bütün dünyadan 6 milyon zəvvarın bu ölkəyə axışacağını gözə alsaq, nəticə fəlakətli ola bilər.
14-cü əsrdə «qara ölüm» Ərəbistan əhalisinin üçdə birini yer üzündən siləndə də İslam dünyasını qorxulu virusa zəvvarlar yoluxdurmuşdu.
Yaxın Şərqi bürüyə biləcək yoluxucu xəstəliyin artıq elmi adı da var: Yaxın Şərq tənəffüs yolları sindromu (Middle East respiratory syndrome - MERS-CoV).
Bu yeni virusu 2012-ci ilin martında İordaniyada üzə çıxarıblar və laboratoriya analizləri indi bu virusa 77 adamın yoluxduğunu təsdiqləyir. Xəstələrdən 62 nəfəri Səudiyyədə olmuşdu. Bunlardan da 34-ü artıq ölüb.
Hələ sarsıdıcı miqyasa çatmasa da, virusun doğurduğu narahatlıq danılmazdır. Bu narahatlığı ən çox yaşayan elə Səudiyyə Ərəbistanının özüdür.
HƏCC – DÜNYANIN ƏN BÖYÜK MİQRASİYASI
Məkkə

Məkkə

Bu payız yenidən dünyanın ən böyük miqrasiyası baş verəcək. Milyonlarla müsəlman Məkkə, Mədinə və Səudiyyə Ərəbistanının başqa müqəddəs yerlərinə üz tutacaq.
2012-ci ildə 6 milyon adam Səudiyyə Ərəbistanında səfərdə olub. İndi bu rəqəmin daha böyük olacağı gözlənilir.
Milyonlarla insan müqəddəs Kəbənin ətrafında dövrə vuracaq. Bu o deməkdir ki, ölümcül virus qısa müddətdə çox geniş yayıla bilər.
Xəstəliyin təbiəti hələ tam öyrənilməyib. Mənşəyinin bilinməməsi bir yana, necə yoluxduğu da tam bəlli deyil.
Bəlli olan budur ki, MERS ölümcüldür və onun öldürmək reytinqi 55 faizdir. Bu, həmin virusun yaxın qohumundan – Tənəffüs Yollarının Kəskin Sindromundan (severe acute respiratory syndrome-SARS) daha təhlükəlidir. SARS 2003-cü ildə səfərə çıxanlar arasında vahimə yaratsa da, o zaman ölənlərin faizi 9,6 oldu. Yəni hər 10 xəstədən, uzağı, biri həyatla vidalaşdı.
MERS daha yeni virusdur və insanın immun sisteminin hazırlıqsız yaxalanması şəraitində daha ölümcül ola bilər.
ADİ ÖSKÜRƏYİN XOFU
MERS də SARS kimi yaxın məsafədən hava vasitəsilə yayılır. İnsanın ağ ciyərlərinə daxil olan virus onların normal fəaliyyətini pozur. O qədər ağır vəziyyət yaranır ki, yoluxanların, ən azı, 12 gün süni tənəffüs maşınına qoşulması lazım gəlir. Üstəlik, SARS-dan fərqli olaraq, MERS virusu böyrəklərə də keçir və yoluxmanın sidiklə yayılma ehtimalı artır.
Kəskin MERS-dən sağ-salamat çıxanlar uzun illər sağlamlıqlarının bərpasına çalışmalı ola bilərlər.
2003-cü ildə həkimlər Səudiyyə Ərəbistanına səfərə çıxanların təyyarələrdə - kiçik bir məkanda təmasından rahatsızlıq duyurdular. Ancaq MERS həcc zamanı daha geniş miqyasda yayıla bilər.
Dünya müsəlmanları Səudiyyə krallığına axışdığından pandemiyanın önünü almaq son dərəcə çətinləşəcək.
MERS artıq qitələri aşıb. Fransa, Almaniya və Britaniyada ilk yoluxma halları təsdiqlənib və yoluxanların ən birinciləri Yaxın Şərq səfərindən dönənlərdir.
Zəvvarların sağlamlığına, ənənəvi olaraq, Səudiyyənin kral ailəsi məsuliyyət daşıyır. Krallığın Səhiyyə Nazirliyi bu virusa qarşı səfərbər edilib.
Nazirlik zəvvarların öz ölkələrindən gətirə biləcəkləri xəstəliklərə, məsələn, poliomielitə də hazır olmalıdır.
Səudiyyə həmin xəstəliyin kökünü 1995-ci ildə kəsmişdi, amma 2004-cü ildə xəstəlik yenidən «idxal» edildi.
Narahatlıq doğuran budur ki, Pakistanda dolaşan polio virusuna bənzəyən viruslar bu il Qahirədə və İsraildə qeydə alınıb.
SƏUDİYYƏ KRALLIĞI ZƏVVAR AXININI AZALTMAĞA ÇALIŞIR
Nə qədər riskli olsa da, Dünya Səhiyyə Təşkilatı (DST) və rəsmi ər-Riyad zəvvarları bu ağır durumdan xəbərdar etməyiblər.
Düzdür, Səudiyyə Ərəbistanı zəvvarların sayını 20 faizdən 50 faizədək azaltmaq üçün müəyyən viza prosedurlarına başlayıb. Hətta görünməmiş hal baş verib: Səudiyyə, müqəddəs yerlərdə gedən yenidənqurma işləri ilə əlaqədar, potensial zəvvarları Həcc ziyarətini ertələməyə çağırıb.
Sözsüz ki, zəvvar sayının azaldılması MERS virusunun yayılmasını bir qədər əngəlləyə bilər. Ancaq bəzi zəvvarlar Həcc səfərlərini təxirə salsa da, bu, virusun yayılmamasına təminat verə bilməz.
MİQRANTLAR
Arxiv foto

