Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:00
-
«Zahid Dünyamalıyev dedi ki, bu iş kobud olduğu qədər incə bir işdir. Belə işlərdə çox danışanın ağzından vurarlar». – Elsevər Abdullayevin bu sözləri iyulun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində dilə gətirib. O, 2003-cü ildə müəmmalı şəkildə yoxa çıxmış keçmiş MTN işçisi Mahir Abdullayevin qardaşıdır.

«GENERAL DANIŞDIQCA BİZ ƏSİRDİK»

Məhkəmə Mahir Abdullayevin qaytarılması üçün onun qardaşlarından 1.5 milyon dollar almaqda təqsirləndirilən işadamı, «İnşaat Servis -2002» MTK-nın sahibi olmuş Arzu Kazımovu mühakimə edir. Bu iş üzrə şahid kimi dindirilən Elsevər Abdullayev Baş Prokurorluqda ittiham prokuroru çalışır. O, elə prokuror geyimindəcə qardaşının oğurlanmasında daxili işlər nazirinin birinci müavini olmuş mərhum general Zahid Dünyamalıyevi və işadamı Arzu Kazımovu günahkar bilir:

«Qardaşım yoxa çıxandan sonra gördük ki, heç kəsin vecinə deyil, sanki toyuq oğurlanıb. Başa düşdük ki, nədirsə, çox ciddi məsələdir. Prezidentin əmisi Aqil Əliyevlə Elşadın yaxşı münasibəti vardı. Getdik o kişinin yanına, başımıza gələnləri danışdıq. O da telefonu götürüb Ramil Usubova zəng vurdu və tapşırdı ki, Beynəlxalq Universitetin rektoru yanına gələcək, dinlə, nə kömək lazımdırsa et. Ertəsi gün Ramil Usubov bizi qəbul elədi və Mahirlə bağlı çoxlu sual verdi, cavablarımızı dinlədi. Saatyarımdan çox söhbətləşdik. Sonra düyməni basdı, birinci müavini rəhmətlik Zahid Dünyamalıyevi kabinetə çağırdı. Dedi ki, bu kişi universitet rektorudur, qardaşı yoxa çıxıb, bu məsələdə nə kömək lazımdırsa, et. Zahid müəllim də bizi apardı otağına, çay verdi. Ancaq nazirdən fərqli olaraq bizə hədə-qorxu gəlməyə başladı. Dedi, belə işlər kobud olduğu qədər incə işlərdir. Yadınızdadırsa, «sığorta Mamed»in də oğlunu oğurlamışdılar. Səslərini çıxaran kimi qulağını kəsib göndərdilər. Belə məsələlər qapalı qalmalıdır, danışanın ağzından güllə vurarlar. O, danışdıqca biz əsirdik».

«DEDİ, ORTADA 10 ADAM VAR, HƏRƏSİ 1 MİLYON İSTƏYİR»

«Bir dəfə Elşad, mən və qardaşım Eldəniz universitetdən çıxanda bir qadın Elşadı səslədi. Ayaq saxladıq, bizə yaxınlaşıb dedi ki, Elşad müəllim, Mahirlə bağlı söhbətim var. Biz aşağıda qaldıq, Elşad qadınla öz otağına çıxdı. Bir azdan qayıdanda dedi ki, bu qız Arzu adında bir işadamını tanıyır. Deyir ki, həmin adamın yaxşı əlaqələri var. Tez bir zamanda Mahiri tapmaqda bizə kömək edə bilər. Beləliklə, Rövşanə adlı həmin qadın Elşadla Arzunu tanış etdi. Məlum oldu ki, Arzunun doğrudan da yaxşı əlaqələri var. Daxili İşlər Nazirliyinə gedəndə qapıda dayanıb gözləmək söhbəti yox idi, Zahid müəllimin yanına düz keçib gedirdi. Bu adam Zahid müəllimlə birləşib bizdən hissə-hissə – ümumilikdə 3 milyon dollar aldı. Axırıncı pulu alanda söz verdi ki, ertəsi gün Mahiri gətirəcək. Tapşırdı ki, Mahir axtarışda olduğuna görə onu hələlik gizli yerdə saxlamalıyıq. Mənim «İstanbul evləri» deyilən yerdə evim var. Yaxşı mühafizə olunurdu deyə, dedim ki, elə bizə gətirin. Sabahı gün yığışıb gözlədik, deyilən vaxtdan da neçə saat sonra ağ «cip»də gəldi. Ancaq Mahirlə yox, Zahid Dünyamalıyevlə. Dedi ki, Mahiri gətirmək üçün 10 adamdan keçmək lazımdır, hərəsi 1 milyon dollar istəyir. Elşad əsəbiləşdi, dedi bizi ələ salmısan? 3 milyonu almısan, indi də 10 milyondan danışırsan. Pulu qaytar».

«PROKUROR OLSAM DA, ONLARDAN ÇOX QORXURDUM»

«Arzu Kazımovun bir ofisi vardı. Qapısında heç bir lövhə yox idi. Əvəzində qapını gecə-gündüz qoluzorlular qoruyurdu. Biz görəndə ki, Arzunun yanına generallar, MTN rəis müavini Əli Nağıyev, başqa-başqa yüksəkrütbəli adamlar gəlib gedir, sözün düzü, qorxmağa başladıq. Şəxsən mən prokurorluq işçisi olsam da, onlardan qorxurdum. Arxalarında adam oğurluğu ilə məşğul olan çox böyük bir dəstə dayanırdı».

«MAŞINDAKI QIRMIZI LƏKƏLƏRİ NAR LƏKƏSİ BİLDİM»

- Mahir yoxa çıxandan 1 ay sonra Baş Prokurorluqdan çıxıb Bakı Ağır Cinayətlər Məhkəməsinə gedirdim. Daxili İşlər Nazirliyinin yaxınlığında Mahirin maşınını gördüm. Maşınımı saxlayıb düşdüm, gördüm ki, maşın elə bil təzə yuyulub. Zəng vurub Zahid Dünyamalıyevə dedim. Söylədi ki, orda ol, indi adam göndərərəm. Bir azdan idman geyimli iki nəfər gəldi. «Bandotdel»in işçiləri idi. Maşının o tərəf-bu tərəfinə baxdılar. Ehtiyat açarla maşının qapısını açanda, gördük ki, qoltuqaltına yaxın iri sarı tüklər, salonun içərisində qırmızı ləkələr var. Mən qan ləkəsi olduğunu heç ağlıma da gətirmək istəmədim. Düşündüm, bəlkə nar ləkələridir. Maşını əvvəl avtodayanacağa sürüb apardıq, ordan da aparıb qoyduq həyətimizə. İndiyə kimi də ordadır. Maddi sübut kimi qoruyuram.

Hakim:

- Bəs maşın tapılanda ekspert çağırmadınız?

- Yox. Daha general səviyyəsində adama zəng vurandan sonra düşündük ki, özləri hamısını həll edəcəklər.

- Ancaq maşını illərlə toz içində saxlayıb qorumaqdansa, ekspert çağırıb müayinə etdirsəydiniz daha yaxşı olardı.

Vəkil Ramiz Zeynalov:

- Uzun sarı saç tükləri deyəndə bilirik ki, siz müğənni Mətanət İsgəndərliyə işarə edirsiz. Bu başqa söhbətdir. Siz bilirdiniz ki, qardaşınızın yoxa çıxması ilə bağlı adam oğurluğu maddəsi ilə cinayət işi başlanıb. Niyə maşının tapılması barədə istintaqa xəbər vermədiniz?

- O boyda generala demişdik.

Hakim:

- General əməliyyata rəhbərlik edir. Siz özünüz ittiham prokurorusunuz, təcrübəniz var, axı. İstintaqı aparan başqadır, əməliyyatı həyata keçirən başqa.

Vəkil:

- Siz prokurorluq işçisisiniz. Necə yəni qırmızı ləkələri görəndə fikirləşdim ki, nar ləkəsi olar. Bir tərəfdən qardaşınızın oğurlanması faktı ilə bağlı cinayət işi başlanır, o biri tərəfdən də onun yoxa çıxmasından 1 ay 4 gün sonra küçədən tapdığınız maşındakı izləri nar ləkəsinə bənzədirsiniz. Bunu necə başa düşək?

- Hər halda mən Mahirin öldürülməsini özümə yaxın buraxmaq istəmirdim.

«3 MİLYONU ALANDAN SONRA ÜZLƏRİ DÖNDÜ»

- Arzuyla Zahid Dünyamalıyev 3 milyon dolları alandan, biz aldadıldığımızı anlayandan sonra zənglərimizə cavab vermir, telefonu söndürür, bizi yaxına buraxmırdılar.

Hakim:

- Siz özünüz qardaşınıza görə nə qədər pul vermisiniz?

- 50 min manat. Dedilər, Mahiri gətirməlidirlər, pulu çatdırmaq lazımdır, pul çatmır. Mən də 50 min verdim.

«ELŞAD VİDEONU YAYANDAN SONRA ƏRİM MƏNİ BOŞADI, QARDAŞIM ÖLDÜ»

Sonra şahid kimi Rövşanə Arazxanlı ifadə verdi:

«1998-ci ildən Eldəniz Abdullayevi tanıyırdım. Yaxşı münasibətlərimiz vardı. Söz vermişdi ki, məni universitetə müəllim götürəcək. Elşad Abdullayevi isə qiyabi tanıyırdım. Məni bu oyunlara Eldəniz saldı. İndi dili tutulub. Bir gün açılar, özü hər şeyi danışar. Mahir itəndən sonra Eldəniz mənə yalvardı ki, «Gənclik»də – siz tərəflərdə bir milyarder naxçıvanlı yaşayır, əvvəllər iki dəfə deputat da seçilib. Hər gün görürəm ki, «Neftçi»nin bazasından Zahid Dünyamalıyevlə birlikdə çıxır, deyirlər yuxarılarla yaxşı əlaqələri var, bizi tanış et, həm Elşad onunla biznes qursun, həm də Mahirin işində bizə kömək etsin. Arzuya zəng vurdum, dedim belə adamlar var, tanış olmaq istəyirlər. Sonradan bir-birlərindən nə alıb, nə veriblər, mənsiz olub. Daha sonra Eldəniz başladı məni sıxışdırmağa. Onlarla birlikdə ekstrasens yanına, ocaqlara gedirdim, dualar edirdim ki, Mahir tapılsın. Əvəzində isə Elşad otağına çağırdı, məni videoya çəkdi. O bu videonu yayandan sonra ərim məndən rəsmən boşandı, qardaşım dözmədi, dünyasını dəyişdi».

Şahid bildirdi ki, Arzu Kazımovla Elşad Abdullayevin münasibətləri korlanandan sonra hədələrə məruz qalıb:

«Mənim dalımca maşın salmışdılar, qorxudan küçəyə də çıxa bilmirdim. Eldəniz məni hədələyirdi, deyirdi ki, mənlik deyil, Elşad Arzu ilə tanışlığında səni günahlandırır. Evimə neçə dəfə hücum çəkdilər. Axırıncı dəfə Eldəniz məni hədələyəndə dedim ki, hüquq-mühafizə orqanlarına şikayət edəcəyəm. Ondan sonra məndən əl çəkdilər».

Rövşanə Arazxanlı ifadəsini bitirəndən sonra vəziyyəti pisləşdi. Bunu görən hakim ona belə durumda sual verməyin mümkün olmadığını bildirdi. Məhkəmə iyulun 16-dək ertələndi.

İşadamı Arzu Kazımov fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin şikayət ərizəsi əsasında 2012-ci ilin noyabrında həbs edilib. Elşad Abdullayev iddia edir ki, keçmiş dostu olan bu adam 2003-cü ildə itkin düşmüş qardaşı, MTN zabiti Mahir Abdullayevin qaytarılması üçün DİN-dəki yüksəkvəzifəli şəxslərə vermək adı ilə ondan aldığı 1.5 milyon dolları dələduzluqla ələ keçirib. İttihamlar sübuta yetirilsə, işadamını 15 ilədək həbs gözləyir.

Keçmiş rektorun eyni iddiaları əsasında həbs olunmuş Vaqif Hüseyn 4 il azadlıqdan məhrum edilib. Eyni iddialarla həbs olunmuş daha bir neçə nəfər barədə istintaq davam edir.

Şərhləri göstər

XS
SM
MD
LG