Arxiv foto

2013-cü il aprelinədək olan məlumata görə, Səudiyyədə təxminən 7,5 milyon miqrant çalışır.
Qeyri-rəsmi çalışan yüz minlərlə miqrant buraya daxil deyil. Onlar, əsasən, İndoneziya, Pakistan və Filippindən gəlirlər. Yerli sakinlərə iş yeri açmaq üçün Səudiyyə rəsmiləri mümkün qədər çox əcnəbini deportasiya etməyi planlaşdırırlar. Belə insanların MERS epidemiyasına olası «töhfəsi» bir sıra başqa müsəlman ölkələrində narahatlıq doğurub.
Məsələn, Filippin hökuməti Manila hava limanında Səudiyyədən gələnlərə məcburi tibbi müayinə təyin edib.
SARS epidemiyası zamanı DST Çin hava limanlarından keçənlər üçün bədən hərarətinin yoxlanmasını məsləhət görmüşdü.
Burası da var ki, hələlik, nə Filippində, nə də İndoneziyada MERS virusunun qeydə alındığı barədə xəbərlər yayılmayıb.
SURİYA QAÇQINLARI
Milyonlarca suriyalının qaçqın düşməsi də MERS-in yayılmasına səbəb ola bilər.
DST də yoluxucu xəstəliklərin suriyalı qaçqınlar arasında yayılma ehtimalından narahatlığını dilə gətirib.
Hələlik, MERS virusuna qarşı vaksin hazırlanmayıb. Müalicə vasitələri də dəqiq bilinmir. Başqa bir çətinlik də odur ki, xəstələrin müalicəsinə çalışan tibb personalı da özünün yoluxmamasının qayğısına qalmalıdır.
Məhz bu səbəbdən texnoloji baxımdan daha hazırlıqlı xəstəxanalarla müqayisədə Suriyadakı səhra hospitalları təhlükəyə çox az hazırlıqlıdır.
DST Səudiyyə Ərəbistanın mümkün epidemiyaya hazırlığını bəyənsə də, ölkənin bu problemi öz gücü hesabına çözə biləcəyi əməli baxımdan imkansız görünür.
PATENT MƏSƏLƏSİ
Ötən yay Hollandiyanın Rotterdam şəhərindəki Erasmus Tibb Mərkəzinin həkimlər qrupu Səudiyyə Ərəbistanında - Ciddədə çalışan misirli həkimdən iki xəstəyə aid analiz nümunələrini almışdı.
MERS-in DNT-sini müəyyənləşdirən hollandlar nümunələri öz mülkiyyətləri elan ediblər.
İndi MERS problemi ilə məşğul olan alimlər analiz nümunələrini ya birbaşa Səudiyyə Ərəbistanından almalı, ya da Erasmusa üz tutmalıdırlar.
Bütün bunlar xəstəliyin mümkün pandemiyası şəraitində hüquqi əngəllər yarada bilər və DST buna görə artıq Erasmusu tənqid edib.
Üstəlik, DST-nin öz problemləri də var. Bu qumun 2013-cü ilin 2-ci yarısı üçün cəmi 10 milyon dollar vəsaiti qalıb.

Sayta hazırladı: Zülfüqar Rüfətoğlu

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG